Şrift:
ABŞ Qüds qətnaməsi məsələsində BMT TŞ-də təkləndi – təcridolma, ya qələbə...
21.12.2017 [10:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Hesab edirəm ki, belə bir vəziyyət ABŞ-ın dünyadakı imicinə mənfi təsir edəcək”

Fərəc Quliyev: “Mən başa düşürəm ki, ölkə hansısa müttəfiqini müdafiə edə bilər, ancaq bu şəkildə yox”

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasında son 6 ildə ilk dəfə veto hüququndan istifadə edib. İclasda Qüdsün İsrailin rəsmi paytaxtı kimi tanınması məsələsi müzakirə edilib. Müzakirə nəticəsində bunun qanunsuz olduğu və beynəlxalq hüquqa riayət edilməsinin vacibliyi vurğulanıb.

BMT TŞ-nin 15 üzvündən 14-ü - İngiltərə, Fransa, Çin, Rusiya, Uruqvay, Boliviya, Efiopiya, İtaliya, Yaponiya, Qazaxıstan, Seneqal, İsveç və Ukrayna qərarı dəstəkləyiblər. Lakin ABŞ qətnamə ilə razılaşmayıb və veto qoyub.

Məsələnin baxılmasının BMT Baş Məclisinə ötürüldüyü açıqlanıb. Orada yenidən səsvermə keçiriləcək. Üçdə iki səs çoxluğu təmin edilərsə, qətnamə qəbul ediləcək.

Göründüyü kimi, ABŞ-ın mövqeyini bu səsvermədə yalnız özü dəstəkləyib. Düzdür, o, veto hüququndan istifadə edərək qərarın qəbul edilməsini əngəlləyə bilib. Bunu ABŞ-ın məğlubiyyəti saymaq olar, yoxsa təklənmiş qələbəsi?

Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, BMT-dəki səsvermə real mənzərəni ortaya qoymuş oldu: “Qüdslə bağlı məsələdə və ondan sonrakı proseslərdə biz açıq-aydın görürük ki, müsəlman aləminə qarşı qərəzli münasibət var. Təbii ki, qərəz olan yerdə etirazın olması da labüddür. Biz bunu müşahidə edirik. İslam dünyası ABŞ-ın qərarına çoxluqla etiraz etdi. Fələstin nümayəndələrinin açıqlamaları ilə digər müsəlman ölkələrinin mövqeyi üst-üstə düşdüsə, demək ki, ABŞ bu məsələdə təklənmiş vəziyyətdədir. BMT-dəki səsvermədə isə yalnız müsəlman dövlətləri olmayıb. Fərqli spektr nəzərə çarpır. Nəticə bir daha göstərdi ki, ABŞ orada da təklənib. Qərara qoyulan veto ABŞ-ın qələbəsi sayıla bilməz. Hesab edirəm ki, belə bir vəziyyət ABŞ-ın dünyadakı imicinə mənfi təsir edəcək. Çünki sıradan bir ölkə olmayan ABŞ bir çox sülhməramlı proseslərdə iştirak edir. Eləcə də BMT-də bir çox məsələlərlə bağlı təkliflər irəli sürür. Bütün bu yaşananlar ABŞ-ın obyektivliyi və neytrallığını şübhə altına alır. Mən başa düşürəm ki, ölkə hansısa müttəfiqini müdafiə edə bilər, ancaq bu şəkildə yox. İstənilən halda, bu vəziyyətin ABŞ-a ziyan vurduğu qənaətindəyəm”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed