Şrift:
Vətən sözünü ucuzlaşdırmayın
12.06.2012 [13:35] - Gənclik
Vüqar Abbasov
Niderland


Bu günlərdə cəbhə bölgəsində bir neçə şəhid verdik. Torpaqlarımız işğalda ola-ola, “atəşkəs” adlandırdığımız bir dövrdə şəhidlər veririk. Heç olmasa müharibə getsə idi, torpaqlarımızı azad etsə idik, adama belə təsir etməzdi. O zaman nə üçün şəhid verdiyimizi də bilərdik. İndi isə atəşkəsdir. Bu atəşkəs dövründə nə birinci, nə də sonuncu (kaş ki, son olaydi) bele hadisə deyil. Cəbhə bölgəsində son olaylarla bağlı müxtəlif versiyalar səsləndi, sosial şəbəkələrdə statuslar paylaşıldı. Sosial şəbəkələrin birində mən də təxminən belə bir status yazdım ki, kim bu gənclərimizin həyatı üstündə siyasi oyun qurursa, ən alçaq və rəzil adam(lar)dır. İnsan taleyi üzərində siyasi oyunlar oynamaq qədər şərəfsiz nə ola bilər? Daha çox iqtidarı oyun oynamaqda günahlandırır status sahibləri. Yadıma bir lətifə düşdü: Bir gün Hocanın evinə oğru girir. Sabahı bütün qonşular düşürlər Hocanın üstünə: “Hoca, adam da qapını açıq qoyar? ”Hoca, adam da pulunu belə saxlayar?” və.s. bu kimi suallarla bezdirilər Hocanı. Hoca deyir ki, ay qonşular, bildim də mənim səhvlərim var. Ancaq ogrunun heçmi günahı yoxdur? İndi hər kəs bu son hadisələrdə siyasi oyun axtarır. Axtarın. Ola bilsin haqlısız. Ola bilsin hakimiyyətdə kimlərsə bu alçaqlığa gedirlər. Ancaq erməninin heçmi günahı yoxdur? Bəlkə arada onları da “yada salaq”. Bir daha deyirəm ki, insan taleyi ilə siyasi xal qazanmağa çalışanlar, eləcə də özlərinə nifrət qazanırlar. Kimliyindən, siyasi mövqeyindən aslı olmayaraq. Bir gün mütləq bunların cavabı veriləcək. Veriləcək deyirik, ancaq verilmir. İndiyə qədər olanlara, itirilmiş torpaqlarımıza görə kimləri cəzalandırmışıq? Kimlər vətən xaini adı alıb bizdə? Axı xainlərimiz olub! Axı 20 % torpağımızı erməni belə gəlib ala bilməzdi. Rusiya nə qədər kömək etsə idi belə. İşimiz – gücümüz siyasətdir. Başı çıxan da danışır, çıxmayan da. Məqsədimiz torpaqları azad etmək deyil, ya hakimiyyəti qorumaq olub, ya da hakimiyyətə gəlmək. 1992 – 1993 – cü il hadisələrini kim unudub? Heç kəs. Yox əslində unutmuşuq deyəsən! Torpaqlarımız getdi, “günahkarlar cəzasını alacaq” – dedik. Aldımı cəzasını? Almadı! Ancaq səxsi baxımdan düşmənlərimizi həmən cəzalandırırıq. Millətə nə edirsən et, cəza verən də yoxdur, cəza alan da. Ancaq gəl bir icra başçısına bir söz de...
Təəssüf ki, bir müddət sonra başqa bir mövzu gündəmi tutacaq. Şəhidlərimizin acısını ancaq yaxınları çəkəcək. Biz yenə də yazılarımızda, siyasi söhbətlərdə ağız dolusu vətəndən, şəhidlərdən danışacağıq. Ancaq çox vaxt gəlişi gözəl sözlər deyirik. Təbii ki, hər kəsə aid etmirəm bunları. Həqiqətən də içimizdə bunları çəkənlərimiz az deyil. Biz artıq vətən anlayışını da qəribə bir hala salmışıq. Bəziləri, iradəsi zəiflər şantajdan qorxub “vətən” belə deyə bilmirlər. Mən çəkinmədən deyirəm ki, vətən üçün bacardığım hər şeyi etməyə hazıram. Azərbaycan hamımızındır. Onun adı ilə bazarlıq olmaz. Edənlər ləyaqətsizdir. Tənqid etmək olar, hətta lazımdır da. Tənqid etmək olar, hətta lazımdır da. İqtidarı, eləcədə müxalifəti biz tənqid etməsək, kim edəcək? Səhvləri yoxdurmu? Səhvsiz insan olmaz. Xüsusən siyasətdə tənqidsiz mümkün deyil.
Nə edirsiz edin, şəhidlərin adı üzərində alver etməyin. Vətən sözünü ucuzlaşdırmayın. Sizlərdən xahiş edirəm. Dostcasına xahiş edirəm...
Bu xəbər oxucular tərəfindən 1292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed