Şrift:
Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
12.12.2017 [14:38] - Gündəm, DAVAMın yazıları
Düz üç il bundan qabaq-14 dekabr 2014-cü ildə Şamaxı Mədəniyyər Sarayında ŞAMAXI AVROPA LİSEYİNİN -
(Əvvəllər C.Cəbrayılbəyli adına 5 nömrəli orta məktəb kimi tanınırdı-N.N.) bu ünlü təhsil ocağının 140 illik yubileyi keçirildi.

Yubiley tədbirlərinə Bakıdakı Avropa Azərbaycan Məktəbinin rəhbərliyi və keçirilən tədbirin təşəbbüskarları da dəvət olunmuşdudur.

Aydınlıq üçün deyək ki, Avropa Azərbaycan Məktəbinin Şamaxıdakı Avropa Liseyi ilə pedaqoji əlaqələri 2013-cü ilin may ayindan başlanmışdır: Bakı məktəbliləri görkəmli Azərbaycan şairi M.Ə.Sabirin ad günü ərəfəsində Şamaxıya getmişdilər. O vaxt səfərimizi əvvəlcə Şamaxı Avropa Liseyindən başlamışdıq.

Bu,səbəbsiz deyidi. Sabir mollaxanadan sonrakı təhsilini burada almış, iki ildən sonra ailə problemləri ilə əlaqədar olaraq, məktəb təhsilini yarımçıq qoymuşdu: S.Ə.Şirvaninin istəkli şagirdi ticarət işlərində atasına kömək etməli olmuşdur. Ələkbər Tahirzadə-gələcəkdə Sabir kimi tanınacaq şagird Məclis Məktəbini tərk edəndə üç dildə şeir şeir yazmağı və bədii tərcümə etməyi bacarırdı.

Aydınlıq üçün onu da deyək ki, XI sinfin ƏDƏBİYYAT dərsliyində (Bakı, 2014-cü il, səh.29) Ələkbər Tahirzadənin bu məktəbdə 1874-1883-cü illərdə oxuduğu göstərilir.

Bu, səhvdir. S.M.Qənizadənin xatirələrindən məlum olur ki, Sabir onunla bir sinifdə cəmi iki il oxuyub. Təəccüblü həm də burasındadır ki, 21 yaşlı gəncin ibtidai məktəbdə oxuması ağlabatan deyil.

2013-cü il may ayının 25-də Şamaxıya səfərimiz zamanı, 1874-cü ildə görkəmli din xadimi və maarifçi Səid Əfəndi Ünsizadənin (1825,Şamaxı-1905,İstanbul) yaratdığı, Cəlaləddin Ünsizadənin və Seyid Əzim Şirvaninin dərs dediyi, S.M.Qənizadənin və Ələkbər Tahirzadənin (Mirzə Ələkbər Sabir-N.N.) oxuduğu “Məclis Məktəbi” ilə – bugünkü Şamaxı Avropa Liseyil ilə pedaqoji əməkdaçlığımız və səmimi dostluq ünsiyyətimiz başlandı. Həmin gün Şamaxı Rayon Təhsil Şöbəsi və Bakıdakı Avropa Azərbaycan Məktəbinin təşəbbüsü ilə respublikamızda qardaşlaşan məktəblərin biri də artdı;

İndi iki məktəb arasında müəllim və şagirdlərinin maraqlı ünsiyyəti formalaşmışdır. Əlbəttə, bu iki məktəbi qardaşlaşdıran M.Ə.Sabir oldu.

Məclis məktəbinin 140 illik yubileyi çox maraqlı keçdi. Tədbirdə Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayev, şamaxılı tarixçi alim Məcid Əfəndiyev, təhsillə bağlı bir çox ziyalılar çıxış etdilər. Yubiley tədbiri orijinal ssenari ilə keçirildi. Hamı 140 yaşlı məktəbin tarixinə alüdəliklə baxdı və qulaq asdı. Kadrlar yüksək sənətkarlıqla ifa olunan musiqi parçaları iləmüşayiət olunurdu. İfaçıların çoxu məktəbin bir sıra elm və sənət yarışlarında iştirak emiş laureatları idi. Mənə elə gəlir ki,təhsillə, məktəblilərin estetik tərbiyəsi ilə məşğul olan mütəxəssislər Şamaxı Avropa Liseyinin bədii qiraət və ifaçılıq mədəniyyətini dərindən öyrənməlidirlər.

Şamaxı Avropa Liseyinin bir qrup müəlliminə Şamaxı Rayon İcraiyyə Komitəsinin Fəxri Fərmanları verildi.

Tədbirdə Bakıdakı Avropa Azərbaycan Məktəbinin direktoru Graeme Pollockun çıxışı alqışlarla qarşılandı.O, tədbir iştirakçılarına, Şamaxı Rayon Təhsil Şöbəsinin və Şamaxı Avropa liseyinin pedaqoji kollektivinə Avropa Azərbaycan Məktəbinin təsisçisi, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovun təbriklərini çatdırdı.

Mister Graeme Pollock Avropa Azərbaycan Məktəbini əməkdaşlarının hədiyyələrini – Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun rəsmlərini, İmran Rəhimovun “Ümumi kimya” dərs vəsaitini, Azərbaycan Respublikasının əməkdar müəllimi Nazim Nəsrəddinovun “Şamaxının öz dünyası, söz dünyası” adı ilə çapa hazırladığı ” kitabını Şamaxı Avropa Liseyinin direktoru Məzahir Məmmədova təqdim etdi.

Tədbirdən sonra, tədbirin səbəbkarlarından birinin- öz maraqlı müəllimlik və elmi-pedaqoji fəaliyyəti ilə təhsil tariximizdə şərəfli yer tutan S.Ə.Şirvanini qəbrini ziyarət etdik.

..."Məslis Məktəbi"nin rayon səviyyəli şərəfli yubileyindən üç il keçir.Üç il ərzində hər iki məktəbin təhsil uğurları təhsil tariximizi zənginləşmişdir. Hər iki məktəbin nüfuzlu ali məktəblərə daxil olan məzunlarının sayı çoxalmış,müəllimlərin elmi-pedaqoji ustalığı artmışdır.

Şamaxıdakı təhsil ocağının yaradıcısı Səid Ünsizadənin həyatı və elmi-pedaqoji yaradıcılığı haqqında bir çox elmi məqalələr yazılmış və oxucuların mütaliəsinə ünvanlanmışdır.

Səid Ünsizadənin başçılıq etdiyi "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin elmi əsaslarla öyrəniməsi yolunda əhəmiyyətli işlər görülmüşdür.Bu cəhətdən "Ziya" qəzetinin ikinci ilinin nömrələrinin ərəb qrafuikalı yazıdan latın qrafikalı yazıya köçürülməsi yaddaqalan işlərdəndir.

Səid Ünsizadənin İstanbulla ilgili həyatını öyrənilməsində də əhəmiyyətli işlər görülmüş, dünyaya səpələnən Ünsizadələrin bir çoxu ilə ünsiyyət yaradılmışdır.

Səid Ünsizadənin İstanbulda -Üsküdardakı Fatih Gamii məscidinin məzarlığındakı qəbri aşkar edilmiş,qəbrin fotosu və üstündəki şəkli və epitafilər çətinliklə olsa da oxunmuşdur.

"Ziya" qəzetinin ilk redaktoru,sonralar ayrıca mətbu orqan- əvvəlcə "Kəşkül" adlı jurnal,12-ci nömrədən sonra isə eyni adlı qəzetin redaktoru Cəlal Ünsizadənin ölüm tarixi (1933-cü il) müəyyənləşdirilmişdir.

Qeyd edək ki,Cəlal Ünsizadə- Səid Ünsizadənin ortancıl qardaşıdır.

Bu il dekabrın 10-da İstanbuldan Bakıya-Ünsizadələr nəslinin qohumlarından birinə-Azərbaycan Dövlət Universitetinin magistri Zaur Səmədova qiymətli bir hədiyə göndərilmişdir. Bu,Səid Ünsizadənin təxminən 1897-ci ildə çəkildiyi güman edilən, bizə məlum olan yeganə fotoşəklidir.

Həmin şəkil artıq bütün türk dünyasına yayımlanmışdır.

Ünsizadələr haqqında tədqiqatlar davam edir.Bütün türk dünysı məşhur tatar qəzetçisi, ictimai xadimi İsmayıl bəy Qaspıralının hələ 1881-ci ildə, "Tərcüman" qəzetinin nəşrindən iki il əvvəl Ünsizadlərin Tiflisdəki "Ziya" mətbəsində çap etdirdiyi "TUNĞUC" jurnalının birinci səhifəsindəki ilk məqaləsində çox yüksək qiymətləndirdiyi Səid Ünsizadənin əsərlərini,məktəb yaşlı uşaqlar üçün hazırladığı dərsliklərini və risalələrini çap etdirib türk dünyasının yaxşı sözü qiymətləndirməyi bacaran nüktədanlarına məccani,pulsuz,parasız ərməğan ediməlidir.

Səid Ünsizadənin adı yüksək səviyədə əbədiləşdirilməlidir. İri mətbəə və nəşriyyat fəaliyyətini nəzərə alaraq,ən böyük nəşriyyartlardan birinə onun adı verilməlidir.

Səid Ünsizadənin anadan olmasının 190 illiyi elmi və ədəbi ictimaiyyətimiz tərəfindən yüksək səviyyədə qeyd olunmalıdır.

Azərbaycan dilində mətbuat xidmətlərinə görə Bakıda və Tiflisdə SƏİD ÜNSİZADƏ adına MƏTBUAT MUZEYİ yaradılmalıdır.

Bakıda,Şamaxıda, eləcə də İstanbulda təhsil müəssisələrindən birinə Səid Ünsizadənin adının veriməsi gərəkli görünür.

Ən yaxşı gənc mətbuat tarixçıləri də unudulmamalıdır.Onlara Səid Ünsizadə adına təqaüd və medalın verilməsi məsələsinə də müzakirə yolu baxılmalıdır....

Başqa təkliflərə də baxıla bilər.

Bütün bu təklif və azular 1884-cü ilin yanvarında Səid Ünsizadənin Tiflisdən Şamaxıya - burada yerləçən RUHANİ İDARƏSİNƏ yeni təyinatla sədr və qazı vəzifəsinə qayıdandan sonra S.Ə.Şirvaninin yazdıığı iri həcmli -117 beytlik mədhiyyəsindəki arzuların yerinə yetirilməsinin təzahürü kimi qiymətləndirilə bilər.(Bu mədhiyyə ilk dəfə "Ziyayi-Qafqasiyyə" qəzetinin 1884-cü il tarixli 4-cü nömrəsində dərc olunmuşdur).

Yazımı Seyid Əzim Şirvaninin Səid Ünsizadə haqqında yazdığı misralarla bitirmək istəyirəm :



"Düşüb ol fikrə kim,Şirvanı bir darülfünun etsin,

Qiraətxanə açsın, nəşr qılsın elmmi - ədyanı,

Bilibdir kim, cəhalət mayeyi--fəqrü xəsarətdir,

Təriqi-elmə tərğib eyləmək vacibdir insanı"...



Bəli,insanı elm yoluna dəvət etmək həmişə günün ən vacib məsələlərindən biri olmuş və olacaqdır.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,

Bakıdakı Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
DİM-in sələfi olan TQDK-nın Azərbaycan dili üzrə eksperti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq.


10.12.2017.
Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed