Şrift:
Məşhur türk serialında Azərbaycana, bayrağımıza sevgi hamını kövrəltdi
27.11.2017 [10:42] - Türk dünyası-Turan
Türkiyənin hazırda ən yüksək reytinqə sahib olan seriallarından biri Fox Tv-də yayımlanan və “Limon” Productiona məxsus olan “Savaşçı”nın son bölümündə Azərbaycan dövlətinə və dövlətin rəmzi olan bayrağa sevgi izləyicilərdə məmnunluq yaradıb.

Türk xüsusi təyinatlılarından (“bordo bərəlilər”) ibarət qrupun fəaliyyətindən, terrorçulara və başqa qara qüvvələrə qarşı apardıqları çətin hərbi əməliyyatlardan bəhs edən serialda bu fakt Azərbaycan sevdasını göstərən ikinci nümunədir. Birinci dəfə gecə soyuqda üşüyən və əməliyyatda olan “bordo bərəlilər” ruh yüksəkliyi üçün “Çırpınırdı Qara dəniz” mahnısını ifa edirlər.

Bu dəfə isə Azərbaycana olan sevgi özünü daha çox biruzə verir. Belə ki, Azərbaycan və Türkiyənin ortaq layihəsinə mane olmaq istəyən terror təşkilatı 6 azərbaycanlı mühəndisi əsir götürür. Türkiyədəki Azərbaycan nümayəndəliyi əsir götürülən bölgəni daha yaxşı tanıdıqları, orada xüsusi əməliyyatları bundan əvvəl də apardıqları üçün Türkiyə xüsusi təyinatlılarının da bu əməliyyatda iştirakını istəyirlər. “Qılınc” qrupu (Kılıç timi) bu əməliyyat üçün hazırlanır. “Bordo bərəlilər” Azərbaycan bayrağı olan qol nişanlarını-şevronları taxaraq terrorçulara qarşı çətin əməliyyata yollanır.

Həmin əməliyyat və onun gedişi artıq gələn seriyada nümayiş etdiriləcək.
“Qardaş qardaşa çətin gündə lazım olar", “Azərbaycan türkü və Türkiyə türkü” kimi Azərbaycan sevgisini əks etdirən ifadələr hər iki ölkədən olan izləyiciləri sözün yaxşı mənasında kövrəldib.
Serial bədii ekran əsəri olsa da, orada yaşananlar real yox, yaradıcı təxəyyül məhsulu sayılsa da, yenə də bu kimi görüntülər hər iki qardaş ölkənin vətəndaşlarında xüsusi motivasiya yaradır.
Gələn seriyada Türkiyə “bordo bərəli”sinin Azərbaycan bayrağı ilə döyüşə gedən əsgərinin mübarizəsini izləmək daha maraqlı olacaq.

Elmin Nuri
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed