Şrift:
Avropanın mövqeyi: Ermənistanda "Metsamor" AES bağlanmalıdır- ŞƏRH
02.12.2017 [10:32] - Gündəm, DAVAMın yazıları
Ermənistan Cənub Qafqazda təkcə təhlükəsizliyi təhdid etmir, həm də bölgədə ətraf mühiti radioaktiv tullantılarla çirkləndirir. Bu ölkədəki "Metsamor" Atom Elektrik Stansiyası və Qacaran Mis-Molibden Zavodu ekologiya üçün təhlükə mənbəyidir. Bunu yalnız Azərbaycan tərəfi bəyan etmir və vəziyyətin ağır olması indi Avropanı da narahat etməyə başlayıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə direktoru Fransis Malij Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" sammitini işıqlandırmağa gələn ermənistanlı jurnalistin sualını cavablandırarkən "Metsamor" AES-in məsələsinə də toxunub.
Jurnalistin “AYİB Ermənistanda enerji sektoruna qoyacağı 80 milyon dollar vəsaitdən bəhs edir. Bu kredit suveren zəmanətlə qorunurmu? Yəni bu borcu dövlət götürür, yoxsa özəl şirkət? Problem yarandığı təqdirdə, borcu kim ödəyəcək” sualını F.Malij belə cavablandırıb: “Səhv etmirəmsə, bu kredit suveren zəmanətsiz “Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) şirkətinə verilir və biz şirkətin risklərini üzərimizə götürürük. Mən onlarla təmasda olmuşam və görüşmüşəm. Ermənistanda elektrik şəbəkəsinin müasirləşməsinə ehtiyac var. Açığını desəm, Ermənistanda bərpa edilən və başqa enerji mənbələrindən elektrik enerji istehsalına daha çox investisiyanın qoyulmasına ehtiyac duyulur. Bilirsiniz ki, Ermənistanda istehsal olunan elektrik enerjisinin çoxu Atom Elektrik Stansiyasından gəlir. Bu stansiya köhnəlib, yəqin ki, ömrünü başa vurmaq üçün bir neçə ili qalıb və nə vaxtsa bu stansiya bağlanmalıdır. Məncə, Ermənistan özünü "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyət göstərməyəcəyi gələcək enerji sektoruna hazırlamalıdır”.

Jurnalistin “Ermənistan yeni Atom Elektrik Stansiyası inşa etmək qərarına gəlsə, AYİB rəsmi Yerevana maliyyə vəsaiti ayıracaqmı” sualına isə direktor qəti şəkildə belə cavab verib: “Xeyr. Heç bir halda. Bu, mandatımız xaricindədir. Nizamnaməyə əsasən, nüvə enerjisinə maliyyə ayırmaq qadağandır. Burada yeganə istisna isə nüvə təhlükəsizliyidir. Məsələn, mövcud atom stansiyasını daha təhlükəsiz etmək lazımdırsa, AYİB buna sərmayə qoya bilər. Məsələn, bizim belə bir layihəmiz Ukraynda var. Ancaq yeni nüvə potensialının inşasını biz heç zaman maliyyələşdirməyəcəyik”.
Təbii ki, bu həm də Avropanın "Metsamor" AES-ə münasibətidir.
Bu atom stansiyasının tikintisinə 1960-cu ildə başlanılıb, 1977-ci ildə isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırlımışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib.
Ümumiyyətlə, 2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına bu ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ildək istismar olunacağı haqqında qərar qəbul edib.

Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Ermənistan AES fəaliyətini hələ də davam etdirir.
Bölgədə ekoloji vəziyyəti təhdid edən ikinic başlıca müəssisə Qacaran Mis-Molibden Zavodu (Zəngəzur Mis-Molibden Zavodu) 1850-ci ildə istifadəyə verilib. Fasilələrlə fəaliyəti dayandırılsa da, 1951-ci ildən ara vermədən işləyir.
Onu da bildirək ki, bu il noyabrın 29-da İran parlamentinin deputatları Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsini narahatlıqla qarşılayaraq hökumətdən bunun qarşısının alınmasını tələb ediblər.
Deputat Şahhur Purhüseyn çıxışında bildirib ki, Ermənistan ətraf mühitin qorunması istiqamətində heç bir iş görməyərək Araz çayının suyunu çirkləndirir. Onun sözlərinə görə, İranın Ərdəbil vilayətinin Muğan rayonunda əhali arasında xərçəng xəstəliyinin artmasına səbəb Ermənistandır. Deputat nəzərə çatdırıb ki, Ermənistan radioaktiv tullantıları çaya axıtmaqla İrana böyük ziyan vurur.

İranın Araz çayı boyunca əraziləri münbit torpaqlardır. Burada əkinçilik geniş yayılıb və inkişaf edib. Yerli fermerlər suvarma suyunu məhz Araz çayından götürürlər. Çayın suyunun isə Ermənistan tərəfindən zəhərli maddələrlə çirkləndirilməsi nəinki məhsuldarlığı dəfələrlə aşağı salır, eyni zamanda əhali arasında onkoloji xəstəliklərin artmasına səbəb olur.
Ermənistanın Araz çayının çirkləndirməsi məsələsi də daim bölgə dövlətləri tərəfindən gündəliyə çıxarılır. Hər iki məsələ Azərbaycan tərəfindən dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırılsa da, indiyədək buna qarşı heç bir tədbir görülməyib.
Bir sözlə, dövlətlərin hava sərhədləri qapalı deyil və şəffafdır. Atmosferə atılan istənilən zibil, xüsusilə radioaktiv maddələrin tullantıları bəşəriyyət üçün təhlükəlidir. Bu baxımdan, Ermənstan ərazisində iki belə təhlükə mənbəyi mövcuddur.
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed