Şrift:
Düdənginskinin Üzeyir Hacıbəylinin qardaşına məktubu - “Gəlin, ruslara tərəf gedək, Azərbaycanın müstəqilliyini sataq” deyirlər - MÜHACİR MƏKTUBLARI
30.11.2017 [11:34] - Xəbərlər, DAVAMın yazıları
Azərbaycan Cümhuriyyəti bolşeviklər tətəfindən işğal edildikdən sonra Lenin-Stalin kilyotinindən canlarını qurtara bilən bir çox aydınlarımız dünya ölkələrinə səpələndilər. Orada da güclərini birləşdirib işğal edilmiş Vətənin azadlığı üçün mübarizə apardılar.

İkinci Dünya Müharibəsində almanlar tərəfinə keçərək orada azərbaycanlılardan ibarət legionun rəhbəri olan Əbdürrəhim bəy Düdənginski də mühacirətdə fəaliyyət göstərən ziyalılarımızla birləşərək Vətənin qurtuluşu üçün birlikdə mübarizə apardılar. Lakin onların da arasına bəzən düşmən qüvvələri tərəfindən ələ alınan şəxslər sızmağa nail olurdular. Həmin qüvvələr imkan düşdükcə onların birlikləri pozmağa çalışırdılar.

Əbdürrəhman Fətəlibəyli Düdənginski Fransada mühacirət həyatı yaşayan Ceyhun Hacıbəyliyə məktub yazaraq müəyyən narahatlıqlarını ifadə edib. Bu günə kimi Ə.F.Düdənginskinin C.Hacıbəyliyə bir neçə məktubunu təqdim etmişdik. Ancaq bu 1952-ci il martın 27-də yazılan məktub digərlərindən bir az fərqlidir. Bu fərqi isə məktub oxunanda bilinir.

Beləliklə, Enter.News tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edir:

“ƏZİZİM CEYHUN BƏY!

Mən də Sizi Novruz bayramı münasibəti ilə təbrik edirəm və həyatda səadət arzulayıram. Elə həmin Sizin təqdim etdiyiniz büdcə onun bizim aramızdakı oyununa səbəb oldu və indiyə qədər bizə büdcə təyin etməyib. O, digər təşkilatlara belə kiçik məbləğlər verərək Sizin büdcə ilə heç vaxt razılaşmayacaq. O, Əkbərağanın, Sizin məktublarınızdan İsmayılın “Ukrayna xəbərləri”nin səhifələrindəki çıxışlarından məharətlə istifadə edirdi ki, bizim büdcənin təyin etmə müddətini daha da uzatsın. O, mənə bəyannamə ilə müraciət etdi və burada bizim təşkilatlar arasındakı “dəhşətli ayrılığı” göstərdi və D.L. bizim təşkilatın maliyyələşdirilməsini dayandırmaq məcburiyyətindədir. Necə ki, biz yenidən birləşməyəcəyik. Bu bəyannaməyə mən belə cavab verdim: Bizim təşkilat (Məclis) heç vaxt olmadığı kimi təkdir. Biz həm “Visbaden”ni öz vaxtında izah etməklə, həm də Amerika komitəsinin köməyi ilə bütün hücumların qarşısını ala bildik (Türkiyənin bütün nöqtələrinə məktub göndərmək yolu ilə). Biz “Qafqaz”ı dəstəkləyən insanların sayını 20-yə endirdik. Biz Visbadendəki iştirakımızla üzərimizə tarix qarşısında böyük məsuliyyət götürdük və eyni zamanda öz demoqoqluğu ilə: “Gəlin, ruslara tərəf gedək, Azərbaycanın müstəqilliyini sataq” deyən müxalifətin əlinə asanlıqla bütün mücahidləri öz tərəflərinə çəkmək üçün fürsət verdik. Əgər bu baş tutmadısa, deməli məclis güclüdür. Sonra mən “Azərbaycan”ın çıxması ilə bağlı göndərilmiş məktublardan parçalar gətirdim, Məclisin və onun orqanlarının fəaliyyəti haqqında tamamilə düzgün yazan “Hürriyət” qəzetini göstərdim. Türkiyədə ikinci Dünya Müharibəsi zamanı bizim mübarizəmizi əks etdirən kitab buraxılmışdı, Məclis üzvləri isə “Azərbaycan Milliyyətçilər Dərnəyi” təşkil etdilər. Onun statusu “Zəfər” dövlət qəzetində elan edilmişdi. Bu bizim təşkilatın daha da möhkəmlənməsindən xəbər verir. Həmçinin qeyd etdi ki, Gürcüstanın sosial - demokratik qəzeti, solçular (Sinsadze) “Azərbaycan” haqqında çox yaxşı yazırlar.

Sizə aid olan hissədə Sizin məktubunuzdan bir neçə sitat gətirdim və yazdım: “...gördüyünüz kimi mənimlə Hacıbəyli arasında heç bir fikir ayrılığı yoxdur və olmayacaq. Mən Hacıbəyli ilə tamamilə razıyam. Jurnal rus və fransız dilində Parisdə, türk və ingilis dilində burada çıxmalıdır. Mən sizdən xahiş edirəm. Hacıbəylini dəvət edin ki, biz “Azərbaycan”ın ikinci nömrəsini çıxarda bilək”.

Şeyxülislama aid olan hissədə isə mən yazdım ki, o heç vaxt bizim təşkilatın üzvü olmayıb, lakin o, Hacıbəyli və Əkbərlə birgə Visbaden bəyannaməsini imzaladığına görə biz ona dəstək olmalıyıq və onun redaksiyanın tərkibinə daxil olmasını xahiş etməsinə qarşı çıxmıram.

O, əsasən İsmayılın “Vesti” qəzetindəki çıxışına məyus olub. Bu yaxınlarda həmin qəzet böyük ittihamla D.L.-ya hücum etmişdi. Sözsüz mən İsmayılı dəstəklədim və bildirdim ki, onun “Vestidə”ki çıxışı heç də Məclisdən kənarlaşması demək deyil və biz Məclisin üzvləri nümayəndə heyətimizin imzası ilə dururuq və Amerika Komitəsini hamımız birgə dəstəkləyirik.

Məncə İsmayıl yazmamalı idi ki, biz imzalamamışıq, sadəcə qəbul etmişik, xüsusi ilə də rusların bu bəyannamədən qaçdıqları bir dövürdə. Lakin əgər artıq bu edilibsə mənim etdiyim kimi İsmayılı dəstəkləmək lazımdır.

Büdcə məsələsi ilə bağlı mən ona yazdım ki, 6 aylıq əməkdaşlığımız müddətində Siz Azərbaycana 5800 marka ayırmısınız və həmin pula ölçüsünə görə “Qafqaz” jurnalını 2 dəfə üstələyən jurnal nəşr olunub, təşkilati xərclər ödənilib və bir neçə həmvətənlələrimizə, o cümlədən Şeyxulislama yardım göstərilib. Ona görə də “birləşənə qədər” bizim təşkilata kömək göstərməmək barəsində heç danışmaq belə lazım deyil. Əgər Siz mənim yaşamaq, poçt-teleqraf xərcləri və həmvətənlilərimin qəbulu üçün aldığım 500 markanı təşkilata kömək hesab edirsizsə, onda xahiş edirəm bu barədə mənə də deyəsiniz, çünki təşkilat üçün aldığım yardım barəsində mən Məclisin bütün üzvlərinə xəbər verməliyəm. (Yeri gəlmişkən o bədbəxt 500 markanı verməyi dayandırıb).

Qoy Amerika Komitəsi özü milli təşkilatların hər birinin fəaliyyətini nəzərə alaraq onlar üçün büdcə təyin etsin. Əgər onlar bizə büdcə təyin etsələr biz bunu bütün Məclis üzvlərinə bildirəcəyik və maddələrə görə onu paylaşdıracağıq: jurnallar, yardım, səfərlər. Fondun hansı hissəsinin Parisdə, Türkiyədə və burada olması bizim daxili işimizdir. Bunula bağlı biz Sizinlə asanlıqla razılaşacağıq.

Bir daha qeyd edirəm ki, mən Fransa nəşrinə qarşı deyiləm, mən şad olardım əgər jurnal 10 dildə bir dəfə çıxsaydı, lakin D.L bunu istəmir və pul vermir. Sonra Siz əməkdaşlıq haqqında yazırsınız, mən Sizsiz axı necə əməkdaşlıq edə bilərəm, əgər getmək lazım olsa, onda hamımız bir yerdə, bütün təşkilatla gedərik.

Bu günlərdə D.L Parisdə olacaq, oradan isə Amerikaya gedəcək, o mütləq Sizinlə görüşəcək, xahiş edirəm bizim məsələmizi birdəfəlik həll edin. Sözsüz, Sizin hər bir qərararınızı dəstəkliyəcəm. Nəzərə alın ki, Sizin təklif etdiyiniz büdcənin məbləği onun boğazından keçmədi və o, müxtəlif “ixtilaflar”, “uçurumlar”, “ziddiyətlər” uydurdu ki, biz onun diktəsinə tabe olaq. Avropadakı Məclisin və Parisdə və burada çıxan jurnalların rəhbərliyinə gəldikdə isə, bu işi Siz davam etdirməlisiniz. Ona görə Siz növbə ilə həm burada, həm də Parisdə olmalısınız.

İndi isə təşkilati məsələlər haqqında. Türkiyədən istədikləri kimi, biz jurnalın ikinci sayında hamımızın imzaladığı Məclisin yeni statusu haqqında xəbər verməliyik və ona keçməliyik. Məcid və İsmayıl də bununla razıdırlar. Məclis artıq bütün legionerlər və digər mücahidlər arasında tanınır və biz onu möhkəm saxlamalıyıq, xüsusilə də demaqoqlar bütün aləmə car çəkdilər ki, Siz bəyannaməni “mövcud olmayan” Məclis adından imzaladınız və bunu avantürizm kimi xarakterizə etdilər.

Mən Sizin komitə təşkil etmənizə çox sevindim, əsas da sevindirici odur ki, onun tərkibinə legionerlər də daxil edilib. Lakin bir şeydən qorxuram ki, bizi başa düşməyəcəklər, çünki fikirləşəcəklər ki, bu milli komitə Oroysun yaratdığı, müsavatçıların milli komitəsi kimi Məclisə qarşı çıxır. Və Siz Sorumlu Sözcü qismində Məclisin bütün işlərinə rəhbərlik etməli və bütün filiallarla, ilk növbədə isə 100-dən artıq legionerin və dəstəyi olmadan bir addım belə ata bilməyəcəyimiz bütün bizim elitanın yerləşdiyi Türkiyə ilə geniş əlaqə saxlamalı olasınız.

Burada Almaniyada isə 200-yə yaxın legioner var. Əsas hissəsi isə Nyu-Ulmda yaşayır. Bu yeddi il ərzində Dr. Oroys onlar arsında böyük nüfuz qazanıb və hətta özü onların uşaqlarına sünnət etdirib. Dr. Oroys onları tamamilə bizə qarşı yönəldib və onları öz tərəfimizə çəkmədən Avropada bizə sakit iş yoxdur və etirazlara, nümayişlərə son qoyulmayacaq. İki dəfə onlarda olmuşam. Hələ bir həftə də gedib orda yaşamaq lazımdır. Türkiyədən bizim tərəfdaşlarımız xahiş edirlər ki, iş naminə Dr.Oroysla birləşək. Bu haqqda mənə İsmayıl yazmışdır, həmçinin legionerlər xahiş edirdilər. Üç dəfə Dr.Oroysla görüşmüşəm və çalışacağam onu öz tərəfimizə çəkim, xüsusilə də, o, Məclisin yeni statusunu imzaladı. (D.L mənə Oroysun komitəsini xatırlatdı, məncə bu bizim ayrılmamız üçün səbəb deyil). Onun komitəsinə bütün legionerlər daxildir. Fikirləşirəm ki, onu Məclis tərəfə çəkə biləcəm və beləliklə, onun komitəsi ləğv ediləcək. Həmçinin istəyirəm ki, Zahid xana və Babayevə yazım ki, onlar da İsmayılı və Məcidi dəstəkləsinlər. “Visbadenə” qarşı “etirazlar” dalğası hələ də “Qafqaz”ın səhifələrindən silinmir. Həmçinin bizim jurnalın türk dilini tənqid edirlər. Etiraf etmək lazımdır ki, təəssüflər olsun ki, biz türk dilində zəifik. Türk dilindəki bütün məqalələri biz Türkiyəyə göndərə bilərik, orada onu korrektə edib tez göndərə bilərlər. Bizim Mirzə Abay Dağlı adlı böyük korrektorumuz var (“Onlar türklərdir”in müəllifi). Mən ona yazdım ki, o, ancaq yazda gələ bilər. O, İsmayılın və Məcidin ən sevimli dostudur.

Mən İsmayıl və Məcidin Kolumbiya Universitetində olmaları ilə fəxr edirəm. Təəssüflər olsun ki, onların işi sona çatır. Onların bura gəlişi yalnız siz birdəfəlik D.L. ilə danışdıqdan və bizim sabaha ümidimiz olduğu andan mümkündür və onların həyatı burada D.L.-nin tərsliyindən asılı olmamalıdır. Mənə gəldikdə isə, mən jurnal işi ilə məşğul olmayacağam, çünki bu mənim peşəm deyil. Yazmağa isə kömək edə bilərəm. Mən Sizdən çoxdan xahiş etmişəm ki, Eyzenhauer qərargahı ilə əlaqə saxlayasınız və bununla da mənə hərbi məsələlərlə məşğul olmağa imkan yaradasınız. Axı bu sahədə mən işimizə çox faydalı ola bilərəm.

Əflan və başqaları Türkiyəyə qayıtmağımı istəyirlər, axırıncı Atlantik pakta daxil olmaqla əlaqədar böyük işlər gözlənilir.

Biz mütləq görüşməliyik və birgə Avropadakı işlərimizi möhkəmləndirməliyik. Ondan sonra mən Türkiyəyə gedəcəm, hamı ilə görüşəcəm və bütün gücümüzlə Sizin burada - Avropadakı işinizi dəstəkləyəcəyik.

D.L. ilə görüşən kimi bura gələcəyiniz haqqında inad edin. Mən böyük məmuniyyətlə ora gələrdim, lakin bu çətin olacaq.

Levinlə görüşən kimi gəlin. “Azərbaycan”ın ikinci nömrəsini çıxarmaq mütləq vacibdir.

Mənim hərbi məsələmi unutmayın.

D.L.-nin bəyannaməsini göndərirəm və Siz görəcəksiz ki, İsmayılın çıxışı onu tamamilə əsəbləşdirib, mənim İsmayılın hərəkətinə bəraət qazandırmağım isə səbr kasasını doldurub.

Tezliklə cavab gözləyirəm.

Sizi, Timuçini və balaca Hacıbəylini bağrıma basıb öpürəm, Madamın qarşısında baş əyirəm.

Həmişə Sizin Abo.

Münhen 27.3.1952.”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed