Şrift:
Səudiyyə Ərəbistanının həbsdə olan şahzadəsi bir milyard dollar qarşılığında azadlığa buraxılıb
29.11.2017 [10:28] - Hüquq
Səudiyyə Ərəbistanı tax-tacına iddialı sayılan şahzadə Miteb bin Abdullah bir milyard dollar məbləğində maliyyə vəsait ödəməsi qarşılığında azadlığa buraxılıb.
Bunu Səudiyyə Ərəbistanının adının çəkilməsini istəməyən rəsmisi bildirib.
Onun sözlərinə görə, ölkənin Antikorrupsiya Komitəsi tərəfindən həbs olunan daha üç nəfər pul ödəmək sövdələşməsi qarşılığında azadlığa çıxıblar.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud bəyan etmişdi ki, saxlanılan şahzadələrin çoxu öz vəsaitlərini azadlıqla dəyişməyə hazırdılar. Bu “razılaşma” nəticəsində dövlət xəzinəsinə 100 milyard dollar maliyyə vəsaiti toplanıb.
Xatırladaq ki, ötən gün ölkənin qurucu kralı Əbdüləziz bin-Səudun dünyasını dəyişmiş oğlu Sultan bin Əbdüləzizin də qızları tutulub. Abdullah bin Əbdüləziz və Sultan bin Əbdüləzizin tutulan övladları vəliəhd şahzadə Məhəmməd bin-Salmanın idarəçiliyinə qarşı olduqları bildirilib.
Noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Onlar qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunurlar.
Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.
Tutulan şahzadələr krallığın paytaxtı Ər-Riyaddakı “Ritz Carlton” mehmanxanasında saxlanılırlar. Saxlanıldıqları oteldən kənara çıxmamaları üçün otelin bir mərtəbəsi xəstəxanaya çevrilib. Orada müayinə və müalicə üçün bütün avadanlıq yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed