28.11.2017 [12:06] - Gündəm, Diaspor
Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyənin İğdır və Qars şəhərlərində Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində layihə həyata keçirilib. Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və Türkiyədə fəaliyyət göstərən Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) yaxından göstərdiyi dəstək nəticəsində hər iki ölkə üçün səmərəli görüşlər keçirilib. Bir qrup QHT rəhbərlərinin və media təmsilçilərinin iştirak etdiyi nümayəndə heyəti ilk olaraq Vedibasar bölgəsində erməni daşnaklarına qarşı mübarizə aparmış xalqımızın qəhrəman oğullarından biri olan Kərbəlayi İsmayıl Çimənin Daşburundakı məzarı ziyarət edib. Daha sonra nümayəndə heyəti İğdır ictimaiyyəti ilə birgə İğdırdakı soyqırım muzeyini ziyarət edib və burada ermənilər tərəfindən bu bölgədə törədilən soyqırım faktlarını özündə əks etdirən materiallar haqda verilən məlumatı dinləyiblər. Soyqırım abidəsinin qarşısında Azərbaycan-Türkiyə QHT-ləri adından Ermənistan əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz bəyanatı oxunub. Eyni zamanda nümayəndə heyəti İğdırda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, onun adını daşıyan parkla tanış olublar. Həmçinin nümayəndə heyətini İğdır valisi Ənvər Ünlü qəbul edib. Vali ilə söhbət zamanı Azərbaycan və Türkiyə ictimai təşkilatlarının yaxından əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə BDM sədri dr. İsmayıl Ağayev səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan QHT-ləri adından valiyə hədiyyə təqdim edib. Səfər çərçivəsində nümayəndə heyətini hakim Ədalət və İnkişaf Partiyasının İğdır təşkilatının rəhbəri Ahmet Tutulmaz qəbul edib. Qəbulda hər iki ölkənin QHT-ləri arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, “bir millət, iki dövlət” anlayışının həqiqi mənada yaxın və sıx əməkdaşlıqla doldurulmasının vacib olduğu bildirilib. Səfərin birinci gününün sonunda İğdır Əczaçılar Odasında Azərbaycan-Türkiyə QHT-lərinin xüsusilə bu bölgədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq perspektivləri mövzusunda görüş keçirilib. Görüşdə bir sıra problemlər ətrafında diskusiya aparılıb. BDM sədri dr. İsmayıl Ağayev, ASİM-DER başqanı Göksəl Gülbəy, İğdır Əczaçılar Odası Başqanı Nazım Karadağ, İğdır-Azərbaycan Dil, Tarih və Kültür Birliyi Dərnəyinin başqanı Ziya Zakir Acar, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə və başqaları çıxış edib, QHT-lərin əməkdaşlıq perspektivləri və ictimaiyyəti narahat edən problemlər, Metsamor AES-nın fəaliyyəti, Azərbaycan-Türkiyə arasındakı viza məsələsi və s. məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində BDM sədri İsmayıl Ağayev, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İB-nin sədri Lyudmila Xəlilova, Ortaq Dəyərlər İB-nin sədri Aqil Camal, Regionda Təhlükəsizlik və Sülh Naminə İB-nin sədri Telman Qasımov, Bakı-Xəbər qəzetinin əməkdaşı, azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli, moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, modern.az saytının əməkdaşı Günay Nəbiyeva, BDM mətbuat katibi Könül Kərimova, Qarabağ veteranı Vidadi Nuriyev iştirak edib.
Qeyd: Səfər proqramının Qars şəhərində keçirilən hissəsi ilə bağlı növbəti gün məlumat veriləcək.
BDM mətbuat xidməti
Qeyd: Səfər proqramının Qars şəhərində keçirilən hissəsi ilə bağlı növbəti gün məlumat veriləcək.
BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |