Şrift:
Gənc musiqiçilər Bülbülün yubileyini qeyd ediblər
05.12.2017 [10:04] - Gündəm, Mədəniyyət, Bildiriş
Xırdalan şəhər 7 nömrəli tam orta məktəbdə Azərbaycan vokal məktəbinin banisi, görkəmli xanəndə, Xalq Artisti Bülbülün 120 illik yubileyi qeyd olunub. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, mədəniyyət işçiləri, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində ölməz sənətkarın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Yubiley mərasimində çıxış edən məktəbin direktoru Zemfira Orucova milli musiqimizin tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Bülbülün həm də görkəmli pedaqoq olduğunu, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrətdiyini bildirib.

Sonra çıxış edən “Mədəniyyət” kanalının baş direktoru, Əməkdar Artist Ramil Qasımov Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Gənc sənətçi Bülbülün repertuarından “Sənsiz” romansını ifa edib.

Bülbülün memorial muzeyinin əməkdaşı Nigar İsgəndərova Azərbaycan xalq mahnılarının, təsniflərinin, vokal əsərlərinin ifaçısı Bülbülün xatirəsinin xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacağını vurğulayıb.

Tədbir şagirdlərin Bülbülün həyat və yaradıcılığına aid hazırladıqları bədii kompozisiya ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed