Şrift:
Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununu qəbul etmişdir.
12.06.2012 [12:22] - Gündəm, Siyasət
Parlamentin iyunun 12-də növbədənkənar sessiyasının ilk iclasında qanunla bağlı ikinci səsvermə keçirilmiş və sənəd 106 səs lehinə olmaqla qəbul edilmişdir.
Qanunda deyilir ki, “keçmiş prezident” Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunurlar.

Keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 50 faizinə bərabər tutulur. Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılmış prezident bu qanunda nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyildir.
Sənəddə vəfat etmiş prezidentin həyat yoldaşına və öhdəsində olan ailə üzvünə ödənməli olan müavinət məsələsi də əksini tapmışdır. Belə ki, keçmiş prezidentin vəfat etməsindən sonra onun həyat yoldaşı və ya həyat yoldaşı olmadıqda öhdəsində olan uşağa aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödəniləcəkdir. Keçmiş prezident səlahiyyət müddəti zamanı vəfat etdikdə onun həyat yoldaşına və öhdəsində olan uşağına prezidentə ödənilməli olan pensiyaya bərabər tutulan müavinət ödəniləcəkdir.
Keçmiş prezidentə pensiya və digər ödənişlər onun prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək veriləcəkdir. Keçmiş prezident vəfat etdikdə isə onun həyat yoldaşına vəfat etdiyi, öhdədə olan uşağa isə 18 yaşına çatdığı tarixədək ödənilməlidir. Ümumilikdə pensiya və müavinətlərin ödənilməsi və digər təminatlar dövlət büdcəsində nəzərdə tutulacaqdır. Keçmiş prezidentlərə ödənilən pensiya və müavinət gəlir vergisinin tutulmasından azaddır.
Dövlət qulluğu üçün müəyyən olunmuş tibb təminatı üzrə hər hansı qanun və qaydaların müddəaları da keçmiş prezident və onun ailə üzvlərinə şamil olunacaqdır.
Qanunda keçmiş prezidentlərə 3 nəfər təhlükəsizlik heyəti, bir sürücü, bir xidməti avtomobilin ayrılması, prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 20 faizi məbləğində nümayəndəlik xərclərinin ödənilməsi, keçmiş prezident və onun həyat yoldaşına ömürlük diplomatik pasport verilməsi də nəzərdə tutulmuşdur.
Keçmiş prezident seçilməmişdən əvvəl və ya prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun həyat yoldaşı da keçmiş prezidentin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrlərdə etdiyi hərəkətlərə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunmayacaqdır. Keçmiş prezident və onun həyat yoldaşı Baş Prokurorun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz. Lakin keçmiş prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər.
Sənəddə o da qeyd olunmuşdur ki, şəxsi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş prezidentin sərəncamında saxlanılır.
Bu xəbər oxucular tərəfindən 1611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed