Şrift:
“1787 şəxs azadlığın məhdudlaşdırılması cəzasından azad olunub”
19.10.2011 [10:52] - Gündəm
Azərbaycan Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri
son vaxtlar amnistiya aktının qəbulu ilə bağlı səslənən təkliflərə münasibət bildirib.

APA şöbə müdirinin bununla bağlı fikirlərinin yer aldığı müsahibəni təqdim edir.

- Son zamanlar amnistiya aktının qəbul edilməsi ilə əlaqədar müxtəlif fikirlər səslənir. Bununla bağlı nə deyə bilərsiniz?

- Ölkəmiz hazırda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Bu əlamətdar tarixlə bağlı il ərzində dövlət səviyyəsində bir sıra humanist addımlar atılıb. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə cinayət qanunvericiliyinin liberallaşdırılması istiqamətində mühüm işlər görülüb. Belə ki, azadlığın məhdudlaşdırılması cəza sistemindən çıxarılıb. Həmin cəza növünə məhkum edilmiş şəxslərin cəzalarının qalan hissəsi daha yüngül cəzalarla - cərimə və islah işləri ilə əvəz edilib. Bu dəyişiklikləri nəzərdə tutan qanunun tətbiqi prosesi müstəqilliyin bərpasının qeyd edilməsi ərəfəsində başa çatdırılıb. Aparılan hesablamalara əsasən, 1787 şəxs azadlığın məhdudlaşdırılması cəzasından azad olunub, onlardan 1436 şəxsin cəzası cərimə ilə, digərlərinin cəzaları isə islah işləri ilə əvəz edilib.

Azərbaycan Respublikasının öz müstəqilliyinin bərpasının ildönümünü qeyd edilməsi ərəfəsində həmin şəxslərin cəzadan azad edilməsinin vətəndaşlarımızın qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə, onların cəmiyyətə qayıdaraq vətəndaş cəmiyyətinin qurulmasına öz müsbət töhfələrini verəcəklərinə inanırıq.

Amnistiya ilə bağlı qeyd etmək istərdim ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev humanizm prinsiplərini rəhbər tutaraq 1995-ci ildə əfv və amnistiya təsisatlarını bərpa edib. Ötən müddət ərzində qəbul edilən 9 amnistiya aktı 96 mindən çox şəxsə tətbiq edilib, habelə 5222 nəfər əfv olunub. Həmçinin son iki amnistiya aktı ümummilli liderimizin ədalət və insanpərvərlik ideallarını davam etdirən Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunub. Əfv və amnistiya aktları ilə bağlı tədqiqat və ümumiləşdirilmələrin aparılması daimi xarakter daşıyır, əfvlə əlaqədar müraciət etmiş şəxslər barədə rəylərin və digər sənədlərin toplanması prosesi davam edir.

- Azadlığın məhdudlaşdırılması cəzasının qanunvericilikdən çıxarılması nə ilə bağlı idi?

- İlk növbədə vurğulamaq istərdim ki, bu dəyişikliklər bütövlükdə penitensiar sistemdə aparılan islahatların tərkib hissəsidir. Vaxtilə 1999-cu ildə Cinayət Məcəlləsi qəbul olunarkən hüquq nəzəriyyəsinə əsasən Məcəlləyə bir sıra yeni institutlar daxil edilmişdi. Lakin ötən illərin təcrübəsi göstərdi ki, bəzi hallarda nəzəriyyədə optimal hesab olunan təkliflər təcrübədə qeyri-effektiv olur. Azadlığın məhdudlaşdırılması növündə cəza belə institutlardan biri hesab edilə bilər. Ölkəmizdə penitensiar sistemdə həyata keçirilən islahatlar problemin həllinə əsaslı yanaşmanı şərtləndirir. Üzvü olduğumuz Avropa hüquq məkanının digər ölkələrində - Fransa, Almaniya, Hollandiya, İspaniya və başqalarında cinayət qanunvericiliyinin təhlili göstərir ki, cinayət törədilməsi müqabilində nəzərdə tutulan sanksiyalarda daha çox azadlıqdan məhrum etmə və cərimə cəzaları müəyyən olunub. Yəni şəxs cinayət törətdiyi üçün azadlığından məhrum olunur və ya azadlıqdan məhrum edilməsi məqsədəmüvafiq hesab edilmirsə, maliyyə məhrumiyyətlərinə məruz qalır. Bu ölkələrin cəza sistemində azadlığın məhdudlaşdırılmasına bənzər ayrıca cəza növləri mövcud deyil.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed