Şrift:
Azərbaycanda “Qəhrəman ana” statusunun bərpası ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib
11.06.2012 [16:54] - Gündəm, Sosial
Azərbaycanda çoxuşaqlı analara “Qəhrəman ana” statusunun verilməsi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib.

Təkliflərdə çoxuşaqlı anaların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müddəalar yer alıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, “Qəhrəman ana” statusunun bərpası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifidir. Millət vəkilinin sözlərinə görə, bu statusun kimə veriləcəyi mübahisəli məsələdir: “Bəziləri söyləyir ki, bu status 5 və daha çox uşağı olan analara verilsin. Əgər bu status 5 uşaqlı analara verilsə, Azərbaycanda qadınların 20-30 faizi “Qəhrəman ana” olacaq”.

M. Quliyev deyib ki, bu statusun arxasında stimullaşdırıcı addımlar olacaq. Onun fikrincə, “Qəhrəman ana” statusu müəyyən pensiya və aylıq təqaüdün veriləcəyi təqdirdə əhəmiyyəti ola bilər. Deputat bildirib ki, bu status sadəcə ad və onun verilməsi zamanı birdəfəlik pul mükafatından ibarət olarsa, onun o qədər də prinsipial əhəmiyyəti olmayacaq: “Mənin fikrimcə, bu statusu verməkdənsə, çoxuşaqlı ailələr üçün yardım proqramının tətbiqi, belə ailələrin maddi təminatının yaxşılaşdırılması üçün müavinətlər nəzərdə tutulmalıdır. “Qəhrəman ana” statusunun verilməsinin əleyhinə deyiləm, amma onun cəmiyyətə hansı faydası olacağını da bu başdan deyə bilmərəm”.

Qeyd edək ki, Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb. Həmin il 10 və daha çox uşaq doğub tərbiyə etmiş pensiyaçıların sayı 17 min 640 nəfər olub. Onlardan 17 199 nəfəri "Qəhrəman ana", 708 nəfəri isə "Qəhrəman ana" medalı ilə yanaşı, "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" medalları və digər orden və medallarla təltif edilib.
Bu xəbər oxucular tərəfindən 1244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed