Şrift:
Hacı Məmmədovun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlandı - RƏSMİ
04.12.2017 [10:37] - Gündəm, Hüquq
Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Qurum sözçüsü bildirib ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində özünü asıb.

H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülmüşdü. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulmuşdu.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən o, ömürlük həbs cəzası alıb.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed