Şrift:
Rəsulzadə ailəsinin amansızcasına sürgünə göndərilməsi – Cəhənnəm əzablı günlər
27.12.2017 [10:54] - Xəbərlər, DAVAMın yazıları
Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə yendə də böyük Məhəmməd Əmin Rəsulzadədən, daha doğrusu, onun bu həyatda ikinci ən böyük nisgilindən danışacağıq. Rəsulzadənin birinci böyük nisgili Vətən, millət idi, təbii ki. Ikincisi isə, ailəsi... O, ömrünün son gününəcən ailəsinin bütün üzvlərindən nigaran qaldı. Baxmayaraq ki, anası, xanımı, bacısı, oğlu ölmüş, bir qızını don vurmuş, biri isə itkin düşmüşdü. Sağ qalan yeganə varisi Azərdən isə xəbər tuta bilmirdi.

Azər beşikdə olanda ölkəni tərk etmək məcburiyyətində olan Məhəmmədəmin gizli yollarla evinə gəlir. İki aylıq uşağı qucağına alır. Evdə deyirlər ki, sən həbsdə olanda dünyaya gəlib, adını da Əliheydər qoymuşuq. O, etiraz edir. Deyir ki, yox, bu uşağın adı Azər olacaq! Bunu deyir, körpənin üzündən öpür və ailəsi ilə həmişəlik sağollaşır.
Azər dəhşətli taleyə sahib Rəsulzadə ailəsinin ən uzunömürlü övladı olur. Ailə ilə bağlı bütün xatirələri də məhz o sonradan ayrı-ayrı vaxtlarda danışır. Onlardan biri də, Rəsulzadə ailəsinin sürgünə necə yollanmaları barəsindədir:

“Axşamüstü anam getmişdi xalamgilə, maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harada olduğunu soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapır və geri alır). Sonra bizi maşına mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin gün güclü yağış yağırdı. "Azneft" meydanını su basmışdı. Bizi aparan maşın çətinliklə gölməcələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı...

Ailəmizi həbs edəndən sonra bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə göndərilənlər çox olduğundan biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə, demək olar ki, heç nə götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə gedirdi. Qoca nənəm dindar adam idi. Özgə kişilərin yanında bayıra çıxmamaq ucun düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana, Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən nənəm uzun müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu...”.

Qeyd edək ki, Azər bu xatirələri şəxsən araşdırmaçı alim Nəsiman Yaqubluya danışıb. Nəsiman müəllim də özünün bir neçə monoqrafiyasında bu xatirələrdən bəhrələnib.

Elmin Nuri
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed