Şrift:
Parlamentdə türkləri Azərbaycana kim çağırdı mübahisəsi - Türklük və türkçülük arasında böyük fərq nədən ibarətdir?
26.12.2017 [10:28] - Xəbərlər, Türk dünyası-Turan, DAVAMın yazıları
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alınıb.
Əvvəlini bu linkdən oxuyun
On iki, on üç və on dördüncü iclaslar sonu

4, 5, 6 fevral 1919-cu il

Məmməd Əmin Rəsulzadə - Bir məsələ üzərində çox mübahisələr edildi. Mən də istər-istəməz intiqam o məsələyə qaytarmağa və cüzi də olsa ondan təkrar bəhs etməyə lüzum görürəm. Çünki orada bəzi sui-təfhim vardır; onlara izah etmək məcburiyyətindəyəm, Ağamalı oğlu türklər haqqındakı danışığında “Müsavat” da əlaqədar tutdu. Keçən nitqimdə mən, sosialistlər türklərin düşmənidir deməmişdim, mənim sözlərimdən belə bir məna da çıxmazdı. Fəqət, möhtərəm Pepinov cənabları kəndi nitqlərində uzun-uzadı bu xüsusdan bəhs edərək hətta alicənab türk şairi Məmməd Əmin bəy cənablarının qəlbinin tərcümanı olaraq qəlbinin ən dərin guşələrindən qopub gələrək heysiyyatlarını misal gətirib, o möhtərəm şairin sərih vicdanına sığınaraq kəndlərini müdafiəyə qalxmışdı. Fəqət, buna hacət belə yoxdu. Çünki sosialistlər xalq tərəfdarı olduqları üçün heç bir millətə düşmən olmadıqları kimi türklərə də düşmən olmazlar, zatən belə olmasaydı sosialist də olmazdılar, bütün dünya beynəlmilliyyətini müdafiə etməzlərdi. İştə bu nöqteyi-nəzərdən əfkar və səmimiyyətlərinə bütün mövcudiyyəti ilə qətiyyən inanmadığım sosialistləri bu fikirdə təsvir etməzdim. Fəqət ortada bir yanlışlıq görünür ki, bu da türklərin dəvət edilməsi məsələsindədir. Əvət bir millət müşkül vəziyyətdə qaldıqda bir qonşusuna müraciət edər. Yardım, imdad istər. O qüvvə təbii o millətin fəhlə və əkinçiləri deyil, mütəşəkkil və müntəzəm əsgəri olacaqdır. Bu surətlə bir qüvvə tələb edilirsə, ərz etdiyim vəch üzrə o qüvvə türk millətini əkinçi və yaxud başqa bir sinfi deyil, ancaq o millətin hökumət və müntəzəm qüvvəyi-əksəriyyəsini çağırmaqdan bəhs edilir deməkdir. Əvvəla türk qüvvəsini buraya cəlb üçün hökumətə təhrirən müraciət olunduqda “Müsavat” deyil sosialistlərdən Əhməd Cövdət də mənim ilə bərabər həmin kağızı imza etmişdir. Ağamalı oğlunun dili topuq çala-çala söylədiyi yanlış nitqinə görə deyil, “Hümmət” firqəsinin Tiflisdə nəşr olunan “Probujdenie” qəzetəsində türklərin Azərbaycana çağırılmasını “Müsavat” tərəfindən bir xəyanət kimi tələqqi edərək durmasından dolayı bu örtülü məsələnin bir dəfəlik üstünü açmağa məcbur olduq. Çünki vaxt gəlmişdir, biz bu vaxtı qaçırmayaraq üzərində xəyalı ilə oynalınan əfkarımızı və nöqteyi-nəzərimizi xalqa, Azərbaycan əhalisinə, hətta bütün dünyaya elan edəlim ki, əvət türkləri Azərbaycana biz çağırdıq, bu fikrimizlə də millətimizə fayda təmin etdik və bu çağırmaqlığımızdan qətiyyən peşiman deyiliz. Hətta heç bəyənmədiyimiz “İttihad” və “Tərəqqi” hökuməti idarəsindəki qüvvəyi çağırdıq. Lakin Türkiyəyə sultan hökumətimi, cumhuriyyətimi yaxud başqa bir tərz idarəsi lazımdır? Burası əsaslı bir məsələdir. Biz hələ iki yarım quberniyalı Azərbaycanı idarə etməkdən aciz ikən böyük aləmi şülum bir məsələdən bəhs etməyin nə məkanıdır, nə zamanı. Əhməd bəy cənablarının buyurduğu və şeirini sübut gətirdiyi Məmməd Əmin bəy cənabları düşkün türk millətinin kəndilərinin halını ağlamaqla bərabər kəndisi də eyni zamanda Məclisi-Məbusan əzasından biridir və lazım bilsəydim ərz edərdim ki, Əhməd bəyin oxuduğu şeirləri də şimdiki hökumətə deyil, Əbdülhəmid istibdadı əleyhinə yazmışdır və Əhməd bəyin bəyənmədiyi hökuməti icraatını təsvib edir. Keçəlim sorğu məsələsinə:

Əlaqədar bulunduğumuz məsələ bizə aydındır. Buraya gələn türk əsgərlərinin hərəkatı tənqid edilməz. Zira onlar əsgər halında gəlmişlərdir, idarə üçün deyil, dedilər. Əvət, bulunduğumuz Türkiyə mərkəzlərindən heç birində heç bir türk siyasisinin azından “biz oraya idarə məqsədi ilə gəlmək istəyiriz” - deyə bir söz eşitmədik. Biz bunu əlbəttə bilirdik ki, türklər burayı idarə etmək və Bakıyı İstanbula qoşmaq istəmirlərdi. Fəqət, burada bizim öz bəylərimiz və paşalarımız vardı ki, nə sürətlə olsa da türkləri böylə bir siyasi xətaya sövq edir, onları iğfal eliyərlərdi. İşdə bu cərəyana qarşı idi ki, “Müsavat” mübarizə edirdi. (Alqış). Əvət, türklər vaxtında gəlmiş, bizi ümumi qırğından xilas etmişlərdi. Onların Azərbaycana nisbətən xidmətinə qarşı azərbaycanlıların ürəyində minnətdarlıq hissi o qədər ülvi, o qədər böyükdür ki, necə ki, Bolqariyaya hüriyyət verən və bulqarları xilas edən rus əsgərlərinə qarşı bulqarların hissi alidir. Biz bunların öz xidmətini əbədilik xatirimizdə saxlamaq üçün məmləkətin çox yerində abidələr qoymalıyız. Fəqət, bu o demək deyildir ki, türklər hər bir xətadan mübərraddırlar və onları tənqid etmək olmaz. Böylə bir ehtiram ümumi əski zəmanələrin bütpərəstlərinə məxsus bir ehtiramdır. Müasir bir iş deyildir. Türklərin bəzilərinin işlətdiyi xətaları tənqid etməsək, uğurumuzda canını fəda etmiş türk qəhrəmanlarına səmimi bir ehtiram bəslədiyimiz təsəvvür olunmasın. O fədailər belə mərami-ehtiramlara düşkün degillər. (Alqış). Əvət, təbiidir ki, heç bir firqə belə tənqidin əleyhinə olmaz. Fəqət, buna da heç kəs razı olmaz ki, imdad əlini vaxtında bizə yetirilmiş olan fədakar insanlar tənqid əvəzinə təhqir edilsinlər. Qara bəy əfəndi türklərin bu fədakarlığını hamıdan daha əvvəl bildiklərini söylədilər ki, hələ 11 il bundan əvvəl Tələt paşa, Ənvər paşa və sairləri mənim yanımda Qafqaziyaya gəlməyə and içmişlərdir. Bu ola bilər. Ehtimal ki, doktor Qara bəy xəbəri tezlik ilə yetirmək üçün dəxi yolunu yarımçıq kəsib tezliklə Qafqaziyaya qayıtdı. (Alqış).

Sonra natiqlər burada bir şeyi bizə istinad etdilər. O barədə də fikrimizi təshih etmək istərəm. Deyirlər ki, “Müsavat” hökuməti müdafiə edir. “Müsavat” hökumət firqəsidir. Bunu bilməlisiniz ki, bizim bütün qüvvəmizlə müdafiə edəcəyiz. Hətta bəzən bila şərt və qeyd tabe olacağımız hökumət yalnız tamamilə müsavatçılardan təşkil edəcək hökumətdir. Zamanki hökumət tamamilə müsavatçılardan deyil və bu saat komissiyon (müştərək)dir. Belə hökumətə biz bəzi şərtlərlə tabe olub, onu müdafiə ediriz. Siz bilirsiniz ki, “Müsavat” parlamentdə əksəriyyət təşkil edən bir mərkəz deyildir. Hökumət hansı firqələrdən təşkil etmişdir. Ona görə heç vaxt “Müsavat” firqəsi hökumət icraatının bütün məsuliyyətini yalnız öz öhdəsinə götürməz. Parlamentimiz və müştərəklik əsası ilə qurulmuş bir hökumətdə də, “Müsavat” əksəriyyət təşkil etmir. Nəinki əksəriyyət, hətta məsuliyyətini öhdəsinə götürəcək dərəcədə məsuliyyətli surətdə belə iştirak etmir. Açıq söyləyəlim: hökumət baş vəzirini biz vermədik, hətta biz nazir verərkən o, ya bu nəzarəti istəyirik deyə israr etmədik. Əgər hal-hazırda hökumət daxilində bizim nazirlərimiz varsa, onlar da istər-istəməz qalmışlardır. Ona görə deyirəm ki, bizim müdafiə etdiyimiz hökumət deyil, hökumət fikri, məmləkətdarlıq fikridir. Müsavatçılar bildirir ki, hökumət olmasa, əhval pərişan, vəziyyət fəna olar, məmləkət dağılar. İştə bu mülahizlərdir ki, müsavatçılar qabaqca ölçür, biçir, etimad edər və bir kərə etimad etdikdən sonra onu yarımçıq geri alıb hökuməti düşürərək məmləkəti başsız qoymaz. (Alqış).

Bizə burada dedilər ki, Quba qəzasında Dağıstana meyl olduğu müşahidə edilir. Mən bunu kamali-məmnuniyyətlə qeyd edirəm ki, bu xəbərləri tamamilə təkzib edərək qəzanın bu barədə nə qədər münfəil olduğunu Quba nümayəndəsi söylədi. Zaqatala nümayəndəsinin dəxi borcu idi ki, bu kürsiyi-müəlladən Rəsulzadəyi tənqid etmək əvəzinə bəyan edəydi ki, Zaqatalada qətiyyən Gürcüstana meyl edən bir firqə yoxdur. (Alqış). O bunu unutdusa, mən cəsarətlə deyirəm ki, zaqatalılar haqqında deyilən bu söz qətiyyən yalandır və onlarda belə təmayül olamaz.

Burada sosialist natiqlərdən Əbilov onlar ilə bizim aramızda olan fərqi isbata çalışaraq dedi ki, Rəsulzadə dünki nitqində quldurlara qarşı tədbir görməkdən bəhs edərkən kəndlərdə firqə şöbələri açmağı təklif etdi, fəqət, demədi ki, kəndlərdə zemstva qurmaq lazımdır, onlar isə zemstvo tələb edirlər. Natiq bununla sübut etmək istəyir ki, guya biz kafi dərəcədə demokrat deyilmişiz, çünki zemstvodan əvvəl firqə təşkilatı tələb etdik. Fəqət, bilməlidir ki, zemstvolar, bələdiyyə idarələri və sair ümumi camaat müəssisələri imanı kamil, etiqadı dürüst siyasi məslək xadimlərinin tərvic etdikləri fikir ilə əmələ gələ bilərdilər. Əgər firqə təşkilatı, fədakar xadimlər və demokratik fikir mürəvvicləri köylərə getməmiş, xalq içinə varmamış onları anlatmamışlarsa, demokratik müəssisələr təşkil edilsə belə həqiqi demokratik olmaz və böylə olan surətdə məqsəd əmələ gəlməz. Demokratik firqələrin fikri bir mayadır. Maya vurmadan qatıq gözləməməlidir. Odur ki, xalq ruhuna bu mayəyi vurmalı, sonra demokratik müəssisə təşkilini gözləməlidir.

Əhməd bəy türklükdən bəhslə deyir ki, biz də türküz, bu doğrudur. Amma türklük ilə türkçülük arasında böyük fərq vardır. O fərq nədir? Türkiyəyi bizə missal gətirirlər ki, orada demokratik firqə yoxmuş və o bəlalar onun üçün onların başına gəlirmiş. Lakin mən deyirəm, millətdə milli ruh, milli idrak, etirafi milliyə, şəxsiyyəti milliyə lazımdır. Biz millətə bunu verməyə çalışırız, sosialistlər ancaq proqram üzərinə danışırlar, iştə onlar ilə bizim firqəmiz budur! Əkinçiyə torpaq, fəhləyə iş vermək şüarı hamı demokratik firqələrin proqramında var. Fəqət, sosialistlər ilə bizim fərqimiz bundadır ki, onlar beynəlmiləlçidirlər, biz isə demokratik millətçi. Millətçi demokratlığın nə qədər camaata faydalı, zamanın tələbinə müvafiq olduğunu Qafqasiya təcrübəsi ilə göstərərək, isbat edərək göstərə bilərəm ki, məsələn, gürcü sosial-demokratiyası camaata nicat vermək üçün nasional-demokratlıq üsulundan başqa bir çarə tapmadı. O da artıq bu yola girdi. (Soldan: yalandır.) Əfəndilər, iştə bu dövləti nöqteyi-nəzərdən məmləkətin əhvalını bilərək, sorulan məsələləri ölçüyə vəz edərək tələb edərdik ki, bütün firqələr hökuməti tənqid edərkən zaman və məkan xaricində deyil, zamanın məkanın daxilində olaraq tələblərini verməlidirlər. Müəyyən bir sorğu varsa əvvəldən bu sorğuya mətləbdən uzaqlaşdırmayaraq məhdud bir vəziyyətdə müdafiə və müzakirə etməlidir. Məsələn, nəzarətdən bəhs edərkən ümumi siyasətə keçmək və hər şeyə qulp qoymaq, yemək, içmək, yandırmaq şeylərindən bəhs edərkən maarif nəzarətini araya soxmaq səhih olmaz. Necə ki, dün neftdən, bezdən bəhs olunarkən gəlib qaradavoylarda durdular. Bizim söylədiyimiz də üsuli tənqiddir. Bu hallar ilə biz pək irəli gedə biləriz.

Qarabəy bizi dünkü nitqində sindiqat ilə də qorxutdu. Bu xüsusda nazir də bəyanat verdi. Ticarət və sənət nəzarətində üsulsuzluq daha çoxdur. Biz onların üstünü örtmək istəmiriz. Biliriz ki, birisinə məsələn, bir şərt ilə, digərinə də ayrı bir şərt ilə icazə verilmişdir. Qüvvətli bir tacir asanlıq ilə digər bir tacir isə pək güclülük ilə icazə almağa müvəffəq olur. Siz bu üsulu dəyişə bilərsiniz. Əlinizdə ixtiyar vardır və mümkündür. Xüsusi bir komissiya intixab edərsiniz, hətta əmr edə bilərsiniz ki, şimdiyə qədər verilmiş icazələr haman bu dəqiqə dayandırılsınlar. Belə ixtiyar və imkan varkən hərçə bada-bad hökuməti düşürəlim, etimad etmiriz deməklə hökumət dəyişdirilirsə, hətta bu hökumət istefa versə ki, onlar belə arzu edirlər, gələcək hökumət dahamı yaxşı olacaq? Və bunların yerində lazım olan bir hökumət bulundura biləcəkmisiniz? Buna etiqadınız varmı? Madam ki, gələcək hökumətin bunlardan daha fəna olacağını özünüz də etiraf edirsiniz. Bu halda hökumətə ehtiram etməlidir. Biz etimadını ciblərində saxlayan “İttihad”ı söyləyiriz. Hərçəndi onlar belə Zaqatala yolları haqqında formul verərkən və qəbul etdirərkən kəndiləri bilmədən etimadlarını ciblərindən çıxarıb bir kərə hökumətə bəyanietimad etmiş oldular. Fəqət, onlar etimadlarını ciblərində saxlaya bilərlər. Amma əvvəldən etimad etmiş olan firqələr o vaxt etimadlarını geri götürə bilərlər ki, ortada mühüm bir təbəddülat olsun. Yəni deyə bilsinlər ki, etimad verərkən filan şey vardı şimdi yoxdur, yaxud o vaxt yoxdu, şimdi vardır. İştə məsələyə belə nöqteyi-nəzərdən baxıb bizlər əvvəldən olduğu kimi şimdi də hökumətə etimadımızda baqi qalırız. Ticarət və sənaye nəzarətindən bəzi yolsuzluqlar haqqında isə onların rəfi çarəsinə baxılmalı və bu xüsusda hökumət yolu ilə ixtaratda bulunmalıdır. Kürsüdən düşmədən əvvəl Aslan bəy Qaraşovun bir sözü haqqında bir neçə kəlmə danışmaq istərəm. Aslan bəy söylədi ki, nə üçün “Müsavat” “xəyanət” sözünü işlətmir.

“Müsavat” firqəsi naminə söz söyləyənlər pək əla bilirlər ki, hanki sözü nə vaxt söyləmək olar və nə vaxt olmaz. “Müsavat” söz söyləyərkən söylədiyi sözləri əvvəla vəz edərək ölçər, biçər danışar. “Müsavat” xəyanət dedimi, sözünü haman isbata qalxar və isbat edər. “Müsavat” bilir ki, məbusluq sözü və kürsüsü mötəbərdir, məbus söylədiyi sözdən məsul deyildir, hər şeyi söyləyə bilər. Fəqət, məaddətən məsul deyilsə də mənəvi məsuliyyət vardır. Bu etibarla xəyanət sözündən bəhs etdikdə onu havaya tullamayır, məsuliyəti düşünərək sözlərimizi boşuna sərf etməyiz və bunu məbusanə dəxi tövsiyyə etməyiz. (Mərkəzdən alqış).

Fətəli Xan Xoyski (Baş vəzir) - Möhtərəm məbuslar! O günlər ki, siz neçə dəfələrlə mənə müraciətən bu hökumətin təşkilinə məni vadar etdiniz, mən birinci bəyanatımda sizə demişdim, inşaallah yadınızdan çıxarmamışdır. Mən o vaxt sizə dedim ki, belə xətləri bir zamanda heç kəs cəsarət edib zimali hökuməti əlinə ola bilməz. Bununla bərabər əgər biz o vəzifəyi öhdəmizə götürürüksə, ancaq sizin sidq dili ilə hökumətin dalında durub kömək edəcəyinizə ümid oluruz. Buna inanıram, əgər görsəm ki, sədaqət yoxdur, bir dəqiqə hökumət başında durmaram. Bunu mən o vaxt dedim və bu sözlər yaddan çıxmazlar. Əlbəttə, mən bilirəm ki, hökumətə kömək cürbəcür olar, sorğu vermək özü də bu cür köməkdir. Bəzi vaxt elə məqam olur ki, bəzi şeylər barəsində tədbir görmək yaddan çıxır, bəlkə hətta hökumətin bəzi şeydən xəbəri olmur. Elə ittifaqlarda gərək məbuslar sorğu vasitəsi ilə əhvalı hökumətə bildirsinlər, borcludurlar soruşsunlar, məsələn, filan kənddə buğda yığırlar, hökumətə məlumdurmu, filan iş niyə belə olur, hökumət buna bir çarə edirmi? Belə sorğular parlament tərəfindən hökumətə bir köməkdir. Heç hökumət belə sorğudan inciməz. Əgər bir əsas doğru deyilsə, parlament sorğu versin, düzəlməsin tələb etsin. Biz sorğuyu həmişə artıq dərəcə məmnuniyyətlə qəbul edəriz. Amma, möhtərəm məbuslar, sorğu da var, sorğu da var. Bir sorğu var ki, atanın oğluna verdiyi nəsihət. Bir sorğu da var ki, zəhərli, bədxahlıq sorğusudur. Zənn edirəm, bu ikinci kimi sorğular ilə iş heç vaxt qabaqca getməz. Belə sorğu parlament ilə hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir. Aya bu zamandır ki, hökumətə badalaq vurulsun? Aya Azərbaycanın halı elədirmi ki, hökumət ilə süpürüşülsün. Belə də sorğu olar?

Bu elə bir zamandır ki, gərək hökumət ilə məhəbbət dili ilə danışasan.

Hökumətə deyəsən, filan işdə səhv var, gəl biz də sənə kömək edək düzəldək, bunu belə eləmək lazımdır. Hökumət ilə bu dillə danışmaq gərəkdir. Belə olsa hökumət üçün köməkdir. Mən belə bilirəm ki, heç hökumət ilə özgə dil ilə danışmaq olmaz və hökumət qəbul etməz ki, danışılsın. Mənimi yoldaşlarım burada puldan ötərmi, yaxud yox olan ixtiyardan ötərmi əyləşmişlərdir? Aya bu müqəssirlər skamyasıdırmı ki, hərə gəlib bir söz desin, bir ləkə yapışdırsın? Aya, bizim tərəfimizdən böyük fədakarlıq, millətə böyük xidmət deyilmi ki, öz səlamətliyimizi, bu saat bazarlarda danışılan təmiz adımızı və rahatlığımızı millətə fəda edərək bu skamyalarda əyləşiriz, hərə bir söz deyir, hətta ixtiyarımız yoxdur onlardan bir qədər ehtiramla davranmağı tələb edək? Doğrudur, çox şeylər olub, nəzarətlərdə çox qüsurlar var, məmurlar rüşvətlər almışlardır, bəzi üsulsuzluqlar olur, bunların heç birini gizləyən, pərdələyən yoxdur. Hökumət bunu bilir, əlindən gələn işləri eyləyir və eyləyəcəkdi də. Müqəssirlərin taqsırını aydınlaşdırmaq üçün istintaq edilir, sonra məhkəməyə veriləcəklərdir. Bu barədə nazirlər bəyanat verdilər. Ancaq mən bunu da deməliyəm ki, bununla bərabər hökumət bir fövqəladə istintaq komissiyonu da təşkil edir ki, bu işlərə baxsın. Çünki adi istintaq və məhkəmələr kifayət etmirlər. Fövqəladə komissiya lazımdır. Hökumətin borcudur bu işləri görsün, görəcəkdir. Mənim fikrim bunları göstərmək deyil, əsl mətləb sorğunun mahiyyətindədir. Bu sorğu adi deyil, heç parlamentə belə sorğu görülməmişdir. Adət belədir ki, hökumətə soraq verəndə əvvəlcə deyirlər ki, filan yerdə filan şey olubdur. Filankəs filan işi görübdür, bu hökumətə məlumdurmu və nə tədbir görür? Sorğu belə olar. Yoxsa heç bir şey göstərmədən sorğu verəsən, hökumətdən cavab aldıqdan sonra başlayasan ki, xeyir belə deyildir, filan-filan olubdur. Bu sorğu deyil, dalında yumruq, cibində daş gizlətməkdir ki, hökuməti qəflətən vurasan, belə sorğuya nə cavab vermək olar. Parlamentdə heç belə adət yoxdur və bu hökumət dili deyildir ki, hökumət ilə bu dil ilə danışırlar. Hər şeyin xasiyyətinə fikir vermək lazımdır. Siz gərək həmişə nəzərdə tutasınız, hökumət ki bu övzandə dolanır, bu nə alimdir, nə övzadır. Bunu siz bilirsiniz, çünki mümkün deyil, parlamentdə oturanlar bilməsinlər. Siz bunu bilirsiniz ki, Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. Bildiniz, indi elə vaxtdır ki, nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər. Belə mühüm zamanlarda hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək olarmı? Bu məqamda bu cür sorğu verilir, aşkardır ki, bu xeyirxahlıq fikri ilə verilmiş xeyirxahanə sorğu deyildir.

Bilirsiniz ki, hökumətin həftədə 5-6 iclası olur, gecə saat ikiyədək otururuz, lakin bu neçə vaxtda iş o qədər olmuşdur ki, sıradakı məsələlərə keçmək mümkün olmamışdır. Xarici siyasət o qədər olmuşdur ki, sıradakı məsələlərə keçmək mümkün olmamışdır. Xarici siyasət o qədər hücum edir ki, bu halda mümkündürmü hökumət gedib sənin bezlərini ölçsün? Azərbaycanın başına bir bəla gələrsə, onda bez nəyə gərək, çit və neft nəyə gərək olar? Gərək elə etməyəsiniz ki, hökumətin səbr kasası dolsun. Belə olsa Azərbaycan üçün çox xətalar çıxar. Hökumət dəyişməklə bir qarışıqlıq çıxarsa, onda bütün millətə deyirəm. Qoy millətin günahı və xətanın məsuliyyəti tamamilə hökuməti yıxanların öhdəsinə düşsün. Qabaqda bu məsələ ayrı cür idi, şimdi dil bir az dəyişibdir, dün hökumətə hamı bir təpik vururdu. Eybi yoxdur, bu da keçər. Sanki belə bir səvab mərhəmət etmişlər, elə bil biz öz kafimizlə buraya gəlmişik sanki bizə deyirlər bu dəfə taqsırımızdan keçib sizi dəyişmiriz, gələn səfər belə qələt etsəniz görərsiniz nə edərik? Aya, bu olar? Aya, hökumət ilə bu diləklərlə danışarlar? Mənim qulağıma yetişdiyinə görə parlament üzvlərindən birisi digərinə deyibdir ki, hətta Biçeraxov və Denikinin köməyi ilə də olsa bu hökuməti yıxacağam. (Mərkəzdən və soldan: Eyib olsun, eyib olsun!). Lazım gəlsə o adamın adını da deyə bilərəm. Aya bilirsiniz, Biçeraxov kimdir? Denikin kimdir? Bunlar o adamlardır ki, Azərbaycanın adını da çəkməyə qoymazlar. Aya, hökumət ilə süpürüşmək istəyən bu cür adamlar parlamentdə otura bilərmi? Xayır! (Mərkəzdən, soldan alqış). Hökumət ilə parlament arasında qeylü-qal çıxarmaq vaxtı deyil.

Möhtərəm məbuslar! Fikirləşin, bu məqam, nə məqamdır, bu məsuliyyət nə məsuliyyətdir? Gördüyünüz işləri düşünmək, fikirləşmək lazımdır. Əgər düşünülsə, bir adam tapılmaz ki, deməsin, bu danışılan dil hökumət ilə danışılan dil deyildir. Belə qorxulu zamanda dalğalar arasında bulunan qayğımızın bir tövr salamata çıxaraq ki, məqsədlərimizə müvəffəqiyyətlə nail ola bilək! (Mərkəzdən, soldan alqış!).

Bu nitqdən sonra zeyldəki üç formula (təklif) varid olur:

Sosialistlərin təklifi:

“Bizim sənayemizin ən qiymətli məhsulatının alış-veriş və camaat içərisində təqsimi barəsində verilən sorğulara hökumətin izahatını dinləyib Azərbaycan Məclisi-Məbusanı bu məsələnin əhali və cümhuriyyət üçün böyük əhəmiyyəti olduğunu və bunun lazımi surətdə qaydaya qoyulmasını qeyd edərək, əhvali-fövqəladədən dolayı məmurların xidmətlərində göstərdikləri sui-istemaları və həmçinin möhtəkirlik və əksinqilab hərəkətlərinin şiddətli qanunlar ilə önünü almaq lazım olduğunu nəzərə alıb qət edir ki;

1.Sui-istemallar və ehtikar işlərini müəyyən və istintaq etmək üçün bir fövqəladə parlament komissiyonu intixab etməli,

2.Məmurların xidmətlərindəki sui-istemalları, möhtəkirliyi və əksinqilab işlərini mühakimə üçün təşkil ediləcək Ali Tribunalın qanun layihəsini düzəltmək üçün bir komissiyon intixab etmək. Və bununla növbədəki məsələlərə keçir.

“Müsavat”ın təklifi:

1.Vaqe olan sorğuya qarşı hökumətin verdiyi bəyanatı kafi görərək Məclisi-Məbusan növbədəki məsələlərin müzakirəsinə keçir.

2.Eyni zamanda məmləkət hasilatının eyni bir surətdə idarəsi və ərzaq işinin müvafiq surətdə idarəsi üçün lazım gələn tədbirləri görmək məqsədi ilə parlament komissiyonunun təşkilinə lüzum görürüz.

Ağa Aşurovun təklifi:

“Hökumətin sorğulara olan cavabını eşidərək, Məclisi-Məbusan hökumət rəisinin göstərmiş olduğu tədbirlərin tezlik ilə görülməsi arzusunu izhar edərək və hökumətin bəyanatını kafi görərək növbədəki məsələlərin müzakirəsinə keçir.”

Təkliflər səsə qoyulduqda “Müsavat” kəndi təklifinin birinci qisminin Aşurovun təklifinə dəyişərək, yarısı Aşurov, yarısı “Müsavat” təklifindən ibarət olmaq üzrə aşağıdakı qərarnamə qəbul edilir.

Hökumətin sorğulara olan cavabını eşidərək Məclisi-Məbusan hökumət rəisəsinin göstərmiş olduğu tədbirlərin tezlik ilə görülməsi arzusunu izhar edərək və hökumətin bəyanatını kafi görərək növbədəki məsələyə keçir.

Eyni zamanda məmləkət hasilatının eyni bir surətdə və ərzaq işinin müvafiq bir surətdə idarəsi üçün lazım gələn tədbirləri görmək məqsədi ilə parlament komissiyonunun təşkilinə lüzum görür.

Davamı dekabrın 30-da olacaq...
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed