Şrift:
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi
25.11.2017 [12:45] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkilləri Prezident İlham Əliyevin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakını bu cür dəyərləndirirlər

Azərbaycanla Şimali Atlantika Alyansı (NATO) arasında ilk təmasların tarixi ölkəmizin bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir. Amma Azərbaycanla NATO arasında məzmunlu tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə qoyulub. Ölkəmizin NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan–NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapıb.

Bu qısa tarixi arayışa əsaslanaraq qeyd edə bilərik ki, Azərbaycan-NATO əlaqələri uzun illərdir mövcuddur. Ölkəmiz terrorçuluqla mübarizə və problemli bölgələrdə sabitliyin bərpası məqsədilə 2002-ci ildən 2014-cü ilədək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) missiyasında, eləcə də NATO-nun Kosovodakı sülhməramlı missiyasında fəal iştirak edib. Hazırda Azərbaycan NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına töhfə verir və 94 azərbaycanlı hərbi qulluqçu Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək üçün xidmət edir. Bu gün Azərbaycan NATO-ya üzv olmayan bir neçə ölkədən biridir ki, Əfqanıstan hökumətinə ciddi hərbi və iqtisadi yardım göstərir.

2016-cı il iyulun 9-da NATO-nun Varşava sammiti çərçivəsində Prezident İlham Əliyev Alyansın etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycanın Qətiyyətli Dəstək Missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcəyini və müxtəlif növ tranzit daşımalarını təmin edəcəyini, bu missiya başa çatdıqdan sonra geniş Davamlı Tərəfdaşlıq Proqramı çərçivəsində töhfə verməyi nəzərdə tutduğunu bəyan edib. Cari il sentyabrın 7-də NATO Hərbi Komitəsinin sədri general Petr Pavel Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yükdaşımalara önəmli töhfə verdiyini, sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlarda göstərdikləri peşəkarlığı yüksək qiymətləndirib. Sentyabrın 26-da isə Azərbaycanda səfərdə olan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ölkəmizin bu təşkilatla etibarlı tərəfdaşlıq etdiyini və Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəsini vurğulayaraq, təmsil etdiyi təşkilat adından Azərbaycana minnətdarlığını bildirib.

Sadalanan faktlar Azərbaycan-NATO əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, rəsmi Bakının NATO sammitlərində ali səviyyədə təmsil olunması Azərbaycanın iqtisadi, hərbi və siyasi baxımdan mühüm beynəlxalq oyunçuya çevrildiyini, Avrasiyada, o cümlədən Şərqi Avropada geosiyasi əhəmiyyətini nümayiş etdirir. Bütün bunlara görə də NATO Azərbaycan kimi tərəfdaşını itirmək istəmir, rəsmi Bakı ilə əməkdaşlığını bundan sonra da davam etdirməkdə israrlı görünür. Qeyd olunanlara daha bir əyani misal olaraq, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlişini, onlar arasında keçirilən görüşü göstərmək olar.

Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Görüşün ardınca mətbuata bəyanatla çıxış edən Y.Stoltenberq Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi formasında verdiyi davamlı dəstəyə görə Azərbaycana, dövlət başçısı İlham Əliyevə minnətdarlığını çatdırıb. Həmçinin Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunların artırılması ilə bağlı qərarına görə, ölkə başçımıza təşəkkür edib. Daha sonra NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edən Prezident İlham Əliyev öz çıxışında ölkəmizlə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Azərbaycan-NATO əlaqələrini şərh edərkən, bu qurumla ölkəmiz arasında səmimi münasibətlər olduğunu dilə gətirib. O bildirib ki, bu münasibət tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir: "Azərbaycanın NATO tərkibində Əfqanıstanda fəaliyyət göstərməsi, Qərb dəyərlərinə üstünlük verməsi NATO-da Azərbaycan haqqında oturuşmuş bir imic formalaşdırıb. Və hesab edirlər ki, Azərbaycanla münasibətlər çox yüksək səviyyədə qalmalıdır. Bəzi Qərb ölkələri Azərbaycan-NATO, Azərbaycan-ABŞ, Azərbaycan–Avropa İttifaqı münasibətlərini pozmaq istəyirlər. Amma göründüyü kimi, hər iki tərəf sayıqdır, səmimi münasibətlər qorunur, Azərbaycana böyük etimad göstərilir. Prezident İlham Əliyevin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı həm bu etimadın, həm də dövlət başçısının nüfuzunun bir daha göstəricisidir”.

Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovda Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etməsini Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi dəyərləndirib. O, bir neçə il öncə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının iki illiyə qeyri-daimi üzvü seçilməsini də təsadüfi saymayıb: "Bunun özü Azərbaycanın çox böyük siyasi nüfuzu, diplomatik qələbəsi idi. Bununla yanaşı, NATO baş katibinin Prezident İlham Əliyevi Brüsselə dəvət etməsi o deməkdir ki, Azərbaycan dünyada böyük nüfuza malikdir, regionda söz sahibidir, regiondakı proseslərə təsir etmək imkanları var, digər tərəfdən Azərbaycan sülh siyasəti yeridir. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi keyfiyyətlərinin də mühüm rolu var. Cənab Prezidentin şəxsi keyfiyyətlərini, siyasi iradəsini, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu və digər amilləri üst-üstə gəldikdə, bu gün dövlətimiz dünya, eləcə də NATO üçün etibarlı tərəfdaş dövlət sayılır”.

Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed