Şrift:
Qüdrət Həsənquliyevin prezident seçkisində vahid namizəd planı
29.12.2017 [10:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Partiya sədrinin təklifinə parlament partiyalarının rəhbərlərindən reaksiya

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin “Reytinq”ə verdiyi müsahibə ciddi maraq doğurub. Partiya sədri seçkilərdə iştirakla bağlı suala cavab verərkən, parlament partiyalarının bu seçkilərdə vahid namizədlə iştirak edə biləcəklərinin anonsunu verib.

“Biz çalışacağıq ki, əvvəlki illərdə olduğu kimi, digər partiyalarla danışıq aparaq. Proqramı, siyasi kursu, hakimiyyətə münasibətdə davranışı, mövqeyi bizim partiyaya yaxın olan partiyalarla müzakirə aparıb vahid namizədlə çıxış edə bilərik. Vahid namizəd mən də, başqa partiyanın nümayəndəsi də ola bilər. Hesab edirəm ki, bizim kimi mötədil müxalif partiyaların vahid namizədinin olması doğru olardı. Onsuz da radikalların öz namizədləri olur. Hətta bir yox, bir neçə namizədlə qatılmaları gözlənilir. Bizim kimi partiyaların vahid mövqedən çıxış etməsi labüddür. Çünki bizim baxışların, yanaşmanın cəmiyyətdə yayılmasına ehtiyac var. Yəqin ki, seçkiyə 6 ay qalmış bu istiqamətdə ciddi danışıqlar aparacağıq. Seçki ərəfəsində artıq dəqiq bilinəcək ki, seçkiyə təkbaşına, yoxsa müttəfiqlərin namizədi ilə qatılırıq”.

Müxalif parlament qurumlarının Q.Həsənquliyevin dediklərinə mövqelərini aldıq.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, ölkədə milli mənafeləri əsas götürən partiyalar milli demokratik qüvvələrdir: “Bu gün parlamentdə təmsil olunan partiyaların tribunaları genişdir. Mövqelərimiz də bir-birinə yaxındır. Düşüncələrimizi təbliğ etməyə çalışırıq. Bizim məsələlərə münasibətimiz qərəzli deyil. Hansı partiya və ya lider olursa-olsun, milli mövqedən çıxış edirsə, onunla birlikdəyik. Bunun əleyhinədirsə, qarşısındayıq. Müxalifətçiliyimiz budur. Biz düşüncələrimizi bu yollarla hakimiyyətə daşımaq istəyirik. Qüdrət bəyin bu fikirləri maraqlıdır. Amma bu barədə mənə hələ müraciət olunmayıb. Əgər belə bir müraciət olarsa, təbii ki, bunu biz partiyada müzakirə etməliyik. Lakin hələ partiyanın nə seçkilərdə iştirak, nə də koalisiya şəklində seçkilərə qatılmaqla bağlı qərarı yoxdur. İstənilən halda seçkilərdə qalib gəlmək üçün qüvvələrin güclərini birləşdirib, bir yerdə seçkilərdə iştirakı vacibdir. Əgər müzakirələrin sonunda koalisiya şəklində seçkilərə getmək şansı yaranarsa, o zaman Qüdrət bəyin dediklərinə tam münasibət bildirmək olar”.


Vəhdət Partiyasının sədri Tahir Kərimli: “Qüdrət bəyə dəyərli fikirlərinə görə təşəkkür edirəm. Hər halda, biz bu təklifi, arqumentləri dinləməli, partiyada müzakirə etməliyik. Açığı, indiki halda partiyamızın seçkilərə qatılıb qalib gəlmək imkanları mümkünsüz görünür. Koalisiya şəklində seçkilərə qatılıb, uğur qazanmaq imkanları barədə də ciddi şübhələrim var. Bu məsələni ciddi şəkildə götür-qoy etməliyik. Yəqin ki, Qüdrət bəy belə fikirlər səsləndiribsə, bu istiqamətdə danışıqlar, təşəbbüslər də olacaq. O fikir mübadilələrinə uyğun da qərar qəbul edərik. O zaman daha çox koalisiya şəklində seçkilərə qatılarıqsa, qalib gəlmək şanslarımızın olub-olmayacağına daha çox aydınlıq gətirərik. İndiki halda partiya rəhbəri kimi bu suala cavab verməyə çətinlik çəkirəm. Ola bilər ki, bizim bilmədiyimiz, ciddi arqumentlərə söykənən daha çox hallar mövcuddur. Hər halda, bunları dinləyərik, ağlabatan bir şey olsa, əlbəttə dəyərləndirərik”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa təklifin konstruktiv olduğunu söylədi: “Bu təklif müzakirə oluna bilər. Çünki burada əsas olan mövqelərin diqqət mərkəzinə çatdırılmasıdır. Parlamentin müxalif partiyaları bir-birinə yaxın mövqelərdən çıxış edirlər. Ölkədə islahatların tədricən həyata keçirilməsi və hakimiyyətin demokratikləşmə paketini gerçəkləşdirməsi istiqamətində çağırışlar ortaya qoyurlar. Bu məsələdə ümumi bir razılığa gəlmək mümkündür. Belə bir ortaq mövqe formalaşarsa, müsbət bir nəticə əldə etmək olar. Vahid namizədlə çıxış etmək daha doğru olar. Çünki məqsəd çoxluğun seçkidə iştirak etməsi deyil, məqsəd platformaların, fikirlərin, düşüncələrin burada müəyyən rol almasıdır. Bu baxımdan, belə bir təklifi dəyərləndirmək olar”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed