Şrift:
Bursadakı bayraq olayı təxribatdır
20.12.2017 [14:16] - Xəbərlər, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev
Ekspertlərin fikrincə, bunu edənlər Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən qüvvələrdir

Azərbaycan-Türkiyə münasibətləri iki dövlət arasındakı strateji əlaqələrlə yanaşı həm də dostluğa, qardaşlığa söykənir. Dünyada və regionda baş verən hadisələr fonunda Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub və eyni mövqedən çıxış edib. Amma bəzi qüvvələr iki ölkə arasındakı bu qardaşlıq və dostluğu qəbul edə bilmədiyi üçün qıcıqlandırıcı addımlar atırlar. Elə bu səbəbdən də Türkiyədəki bəzi insanlar müxtəlif vaxtlarda Azərbaycan bayrağına hörmətsizlik etməklə iki ölkə arasında nifaq salmağa cəhd edirlər. Bu günlərdə Bursadakı Uludağ Universitetinin professoru tərəfindən digər bayraqlarla yanaşı dayanan Azərbaycan bayrağını endirmək cəhdini də növbəti təxribat adlandırmaq olar. Təbii ki, baş verən olayb Türkiyə dövləti, ictimaiyyəti və hökumətinin mövqeyi deyil. Amma həm də maraqlıdır ki, zaman-zaman baş verən bu tipli hadisələrin arxasında nə dayanır, qarşıya qoyulan məqsəd nədir?


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevbildirdi ki,
Bursadakı ali məktəbdə Azərbaycan bayrağı ilə bağlı baş verənlər üzücüdür: "Amma bir vaxtlar bir şəxs Türkiyədə öz bayraqlarını da endirməyə cəhd etmişdi və zabit atəş açaraq, bunu edən adamı vurmuşdu. Bu hadisə zamanı türk zabiti təqdir olunmuşdu. Düşünürəm ki, Azərbaycan bayrağı dünyanın harasında olursa olsun, dövlətimizin rəmzidir və ona hörmətsizlik qəbul olunan deyil. Bu baxımdan, bu addımı atan insan haqqında da ölçü götürülməlidir. Baş verən hadisəni Türkiyənin, türk ictimaiyyətinin, dövlətinin, hökumətinin adına yazmaq doğru deyil. Qeyd etdiyim misalda da göstərdim ki, vaxtilə hətta Türkiyə bayrağına qarşı da belə hörmətsizlik olmuşdu. Hər halda, orada Türkiyəni, türk dünyasını dağıtmaq, Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən PKK və bu kimi digər terror təşkilatları, qüvvələr var. Bayrağa hörmətsizlik də təbii ki, onların işidir. Hesab edirəm ki, buna cəhd edən şəxsin arxasında duran adamlar cəzalandırılmalıdır”.

F.Quliyev əlavə etdi ki, bu hadisə ilə bağlı heç də Azərbaycanın mövqeyini dəstəkləyən çağırışlar az olmayacaq: "Çünki Türkiyədə dövlətinin yanında olan, Azərbaycanı sevən insanlar var. Belə bir hadisə Azərbaycanda baş versəydi, heç şübhəsiz ki, Türkiyə səsini çıxartmazdan öncə, Azərbaycan tərəfi münasibət bildirərdi və ölçü götürərdi. Ona görə də düşünürəm ki, bu məsələdə xalqları bölməyə ehtiyac yoxdur. Hər iki qardaş ölkənin vətəndaşları eyni ciddiyyətlə olanlara etiraz etməlidirlər”.

Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da bildirdi ki, Türkiyənin bəzi ictimai xadimləri, siyasətçiləri, professorları və hətta jurnalistləri tərəfindən bir neçə dəfə belə xoşagəlməz addımlar atılıb: "Misal üçün, Ermənistana, oradan da Qarabağa gedən türkiyəli jurnalistlər, yazarlar görmüşük. Təəssüflər olsun ki, belə hadisələr təkrar olunub. Düşünürəm ki, bunların hamısı təxribat xarakterlidir. Bu işi görənlər Azərbaycan-Türkiyə əlaqələrinə zərər vermək istəyən, xüsusi hazırlanmış insanlardır. Bunların bəziləri Türkiyədə yaşayan ermənilərdir ki, iki ölkə arasındakı münasibətlərdən narahat olurlar. Onlar Azərbaycanla Türkiyənin çiyin-çiyinə yürütdüyü xarici siyasəti, bir-birinin milli maraqlarını qoruyan siyasi xətti istəmirlər. Ona görə də bu dostluğa, qardaşlığa zərər vermək üçün zaman-zaman belə hadisələr baş verir. Yadınızdadırsa, Ermənistan və Türkiyənin milli futbol komandalarının Bursada keçirilən oyununda da Azərbaycan bayrağına qadağa qoyulmuşdu və bayraqlar insanların əlindən alınıb yerə atılmışdı. Həmin vaxt Türkiyə xalqı bunu edənlərə tutarlı cavab verdi. Bütün bu hadisələrin olmaması üçün mütləq bəzi məsələlərdə Türkiyə hökumətinin çox ciddi etirazı olmalıdır. Həm də millət olaraq Türkiyə xalqı bu kimi məsələləri ictimai qınağa çevirməlidir. Sonuncu hadisəyə istinadən deyə bilərəm ki, Türkiyə xalqı bu ictimai qınağı ortaya qoydu. Biz də bu məsələ ilə bağlı öz addımlarımızı atırıq. Artıq xəbər almışıq ki, Uludağ Universitetindəki hadisənin səbəbkarı olan professor işdən çıxarılıb. Eyni zamanda, yerli prokurorluq məsələ ilə bağlı cinayət işi açıb. Bu, artıq Türkiyə hökumətinin mövqeyidir”.

T.Rüstəmxanlı əlavə etdi ki, Uludağ Universitetinin rektoru Azərbaycanın Türkiyədəki səfirliyi ilə danışıb: "Rektor hadisə ilə bağlı yaranmış narahatlığı başa düşdüyünü və qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Göründüyü kimi, onlar bu məsələyə etirazlarını ifadə edirlər. Bu hadisəyə Türkiyə hökuməti də ciddi mövqe nümayiş etdirdi. Hesab edirəm ki, bundan sonra belə vəziyyət yaranarsa, yenə də hökumət sərt mövqe ifadə etdirməlidir. Çünki bir dövlət universitetinin professorunun işi elmlə məşğul olmaqdır. Türkiyəli bir elm adamının Azərbaycan və Türkiyə bayrağı ilə Ermənistan bayrağını eyniləşdirməsi qədər bir cahillik yoxdur. Bu insanın xəbəri varmı ki, Türkiyənin bayrağı hər zaman Ermənistanda yandırılır və təhqir edilir? Türkiyənin dövlət universitetində çalışan bir professorun milli qeyrəti olsa, bu sözləri öz ölkəsi adına işlətməz. Ona görə də ədalət yerini tapdı və həmin adam cəzalandırıldı”.

Bəxtiyar MƏMMƏDLİ
Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed