Şrift:
Xüsusi təyinatlı DÖYÜŞÇÜ - “Aprel şəhidi” Elmidar Səfərov kim idi...
20.12.2017 [11:51] - Xəbərlər, Hərb, DAVAMın yazıları
Vətəni qibləgah edən şəhidlər

2016-cı ilin mart ayıdır. Torpaqlarımızı zəbt edərək, Vətənimizin içərisində bizimlə sərhəd yaradan düşmən yenə də yaman aktivləşib. Gecə-gündüz həmsərhəd rayonlarımızı, kəndlərimizi atəşə tutur. Himayədarlarından, təəssübkeşlərindən nəsə tapşırıq alıblar. Həmişə belə olur, elə ki, Azərbaycan yeni uğura imza atır və ya Azərbaycan prezidenti dövlətimiz üçün həlli mühüm bir məsələni müzakirəyə çıxarır, erməni tərəfi başlayır kəndlərimizi atəşə tutmağa. 24 ildir ki, bu, belədir. Amma hər dəfə də Milli Ordumuzun səyi nəticəsində düşmən geri oturdulur. Ermənilərin belə təxribatlarından sonra Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri, kəşfiyyat qrupları hər dəfə yeni bir plan hazırlayaraq, düşmənə layiqli cavabı verir.

Belə qrupların ən fəal üzvlərindən biri də gizir Elmidar Səfərov idi.

Modern.az saytı “Aprel şəhidləri” barədə silsilə yazılara davam edir...

1992-ci il iyunun 26-da dünyaya gəlmişdi Elmidar. Döyüş yoldaşları deyirlər ki, taledən ya qismətdəndir, Elmidar hər dəfə doğum gününü erməni tapdağında olan yurdlarımızda kəşfiyyat əməliyyatlarını yerinə yetirərək qeyd edirdi, həmin günlərdə kəşfiyyata getməyi özünə şərəf bilirdi. Öz ad gününü əməliyyatda keçirəndə deyirdi ki, hər adama öz doğum gününü Vətənin işğalda olan torpaqlarında keçirmək qismət olmur. Dəfələrlə pusquya düşmüş qrupu çətin vəziyyətdən qurtarmışdı. Elə bil ki, havanın ətrindən, gecənin rəngindən, küləyin istiqamətindən duyurdu hər səsi. İstiqaməti o qədər düzgün və doğru təyin edirdi ki, hesablamalarında heç vaxt yanlışlığa yol vermirdi. Nə zaman əməliyyata gedirdisə, uğurla qayıdırdı. Onun əməliyyatları xudmət etdiyi taborun “Son dərəcə məxvı” qovluğunda xüsusi yer tutur.

Döyüş dostları xatırlayır: “Elmidarla əməliyyata gedəndə çox arxayın olurduq. Onun ilahi bir gücü-qüvvəsi vardı. Tanrı ona şir-pələng gücü vermişdi. Çox güclü idi, onun qollarını heç kim qatlaya bilməzdi. Bütün yarışlarda, əməliyyatlarda hər zaman birinci idi. Ətrafında olan hündürboylu kəşfiyyatçı və gizirlərin hamısından onun boyu uca idi: 192 sm. Dostlarına deyirmiş ki, dünyada hamıdan çox anasını istəyir, onunla nəfəs alır. İstəmir ki, ona əziyyət versin. Hamı bilirdi ki, Elmidar anasına və ailəsinə çox bağlıdır. Son vaxtlar, döyüş dostları ilə söhbətlərində demişdi ki, ola bilsin ki, bu yay evlənəcək. Hər kəsə sürpriz edəcəyini açıqlamışdı...
Elmidar dostlarının, onu sevənlərin yaddaşında mərd, cəsarətli, dost yolunda canından keçən, vətənpərvər, dürüst bir hərbçi və insan kimi qaldı. Ömrünü “Aprel döyüşləri”ndə xalqına, vətəninə bağışladı.

İndi isə Elmidar Səfərovu onun ailəsinin təqdimatında tanıtmaq istəyirəm:
Elmidarın anası Aminə Səfərova:
Xüsusi təyinatlı DÖYÜŞÇÜ - “Aprel şəhidi” Elmidar Səfərov kim idi...
- Əslimiz Yardımlıdandır. Yardımlıda yaşayanda 7 yaşlı oğlum Elsevər qəzaya düşdü, rəhmətə getdi. Ondan sonra yoldaşım Səlimxan evdə rahatlıq tapa bilmədi. Uşağın ölümünü qəbul edə bilmirdi. Gecələr gedib qəbristanlıqda yatardı. Məcbur olub Neftçalaya köçdük, Aşağı Qaramanlı kəndində yurd saldıq. 2 oğlum, 4 qızım gəldi dunyaya. Uşaqları hamı kimi biz də çətinliklə böyütdük. Böyük oğlumun adını Elzibar, kiçiyn adını Elmidar qoyduq. Kasıbçılıqla yaşasaq da, çox mehriban bir ailəmiz var idi. Hələ kiçik yaşlarından oğlanlarıma zəhmətə, torpağa uyğunlaşmağı öyrətdik. Bəxtəvər kimi, torpaq aldıq, uşaqların köməyi ilə ev tikməyə başladıq. İki qardaş əl-ələ verib daş karxanalarında, gücləri çatan, əlləri yetən yerlərdə çalışırdılar. Atalarına, mənə yardım etdilər. Əvvəl evin bir gözünü tikib içərisinə yığışdıq... Evi də böyük tikdik ki, iki oğlumuzun, qızlarımızın övladlarını bu evdə saxlayaq.

Elmidar da çox zəhmətküş oğul idi. Toyuq-cücənin yumurtasını, həyətin tərəvəzini sataraq, pul yığıb özünə bir velosiped aldı. Elzibar əsgərlikdə olanda isə yığdığı pulla iki qoyun alıb gətirdi. Bir gün Elzibarla telefonla danışanda bu xəbəri ona verdi. Elzibar inanmadı. Elmidar qoyunların qulağından tutub mələtdi ki, qardaşı səsini eşidib, inansın... Hər ikisi sevinirdi ki, bizim də həyətimizdə mal-heyvan olacaq. Bir-birinə çox bağlı idilər. Sonra Elmidar əsgər getdi.

Elzibar Səfərov, şəhidin qardaşı:

- Elmidar orta mktəbdə oxuyarkən, boş vaxtlarında daş karxanasına gedib, ailəmizə kömək edirdi. Biz iki qardaş çalışırdıq ki, bacılarımız da, anamız da az əziyyət çəksinlər. Çünki zəmanə də ağır idi, dolanışıq da. Bir parça çörək tapanda Tanrıya şükür edirdik. Elə vaxt olurdu ki, anam qazanda bişirməyə ərzaq tapmırdı. Mən əsgərlikdən qayıdandan sonra, 2009-cu il oktyabrın 1-də Elmidar əsgər etdi. Ən böyük arzusu hərbçi olmaq idi. Özü də evdə idmanın hər növü ilə məşğul olurdu. Rayon mərkəzinə idman zalına gedib, orada idmanın karate növünü öyrənirdi. Onun bir devizi var idi: “İnsan həyata bir dəfə gəlir, Allah eşqinə gərək düzgün və əməli saleh yaşayasan. Bacarırsan yaxşılıq et, özündən gücsüzə, yazığa kömək ol”.

6 ay idi ki, hərbi xidməti keçmişdi. Bir gün mənə zəng vurub dedi ki, hərbidə qalmaq istəyir. Xüsusi Təyinatlı Qüvvələrdən gəlib sınamışdılar. O, sınaqlardan uğurla keçib, normativləri yerinə yetirmişdi. Anamdan halallıq istədi ki, ona gizir kimi fəaliyyətə başlamağa icazə versin. Anam da onun arzusuna qarşı gedə bilmədi. Xeyir-dua verdi ki, vətənimiz üçün, elimiz üçün xeyirli əsgər olsun.

Anasından xeyir-dua alan Elmidar çox sevindi. Qədim adət-ənənədən, inanclardan gələn deyimlərə görə bilirdi ki, böyüklərin xeyir-duası ilə görülən işin sonunda xeyir olur. Çox böyük məharətlə xidmətə başlamışdı. Xidmətdə seçilənlərdən biri də o idi. Hərdən hərbi hissədən ezamiyyət və ya istirahət günləri alanda, dərhal evlərinə gələr, boş vaxtlarını anası ilə keçirər, evin çatışmazlıqlarını aradan qaldırar, yıxılanı tikər, sınanı düzəldərdi.
2010-cu il may ayının 3-də çox ağır bir xəbər haqladı onu. Evdən dedilər ki, atası dünyasını dəyişib... Həmin gün Elmidarın ən ağır itkisi oldu... Və dostlarına da dedi ki, indi anasına daha yaxın olmalıdır. “Anamı hamımız üçün qorumalıyam” söyləmişdi.

Aminə ananın xatirələri:
Xüsusi təyinatlı DÖYÜŞÇÜ - “Aprel şəhidi” Elmidar Səfərov kim idi...
Evə çox pis halda gəldi Elmidar. Onsuz da üzünü az-az görürdük. Nə vaxt soruşsam deyirdi ki, idmanla məşğul olurlar. Mən hardan bilim ki, gedib erməninin işğal etdiyi torpaqları gəzib gəlir... Tövbə ürəyim partlayardı. Od töküb özümü yandırardım, qoymazdım ki, getsin. Hansı ana razı olar ki, balası göz görə-görə düşmən içərisinə girsin.
Elmidardan nə qədər danışsam, yorulmaram. Bir də görürdün ki, 50 kiloluq un kisəsini alıb çiyninə gətirir. Deyirdim ay bala, belin düşər, qabırğan yerindən oynayar... Pəhləvan idi oğlum. Onu erməni öldürə bilməzdi. O nəzərə-gözə gəldi. Boyu-buxunu qapıdan hündür idi balamın. Mən heç balamdan doymadım. Şirin-şirin xatirələri düşür yadıma. Hərdən vaxt eləyib gələndə, məni aparıb Neftçalada dəniz qırağında gəzdirirdi. Elə bil ki, bilirdi ki, ömrü qısa olacaq. Hara getsəydik, məni maşının qabaq oturacağında otuzdururdu. Bir dəfə ayaqlarım palçıqlı idi. Oturmaq istəmədim maşınına. Dəliyə döndü. Dedi ki, “ana sənin o ayaqqabılarının palçığına qurbanam. Nəinki maşın, dünyanın bütün varı-dövləti sənə qurban olsun”. Əl dıqrnaqlarımı, ayaq dırnaqlarımı tuturdu. Başımı xınasız görsə, o dəqiqə bacılarına zəng vurub, onlardan haqq-hesab tələb edirdi. Maaşını alan kimi mənim üçün təzə paltarlar alıb gətirirdi. Görmədiyim günləri yaşadırdı balam mənə. Əkdiyim ağacın bəhrəsini yeyirdim. Fələk tez qurutdu barlı-bəhrəli ağacımı. Əvvəllər razı olmurdum hərbiyə getməyinə, deyirdim ki, sənsiz uzun müddət ayrı qala bilmərəm. Deyirdi ki, ana, öyrəşəcəksən. Sən demə bu günləri üçün deyirmiş... Balam məni uzun ayrılıqlara öyrətdi.
Elmidarın kiçik bacısı Fəranə təzəcə ailə həyatı qurub. Oğlu 2016-cı il, martın 25-də dünyaya gəlib. Fəranənin başında bir qara yaylıq var. Dedim ki, qızım o qara yaylığı başına bağlama, çünki şəhidlərimizin ruhu ağ bir dünyadadır, onlar ağ olan yerlərə gəlirlər. Qara rəngi sevməz şəhidlərimiz. Dedi ki:

- Bu qara örtüyü qardaşım mənə hədiyyə almışdı. Ona görə indi əlimdən yerə qoymuram. Onun ətrini alıram elə bil ki, bu yaylıqdan. Qardaşım mənim hər şeyim idi. Toyumu da o elədi. Mənim toyumda da “Vətən oğlu” mahnısını çaldırıb oynadı. Anam ona yaxınlaşıb dedi ki, “ay bala, heç olmasa bu gün əsgər mahnısına deyil, bir şən mahnıya oynayaydın”. Anama demişdi ki, “Vətən mənim hər şeydimdir!!!”.
Elə sevinirdi ki, toyumda. Hamı ilə oynadı, hamı ilə şənləndi. Oğlum dünyaya gəlmişdi. Martın 30-da eşitdim ki, ermənilər yenə aləmi qatıblar bir-birinə. Aprelin 1-dən sonra qardşımla əlaqə saxlaya bilmədik.

Xüsusi təyinatlı DÖYÜŞÇÜ - “Aprel şəhidi” Elmidar Səfərov kim idi...
Aminə ana:

- Bilmirdim canımı aparıb haraya qoyum. Qızımın uşağı olanda Ceyranbatana gəlmişdim. Martın 26-da hamımız xəstəxanaya gedirdik. Dayanacaqda dayanmışdıq. Bir də gördük ki, Elmidar da gəlib çıxdı. Elə bil ki, həyatıma Günəş doğdu. Ana-bala qucaqlaşıb görüşdük. Bir-birimizə təzə nəvənin gəlişi ilə gözaydınlığı verdik. Qardaşımgildə oturub bir az söhbətlkəşdik. Ancaq baxdım ki, balamın halı-əhvalı həmişəki kimi deyil. Analar balasının hər əhvalından duyarlar. Dedim nə olub ay bala, niyə kefsizsən? Gülümsədi. Balamın xırda gülüşləri var idi. Elə yaraşırdı ki, üzünə. Gülümsünüb məni aldatdı. Sonra cibindən pul çıxarıb mənə uzatdı. Götürmədim. Dedim neynirəm, ay oğul, özünə lazım olar. Dedi “bunu götür, axşam işdən icazə alıb gələcəyəm. Səninlə çoxlu söhbət edəcəyəm”.
Maşına oturub getdi... Bir də baxdım ki, pəncərədən boylanıb yenə məni tərəfə baxır... Nəsə onun o baxışı, o görüntüsü ürəyimi sızlatdı. O nə təlatüm idi, o nə ağrı idi... Heç vaxt belə olmamışdım. Sən demə, o xırda gülüşləri də, balamın o mehriban səsini də son dəfə görüb, son dəfə eşidirəmmiş...


- Qardaşım Vətənə, Bayrağa, İslami dəyərlərə çox bağlı idi,- deyir Fənarə.
- Aprelin 1-dən 2-nə keçən gecə Bakıda bir külək var idi ki, gəl görəsən. Küləyin səsi adamı qorxudurdu. Səsdən üşənirdim. Elə bil ki, ürəyimə dammışdı ki, bu sazaq-bu külək hansısa bir pis xəbər gətirəcək. Həmin gecə, özümdən asılı olmayaraq dedim ki, ay Eli, görəsən sən hardasan? Bu yağışda neynirsən? Axırınıcı dəfə zəng vuranda telefonda bu səsi eşitdim: “Bu nömrə söndürülüb. Əhatə xaricindədir”.
Aprelin 2-dən sonra bildik ki, 12 şəhidimz var. Bundan sonra bizim heç rahatlığımız olmadı. Lakin arada mənim həyat yoldaşım Elşənlə əlaqə saxlayıb. Elşənə deyib ki, “bilmirəm gələcəyəm, ya gəlməyəcəyəm...”.

Aprelin 3-ü günortadan sonra, Bakıdakı qohumlar Amina ananı aldadaraq, Neftçalaya Aşağı Qaramanlıdakı evinə gətirdilər. Yolboyu Aminə ana bacısı və qardaşı oğlundan nə baş verdiyini soruşdu. Axırda bacısı oğlu Tacir özünü toplayıb, çox çətinlikılə də olsa xalası Aminəyə dedi: “... xala, sənə bir söz deyəcəm, Eliş yaralanıb... Elişi evə gətirirlər...”. Və Aminə xala əllərini başına gözünə-çırparaq haray çəkib, qışqırıb ağlayıb ki, “yalan deyirsiniz, yaralını evə gətirməzlər, düzünü deyin, balama nə olub?!.”.
Beləcə Aminə ananın da qapısını Qarabağ müharibəsinin acısı və fəlakəti döydü. Toyuna hazırlaşdığı oğlu üçün yas mağarı quruldu həyətində. Aminə ana o gün-bu gün özünə gələ bilmir. Deyir ki, oğlunun öldüyünə inana bilmir. Çünki o boyda-buxunda, pəhləvan gücündə bir oğul ölə bulməzdi. Elmidar anasını çox istəyirdi. Ana da hələ inana bilmir ki, Elmidar ona vəfasızlıq edib, heç nə demdən çıxıb gedib...
Elmidar Səfərov isə, anasına deməsə də qardaşı Elizara öz sözlərini demişdi. Son günlər ermənilərin fəallaşmasından şübhələnən kəşfiyyatımçılarımız , eləcə də çevik və qədərincə təcrübəli olan hərbiçi Elmidar, yenə də əməliyyata gedəcəyini bilirdi. Adətən ağır əməliyyatlara getməzdən əvvəl qardaşı ilə görüşər, ona öz vəsiyyət və tövsiyyələrini edərdi. Bu dəfə isə həm dayısı oğlu, həm də bacısının əri olan Elşənlə görüşərək, telefonunun, kompyuterinin kodunu və parolunu, və qardaşına çatacaq sözlərini yazıb vermişdi. Və bir də Elşənə tapşırmışdı ki, anamdan muğayat olun.
Xüsusi təyinatlı DÖYÜŞÇÜ - “Aprel şəhidi” Elmidar Səfərov kim idi...
Qardaşı Elzibar Səfərov:

- XTQ-lərdə qulluq etmək hər oğula qismət olmur. Çünki o kursu keçməyin özü bir qəhrəmanlıqdır. Son dəfə mart ayının 28-i görüşdüm onunla. Mənə zəng vurub dedi ki, təcili görüşmək lazımdır. Təlimə gedir. Yola çıxdım, yol üstündə görüşdük. Dedi ki, ana Bakıdadır, onlarla görüşüb, indi mənimlə görüşməyə gəlib. Nə biləydim ki, son görüşümüz imiş... Şəhidlik uca zirvədir. Hər kəsə qismət olmur. O bizim ailənin başını uca elədi. Qardaşımla fəxr edirəm. Hamı köçəcək bu dünyadan, kimsə bu dünyada əbədi deyil, ancaq şəhid olmağı Tanrı hər kəsə qismət etmir. Qardaşımın şəhadətə yüksələndən sonra, dostları, döyüş yoldaşları onun haqqında bilmədiklərimi və necə həlak olmasını danışdılar. Bizim Ordunun xüsusi təyinatlıları son illər düşmənə qan uddururdular. Qardaşım ən çətin əməliyyatlarda iştirak edirdi, qrup başçısı kimi gedirdi. Mart ayında düşmənə cavab olaraq, onların hərbi texnikasını məhv edərək, öz qrupu ilə yağılara sarsılmaz zərbələr endirmişdi.

Döyüşdən əvvəl öz qrupu ilə əməliyyat gedən Elmidar səhər obaşdan baxıb ki, ermənilərin Ural, UAZ və Niva maşınları kəndə sarı gəlir. Arxadan tapşırıq alan Azərbaycan Ordusunun əsgərləri bu erməniləri avtomobillər qarışıq məhv etməliydilər. Bir göz qırpımında düşmənin üzərini şahin kimi alıblar. Niva-da ermənilərin yüksək çinli zabiti olub. Elmidar və döyüşçü dostları zabiti və onun yanındakıları məhv ediblər.
Həmin gün Elmidargil maşındakı silahları və Talış kəndi istiqamətində erməni hərbiçiləri üçün aparılan qənimətləri də ələ keçirərək, bizim əsgərlərə çatdırıblar. Bir neçə dəqiqənin içrisində Elmidar düşmənin üç texnikasını məhv edib.
Elmidar həm də ağır atıcı silahdan bacarıqla istifadə etməyi, özündən qabaqdakı əməliyyatçıları müdafiə etmək qaydalarını gözəl bilirdi.
Aprelin 2-dən sonra güclü itkilərə məruz qalan erməni ordusu, çaşqınlıq içərisində Azərbaycan Ordusunun üzərinə 19 tank yeridib. Həmin 19 tankın 14-nü bizim XTQ-çilər elə Talış kəndi ətrafında məhv etməyə müvəffəq olublar.

Elzibar Səfərov:

- Qardaşım dostluğa sadiq, mərd bir oğlan idi. Əslində bütün taborda hamı onun hörmətini saxlayırdı. XTQ-çilərin hamısı bir-biri ilə bir candakı ürək kimi dost olurlar. Onlar bir-birinə inamlı, etibarlı olmasalar, irəliyə gedə bilməzlər. Talış yüksəkliyinin geri alınması bir zamanlar dillərdə dastan, qəhrəmanlıq tarixi kimi qalacaq. Həmin döyüşdə fərqlənənlərdən biri də qardaşımın rəhbərlik etdiyi qrup olub. Talış kəndində təmizləmə işləri aparandan bir az sonra, səhərə yaxın qarşıda özünü ölülüyə vuran erməni qəflətən döyüşçümüz Dilsuzu vurub, Dilsuz Elmidarın gözləri qarşısında həlak olub. Elmidar da həmin andaca ermənini məhv etmişdi.
Dilsuz vurulandan sonra Ravil Namazov və Elmidar önə keçərək, bir az da kəndin içərilərinə doğru irəliləyiblər. Ravil qabağa keçərək, yeni mövqeni ələ keçirib. Və elə bilib ki, qarşıdakı DOD-da daha kimsə yoxdur. Oyuq kimi yerə keçən Ravil qarşısında bir yaralı erməni görüb. Erməninin əli tətikdə imiş. Ravil onu gülləbaran edib, bu zaman yaralı erməni döyüşçüsünün ağrıdan əli tətiyə sıxılıb və açılan güllələr Ravilə dəyib. Bundan sonra Elmidar daha da qəzəblənib, irəliyə keçərək, sonuncu erməni qarşısına çıxana qədər vuruşmaq istəyib. Və Ravilin qanını almaq üçün qarşısına çıxan postdakı əsəgərlərin hamısını gülləbaran edib. Ravilin şəhidliyindən bir az sonra, onun qanını əsl dost kimi ala bilmişdi. Əslində döyüşün birinci günü Elmidar öz üzərinə düşən əməliyyat planını həyata keçirmişdi, o qayıdıb arxa cəbhədə rahat otura bilərdi. Lakin Vətən torpaqlarının azad olunması kimi qürurverici bir döyüşdə sona qədər iştirak etmək üçün o yenidən qabaqda olan dostlarının yanında olmuşduü.
Bizim döyüşüçlərlə üzbəsurət gələ bilməyəcəyini yəqin edən düşmən sonradan Ordumuzun yerləşdiyi hissələrə ancaq ağır artilleriya silahlarından atəş açırdı. Həmin top mərmilərindən biri də Elmidar Səfərovun dayandığı mövqeyə düşmüş, qəlpələr onu başından yaralamışdı. Dostları onu qollarının üstünə alaraq, döyüş meydanından çıxarmışdılar...

Dünyada ən ağır yük dost və ya doğma insanın nəşini çiyində və qolların arasında daşımaqdır. Bizim “Aprel döyüşləri”ndə vətən torpaqlarını geri almaq üçün vuruşan hərbçilərimiz yaralı dostlarını və şəhidləri başları üzərində meydandan çıxarmışdılar...
Xüsusi təyinatlı DÖYÜŞÇÜ - “Aprel şəhidi” Elmidar Səfərov kim idi...
P.S. Bu ilin noyabr ayında Elmidar Səfərovun ailəsində gözəl bir hadisə baş verdi. Aminə xalanın oğlu Elzibarın oğlu dünyaya gəldi. Onun adını ELMİDAR qoydular. Biz doğulub artırıq, zaman-zaman belə olub. Bizim törənimizi kimsə poza bilməz.


Aida Eyvazlı
Bu xəbər oxucular tərəfindən 1006 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed