Şrift:
Keçmiş döyüşçü: “Torpaq danışıqla qaytarılmır...”
09.06.2012 [13:27] - Müsahibə
“Müharibə əlili təqaüdlə dolana bilmir, Brilyant Dadaşova isə təqaüdlə oğlunu evləndirir”

Polkovnik-leytenant, briqada komandiri olmuş keçmiş döyüşçü Çingiz Əliyevin müsahibəsini təqdim edirik. Qeyd edək ki, O hal-hazırda Müdafiə Sənayesi Nazirliyində Elmi-Tədqiqatlar İnstitutunda işləyir.

– Siz həm Əfqanıstanda, həm də Qarabağ müharibəsində döyüşmüsünüz...

– Əfqan müharibəsində sovet ordusu istədiyi nəticəni almadı. Amma mən utanmırdım. Çünki sovet dövləti, sovet xalq məni məğlub əsgər kimi görmürdü. Amma Azərbaycanda bizə münasibət başqa cürdür.

– Qarabağda baş verənlər münaqişədir, yoxsa müharibə?

– Əfqanıstnda on il ərzində 13 min insan həlak olub. Buna müharibə deyirdilər, amma Azərbaycanda cəmi bir neçə ildə 20 minə yaxın adam öldü, 50 mindən çox insan yaralandı. Bu halda ona münaqişə demək olarmı?!

Şəxsən mən 1992-ci ildə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun həbsdən buraxdığı keçmiş məhbuslardan ibarət taburun hardasa 4 aya yaxın komandiri olmuşam. Doğrudur, onlara komandir seçilmişdi. Bu, güləş üzrə respublika çempionu Məcid Əliyev idi. Hərbçi kimi bacarığı olmadığından bir neçə uğursuz əməliyyatdan sonra briqada komandiri Zaur Rzayevdən yeni komandir tələb etmişdilər. Nəticədə məni onların taburuna rəhbər göndərdilər.

– Onlara rəhbərlik etmək sizin üçün çətin deyildi?

– Əlbəttə, çətin idi. Amma döyüşmək asan idi. Bilirsiniz ki, məhbuslar arasında özlərinə məxsus qayda-qanun mövcuddur. Onların içərisində Mübariz adında avtoritetləri vardı və “ağsaqqal” döyüşmək barədə qərar çıxarmışdı. Həqiqətən də yaxşı döyüşürdülər. Kəlbəcərdə Narıncılar kəndini iki ay əllərində saxladılar, sonra Qozlu kəndini “götürdük”. Daha sonra bir neçə kəndi.

– Daha çox hansı bölgədə döyüşmüsünüz?

– Kəlbəcər və Ağdərədə. Sonra Ağdamda, Tərtərdə və Füzulidə. 1995-in avqust ayına kimi cəbhə bölgəsində xidmət etmişəm. Bundan sonra Türkiyədəki hərbi akademiyaya göndərilmişəm. 1996-nın sentyabrından 1997-ci ilin iyun ayına kimi Müdafiə Nazirliyində əməliyyat idarəsinin baş zabiti olmuşam. 1997-ci ilin iyunundan 1999-ilin iyul ayına kimi isə Beyləqanda briqada komandiri... Hərbi akademiyada dərs demişəm. 2002-ci ilin aprel ayında da polkovnik-leytenant rütbəsi ilə istefaya getmişəm. Hazırda Müdafiə Sənayesi Nazirliyində Elmi-Tədqiqatlar İnstitutunda işləyirəm.

– Müharibədə dostlar qazanmısınızmı, onlarla indi görüşürsünüzmü?

– Əlbəttə, dostlarım olub. 701-dəki uşaqların hamısı ilə görüşürük.

- Qarabağ döyüşçüləri indi özlərini necə hiss edirlər, həyata necə baxırlar?

– Həqiqi döyüşçülər sıxıntı içindədir. Birincisi, məğlub olduqlarına görə. İkincisi, dövlət Qarabağ döyüşçülərinə lazımi qiymət vermir. Bunu özüm üçün demirəm. Özüm təxminən 800 manat pensiya alıram. Komandiri olduğum tabor 400 yaxın şəhid verib. Onların ailələri bu gün nə vəziyətdədir? Bir neçə il bundan qabaq şəhid ailələrinə 600 manat təqaüd verilməsi məsələsi gündəmdə idi. Amma sonradan bu məsələnin həlli təxirə salındı. Keçən il komandiri olduğum taborun Vaqif adlı keçmiş döyüşçüsü ilə rastlaşdım. Hazırda Ağsuda yaşayır. Söhbət əsnasında soruşdum ki, artıq 46 yaşın var, niyə evlənməmisən? Dedi ki, komandir, hökümət mənə əlil kimi 170 manat pul verir. Mənə gələn qız məni də, məndən olan uşaqları da saxlamalıdır. Bu ədalətsizlikdir. Əlil döyüşçü 170 manat təqaüd alır, hələ də subaydır, amma müğənni Brilyant Dadaşova deyir ki, sağ olsun hökumət, mənə dövlət təqaüdü verdi, nəhayət ki, oğlumu evləndirə bildim...

– Keçmiş əsgərlərinizin yanında özünüzü günahkar hiss edirsinizmi?

– Bəli, mən utanıram. 1992-də vətənpərvər ab-hava yaranmışdı, cəbhədə elə adamlar var idi ki, məktəbi əla qiymətlərlə bitirmişdilər. Yəni həyatlarını başqa cür qura bilərdilər. Amma cəbhəyə yollanmışdılar. Bu adamlar nə ali savad ala bildi, nə də sənət sahibi oldu. İndi də orada-burada güc ilə başın dolandırır.

– Sizcə, xalqda döyüş ruhu qalıbmı?

– Bir Pentaqon generalı öz kitabından yazıb ki, türk əsgəri döyüşkəndir, amma tez ruhdan düşür. Azərbaycan xalqı da bu cürdür.

– Şeyx Şamil həbs olunanda deyiblər ki, sən Dağıstan xalqını qəhrəman elədin, o deyib ki, Dağıstan xalqı özü döyüşkəndir.

– Doğrudur. Amma hər halda şəxsiyyətin də rolu çox böyükdür. İndi ərəblər İsrailin əlində əsir-yesirdir. Amma vaxt vardı ki, onlar möhtəşəm Ərəb Xilafəti yaratmışdılar. Yəni indi ərəblərin lideri yoxdur, yetişdirə də bilmirlər.

– Zabitlərimizin hazırlığı məsələsini necə qiymətləndirirsiniz?

– Ordudakı irəliləyişi danmaq olmaz. Amma bu, hələ ürəkaçan dərəcədə deyil. Zabitlərdə vətənpərvərlik ruhu aşılama cəhəti çatmır. Türkiyədə əsgərin komandirə inamı var, Azərbaycanda isə komandirlə əsgər arasında münasibət qorxu üzərində qurulub.

– Sizcə, işğal edilmiş torpaqlarımızı necə azad edə bilərik?

– Danışıqlar ilə torpaqlarımızın geri qaytarılacağına inanmıram. Yeganə yol müharibədir. Mübaribəni xalq edir, döyüşən isə hərbçidir. Amma hazırda xalqda müharibə ruhu yoxdur.


Şahanə RƏHİMLİ/"Modern"/
Bu xəbər oxucular tərəfindən 1613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed