Şrift:
Ramil Səfərovu Azərbaycana gətirmək olarmı?
11.06.2012 [16:35] - DAVAMın yazıları
Əlvan KƏBİRLİ

Macarıstan məhkəməsinin Azərbaycan ordusunun baş leytenantı Ramil Səfərov haqqında ömürlük həbs cəzası çıxararkən son dərəcə ədalətsiz və qərəzli davranması faktdır.Belə ki, Ramilin ilk dəfə cinayət hadisəsi törətməsi, məcburi köçkün ailəsindən olması, yaxınlarının və doğmalarının ermənilər tərəfindən qətlə yetirilməsi, öldürülmüş erməni zabitinin onu bu addımı atmağa vadar etməsi və digər belə yüngülləşdirici amillər nəzərə alınmamışdır.Macar hakimin hüquqa və insanlığa bu sayaq arxa çevirməsinin başlıca səbəbi ermənilərin həmin ərəfədə apardığı güclü təbliğat olub, desək, ancaq acı həqiqəti etiraf etmiş olarıq.Bədnam məhkəmənin keçirildiyi günlərdə aydın olmuşdu ki, Macarıstanda yaşayan bir ovuc erməni icma yaradıb və onu rəsmi dövlət qeydiyyatından keçirib (müqayisə üçün deyək ki, əcnəbi ölkələrdə yaşayan soydaşlarımızın, sayları on və yüz minlərlə hesablandığı halda belə, icma halında təşkil olunaraq rəsmi dövlət qeydiyyatından keçmək bəzən heç ağlına da gəlmir).Bu da ermənilərə ölkə qanunvericiliyi çərçivəsində xeyli iş görməyə imkan yaradıb.Ramil Səfərovun məhkəməsi zamanı da onlar bu imkandan ustalıqla bəhrələnmişlər.

Budapeştdə, daha doğrusu, onun Buda hissəsində (vaxtilə Buda və Peşt ayrı-ayrı şəhərlər olub, sonradan onlar birləşərək Macarıstanın indiki paytaxtı Budapeşti yaradıblar) qəribə bi küçə var.Qəribəliyi orasındadır ki, burada sərgilənən heykəllərin bir hissəsinin başı yoxdur, yerdə qalan hissəsinə isə başların sonradan birləşdirildiyi aşkar hiss olunur.Xalq arasında “başsız heykəllər küçəsi” adlanan bu müəmmalı məkan Ramil Səfərovu müdafiə etmək məqsədi ilə Macarıstana gələn Azərbaycan gənclərinin də marağına səbəb olub.Onların müvafiq sualını cavablandıran macar bələdçi, görün, nə deyib: “Osmanlılar Budanı tutanda görünməmiş müqavimətlə üzləşiblər.Ona görə də qarşılarına çıxan hər kəsin başını kəsiblər.Ürəkləri soymadığından, bu şəhərdə bədən üzərində bir baş belə qalmamalıdır, deyərək, heykəllərin də başlarını qılıncla qopararaq Dunay çayına atıblar.Sonralar çaydan hansı heykəlin başını tapmışıqsa, əvvəlki yerinə qaytararaq bərpa etmişik.Başlarını tapmadığımız heykəlləri isə elə həmin vəziyyətdə saxlamağı məqsədəuyğun saymışıq ki, sonrakı nəsillər ulu babalarımızın başına türklərin gətirdikləri müsibətləri unutmasınlar.” Göründüyü kimi, anti-türk, panxristian təbliğatı Osmanlı imperiyasının Macarıstan ərazisindəki davranışının bəzi məqamlarını xeyli şişirtmiş və bununla da çoxlarını çətin sual qarşısında qoymuşdur.Qazdan ayıq ermənilər də Ramil Səfərovun məhkəməsi ərəfəsində məhz həmin küçədə iki etiraz aksiyası keçirmiş və hakimə aşağıdakı məzmunda müraciət göndərmişlər: “Vaxtilə türklər babalarınızın başını kəsməklə kifayətlənməmiş, heykələrinizin də başlarını kəsərək çaya atmışlar.Bəs necə dözürsünüz ki, bu gün də bir türk Budapeştdə xristian erməninin başını kəsir, üstəlik, bununla öyünür də ?” Xatırlayırsınızsa, məhkəmə ərəfəsində soydaşlarımızın, həmvətənlərimizin böyük bir qismi Macar hakimin ədalətli olacağına, hətta hun geninin təsirindən çıxa bilməyəcəyinə sadəlövcəsinə bel bağlayırdı.Amma, gəlin, etiraf edək ki, ermənilərin ifasında “başsız heykəllər nağılı”nın təsiri daha güclü olacaqdı və oldu da.

“Başsız heykəllər nağılı”nın macar hakimə təsir edəcəyindən narahat olanlardan biri də həmin vaxt Londonda magistratura təhsili alan qızım idi.O, internetdə erməni təbliğatına qarşı mübarizə aparan vətənpərvər gənclərimizin arqumentasiyasında bununla bağlı müəyyən boşluğun yaranmasından gileylənirdi.Mən müəyyən məlumatları dərhal ona göndərdim və ardınca da mətbuat səhifələrinə çıxardım.Məsələ burasındadır ki, xristian, əsasən də rus-sovet təbliğatı tarixi reallığı nə qədər əyri güzgüdə göstərməyə çalışsa da, Osmanlı imperiyasının Macarıstandakı tarixi izləri zaman-zaman boy verib və əsl həqiqətin üzə çıxmasına şərait yaradıb.

1520-1566-cı illərdə hakimiyyətdə olmuş Əzəmətli Sultan Süleyman Qanuni yeddi dəfə Macarıstan yürüş edib.Bu yürüşlərin nəticəsi olaraq Macarıstanın şərq hissəsi Osmanlı imperiyasının tərkibinə daxil edilib(ölkənin qərb hissəsi isə Habsburqlar sülaləsinin əlində qalıb).Əlbəttə, macarlar Sultan Süleymanı gül-çiçəklə qarşılamamışdılar və onun hərbi səfərləri bəzən ciddi müqavimətlə də üzləşmişdi.Bu baxımdan türk ordusunun məşhur Moxaç döyüşündə (1526-cı il) macar ordusunu darmadağın etməsini və Buda şəhərini tutmasını xatırlatmaq yetərli olardı.Lakin sadəlövh insanların və qərəzli bədxahların görə bilmədiyi və ya anlamaq istəmədiyi bir məqam da vardı.Biz məhz həmin məqamı vurğulamaq istəmiş və “başsız heykəllər nağılı”na əks-arqument olaraq irəli sürmüşdük.

Əzəmətli Sultan Süleyman Qanuni Macarıstana yeddinci hərbi səfəri gedişində vəfat etmiş və daxili orqanları çıxarılaraq orada basdırılmışdı (Lord Kinross.Osmanlı imperiyasının çiçəklənməsi və tənəzzülü.Moskva, 1999-cu il, səhifə 274, rus dilində) Cəsədi isə balzamlanaraq İstanbula gətirilmiş və öz vəsiyyətinə əsasən Süleymaniyə məsçidi yaxınlığındakı türbədə dəfn olunmuşdu...Macarıstan kommunist rejiminin məngənəsindən, velikorusların qeyri-rəsmi ağalığından qurtulduqdan sonra Sultan Süleyman mövzusu yenidən gündəmə gəldi.1994-cü ildə Macarıstanda bu böyük şəxsiyyətə abidə qoyuldu.Abidənin açılışı həmin ilin sentyabrında düzənləndi və təntənəli mərasimə xüsusi dəvətlə Türkiyə Respublikasının doqquzuncu prezidenti Süleyman Dəmirəl də qatıldı.Açılış mərasimində iştirak edən Macarıstan vətəndaşları Sultan Süleyman Qanuninin xatirəsinə ehtiram ifadə edən fikirlər səsləndirdilər.Biz məhz bu faktın üzərində dayanmış və “başsız heykəllər nağılı”na inananlara xitabən demişdik: Xanımlar və cənablar, deyin,görək, hansı xalq müstəqil olduqda, taleyinə tam sahib çıxdıqda işğalçıya heykəl qoyar ?! Əgər Sultan Süleyman macar xalqının yaddaşında işğalçı, başkəsən olaraq qalıbsa, nədən onun şərəfinə abidə ucaldıblar?! Əksinə, bu əzəmətli şəxsiyyət macarların yaddaşında qanuna hörmət, haqq-ədalət, namus və qeyrət etalonu kimi qalıb ki, bu gün şəninə heykəl yapılır.Macarların əksəriyyəti, zaman-zaman, qanunsuzluq, özbaşınalıq, hərc-mərclik halları ilə üzləşəndə, öz xristian dindaşlarının, xüsusilə də velikorusların amansız zülmü ilə qarşılaşanda, bir qayda olaraq, Osmanlı hakimiyyəti dövrünü, Sultan Süleymanı minnətdarlıqla xatırlamışdır.Sözü- gedən heykəl də məhz bu minnətdarlığın ifadəsi olaraq meydana çıxıb.Budur məsələ, budur tarixi reallığa sədaqət. Tarixə, tarixi keçmişə rusun, erməninin gözü ilə baxmaq yetər...Ramil Səfərova münasibətdə sərgilənmiş ədalətsizlikdə məhz yanlış baxışın əsiri olan macar azlığının fəaliyyəti nəticəsində ortaya çıxıb.

Artıq hökm verilib və Ramil Səfərov Macarıstan həbsxanasında ömürlük həbs cəzası çəkməkdədir.Amma bu əsas vermir ki, biz alternativ variantlar haqqında düşünməyək.Öncə etiraf edək ki, dövlətimizin və xalqımızın iradəsinə və istəyinə rəğmən, əlaqədar qurumlar və şəxslər Ramil Səfərovun cəzasının yüngülləşdirilməsi, yaxud yerdə qalan hissəsinin Azərbaycan Respublikasında çəkilməsi üçün zəruri olan işlərin heç də hamsını görə bilməyiblər.Bu, danılmaz faktdır.Hər şeydən əvvəl, vurğulamaq istəyirik ki, BMT-nin “əcnəbi ölkələrdə cinayət törədərək məhkum olunanların cəzalarını onlara yaxın olan sosio-kultur mühitdə çəkməsinin məqsədəuyğunluğu haqqında” məşhur tövsiyəsi var.Elə son onilllikdə bu tövsiyədən xeyli bəhrələnmə halları baş verib.Bu baxımdan ən tutarlı presedent (nümunə) Rusiya Federasiyasında ortaya çıxıb.
2004-cü ilin 13 fevralında Qatar əmirliyinin paytaxtı Doxa şəhərində İçkeriya-Çeçen respublikasının sabiq vitse-prezidenti Zelimxan Yandarbiyev qətlə yetirilib (Cohar Dudayevin prezidentliyi dönəmində o, vitse-prezident olub.1996-cı ilin aprelində C.Dudayev vəhşicəsinə qətlə yetirildikdən sonra bir müddət prezident səlahiyyəıtlərini icra edib.İkinci çeçen müharibəsi-kampaniyası başlayandan sonra mühacirətə gedib.2001-ci ildə Moskvanın tələbi ilə beynəlxalq axtarış siyahısına salınıb.Əslində isə, çeçen mücahidləri arasında onun ciddi nüfuzu olmayıb, qətli ərəfəsində isə heç yada da düşmürdü).Rusiyanın bəzi kütləvi informasiya vasitələri, bilərəkdən, yaxud bilməyərəkdən, Z.Yandarbiyevin qətlə yetirilməsinin əsl səbəbini açmalı olublar.Xüsusi xidmət orqanlarından ötürülmüş məlumatlardan aydın olub ki, Z.Yandarbiyevin qətlə yetirilməsi sırf siyasi məqsədə xidmət edib.Belə ki, 2004-cü ilin 6 fevralında Moskva metropolitenində törədilmiş və 42 nəfərin həlak olmasına, 250-dən artıq adamın yaralanmasına səbəb olmuş terror aktı Rusiya rəhbərliyini əməlli-başlı çaşdırıbmış.Hadisəni çeçenlərin törətməsinə şübhə yox imiş, lakin tanınmışlardan kimisə ələ keçirərək cəzalandırmaq da mümkün olmayıbmış.Qarşıdan isə 2004-cü ilin prezident seçkisi ilə bağlı kampaniya gəlirmiş.Belə olduqda, Rusiyanın xüsusi xidmət orqanları seçki ərəfəsində V.Putinin reytinqini yüksəltmək üçün siyasi dividend gətirəcək əməliyyat keçirmək qərarına gəlirlər.Qurbanlıq qismində isə biçarə Z.Yandarbiyev ələ keçir...

Z.Yandarbuyevin qətlini törədən üç terrorçudan biri diplomatik pasporta malik olduğundan, “diplomat” adı ilə “persona non qrata” elan olunaraq Qatardan çıxarılır. “Anatoli Belaşkov” və “Vasili Boqaçov” kimi təqdim olunan iki kəşfiyyatçı rus zabiti isə yerli məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilir.Az müddətdən sonra onlar, BMT-nin xatırlatdığımız tövsiyəsi əsas tutulmaqla, Rusiya Federasiyasına ekstradisiya olunurlar.2004-cü ilin dekabrında xüsusi təyyarə ilə moskvaya gətirilən bu rus terrorçularının sonrakı həyatının həbsxanada davam etməsi də şübhə altındadır.Lakin burası bizim üçün elə də önəmli deyil.Əsas odur ki, “əcnəbi ölkədə cinayət törədərək məhkum olunanların cəzalarının qalan hissəsini onlara yaxın sosio-kultur mühitdə çəkməsinin məqsədəuyğunluğu haqqında” BMT tövsiyəsinə əməl olunması üzrə tutarlı presedent (nümunə) var, özü də Rusiya Federasiyası kimi dövlətdə.Görəsən, Macarıstanda Azərbaycan Respublikasının səfiri olmuş Həsən Həsənov bu yöndə hər hansı axtarış aparıbmı ?Mövcud reallıq bu sualın müsbət cavablandırılmasına imkan vermir.Belə olduqda, bütün ümidlər hazırki səfir Vilayət Quliyevə yönəlir...
Bu xəbər oxucular tərəfindən 1621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed