Şrift:
ZƏRİF “SÜLH GÖYƏRÇİNİ”Nİ YAXŞI GÖRMÜR
29.11.2017 [13:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
İran səfiri XİN-ə çağırılıb xəbərdarlıq edilməlidir

"Düşmən ölkənin sülh üçün çalışdığını iddia etmək riyakarlıqdır”

"Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır”. Bu absurd fikrin sahibi İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifdir. Ermənistana rəsmi səfər edən nazir erməni həmkarı Edvard Nalbandyanla görüşü zamanı İran və Ermənistanın yaxşı qonşu olduğunu deyib.

Zərif bildirib ki, hər iki ölkə arasında son illər siyasi və iqtisadi sahələrdə əməkdaşlıq daha da fəallaşıb. Edvard Nalbandyan da öz növbəsində İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı balanslaşdırılmış mövqeyinə görə həmkarına təşəkkürünü bildirib. Əslində cənub qonşumuzun Ermənistanı açıq formada dəstəklədiyi gizli məsələ deyil. Amma işğalçı bir ölkənin regionda "sülh göyərçini” kimi təqdim edilməsi rəsmi Tehranın Dağlıq Qarabağ münaqişəsinə necə yanaşdığını ortaya qoyur.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, düşmən ölkənin sülh üçün çalışdığını iddia etmək riyakarlıqdır. Deputatın sözlərinə görə, İran tərəfi çox yaxşı bilir ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub:

"Hətta İran dəfələrlə münaqişənin həlli ilə bağlı öz vasitəçiliyini də təklif edib. İranın "vasitəçiliyi” isə Şuşa şəhərinin işğalına səbəb olub. 1993-cü ildə dövlət çevrilişi zamanı qiyamçıları himayə edən Tehran rejimi öz niyyətini ortaya qoyub. İran tərəfi Azərbaycan Respublikasının zəif düşməsində maraqlıdır. Onlar düşünürlər ki, Azərbaycan güclü olarsa, bu amil Cənubi Azərbaycanın "itirilməsinə” səbəb olar və biz tarixi-coğrafi ərazimizdə bütöv Azərbaycanı qurarıq. Ona görə də ölkəmizin zəiflədilməsi üçün atılan addımlar İran tərəfindən hər zaman dəstəklənir”. Millət vəkili bildirib ki, Tehran hökuməti Ermənistanın işğalçı dövlət olduğunu, eyni zamanda Ermənistanın strateji hədəflərini, yəni "Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını yaxşı bilir: "Bunları bilə-bilə "Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır” ifadəsini işlətmək riyakarlıqdır. Hesab edirəm ki, bu cür davranış Azərbaycan-İran münasibətlərinə kölgə salır. Çünki Azərbaycan ərazilərini işğal etmiş bir dövləti bu şəkildə təqdim etmək, nəinki təcavüz faktına göz yummaqdır, həm də bu faktı dəstəkləməkdir. Məsələ bizim tərəfimizdən qınanmalıdır. Həmçinin, İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət olunmalı və ona xəbərdarlıq edilməlidir”.

İsmayıl
Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed