Şrift:
Yaxşı tanıdığım insanlardan biri-Nəcməddin Xələf oğlu Əhmədov
27.11.2017 [09:28] - Gündəm, DAVAMın yazıları
"Tarixə düşən tanıdıqlarım" adlı yeni bir layihə üzərində işləyirəm. Çoxlu materiallar toplamış,faktları dəqiqləşdirmişəm. İlk mövzunu yaxşı tanıdığım insanlardan birinə-Azərbaycan KP Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi Nəcməddin Xələf oğlu Əhmədova həsr etməyi lazım bildim.Bunun bir sıra səbəbləri var; o,qohum-əqrəbamızın yaxşı tanıdığı dostlardan biri idi. Məclislərdə həmişə yada düşürdü.

Bakı şəhərinin inkişafında,yeni-yeni sənaye müəssisələrinin tikilməsində onun böyük xidmətləri vardır.

Sağlığında mən heç vaxt mən şəxsi məsələlərlə əlaqədar olaraq,ona müraciət etməmişəm.Onsuz da xeyri yox idi.Yoldaş Əhmədov hamıya bir gözlə baxırdı.

***



1971-ci ilin,səhv etmirəmsə,may ayı idi.
Bakıdakı ən böyük sənaye müəssisələrinin birinin-leytenant Şmidt adına neft maşınqayırma zavodunun 75 illik yubileyinə geniş hazırlıq işləri görülürdü.

Yubileyin keçirilməsinin ideya müəllifi Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi Nəcməddin Xələf oğlu Əhmədov idi.
Mən o vaxtlar leytenant Şmidt adına zavodun adlı-sanlı tokarlarından biri sayılırdım. Hərdən düşünürdüm ki, zavodda məndən də yaxşı işləyən onlarla gənc olduğu halda,tədbirlərdə niyə ən çox mən çıxış edir, zavodu ölkə miqyasında təbliğ edirəm?
Bunu zavodun yubileyinə hazırlıq günlərində başa düşdüm.
....Zavodda iclas dili rus dili idi. Burada Azərbaycan dilində yaxşı çıxış edənlər,demək olar ki,yox idi. Mən ADU-nun qiyabi filologiya fakültəsinin tələbəsi kimi bu cəhətdən bir çox dostlarımdan fərqlənirdim. Çıxışlarımı həmişə özüm yazırdım, onların redaktəsinə ehtiyac duyulmurdu.
Zavod partiya komitəsinin katibi Təhminə xanım Qiyasbəyova N.X.Əhmədovla razılaşandan sonra zavodun 75 illik yubileyində Azərbaycan dilində çıxış etməyi mənə tapşırdılar.
Çox sevindim. Bu da təsadüfi deyildi.Yubiley tədbiri respublikanın o vaxtlar yeganə olan radio və televiziyası ilə birbaşa translyasiya olunacaqdı.
Çıxışımı Nəcməddin Xələfoviç (o vaxtlar belə müraciət forması rəsmi müraciət etiketi sayılırdı-N.N.)özü yoxladı.
Tədbirdən qabaq zavod mədəniyyət sarayı direktorunun kabinetində çıxışın redaktəsi zamanı N.X.Əhmədov senzuranın tələblərini nəzərə alaraq,ədəbi dilimizə türk ədəbi dilindən keçməkdə olan bəzi sözlərə etirazını bildirdi.Çıxışdakı bir sıra ifadələr,o cümlədən "məmləkət" sözü də onun xoşuna gəlməmişdi.Yavaşca dedi ki, bu söz türk dilində daha çox işlənir.Onu siyasi dairələrdə yaxşı qarşılamazlar.
N.X.Əhmədovun rəhbər göstərişilə deyilən iradlarla razılaşdım,müəyyən düzəlişlər etdim, "məmmləkət" sözünü də "ölkə" sözü ilə dəyişdim.
Zavod mədəniyyət sarayından radio və televiziya ilə birbaşa translyasiya edilən yubiley tədbirindəki çıxışımı atam da, onun şamaxılı alim dostları Yusif Şirvan da, Hidayət Əfəndiyev də dinləmişdilər.
Atam çıxışımdan razı qalmamışdı. Sonralar səbəbini soruşanda sözünün canı bu oldu ki, gərək vəqəqə baxmayaydın,özündən deyəydin.
İndi düşünürəm: " Axı o, haradan biləydi ki, o vaxtlar özündən deməyin də problemləri var idi ".

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.

26.11.2017.
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed