Şrift:
Anar Bağırov: Azərbaycanda vəkilliyin daha mütərəqqi instituta çevrilməsi istiqamətində innovativ tədbirlər görülür
29.12.2017 [10:37] - Hüquq
Ölkəmizdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, insan və vətəndaşların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı mütərəqqi islahatlar aparılır, xüsusilə vəkillərin sayının artırılması, vəkillərə olan etimadın gücləndirilməsi, habelə son nəticədə vəkilliyin nüfuzunun artırılması üçün işlər görülür.

Bununla əlaqədar oxucuları ətraflı məlumatlandırmaq üçün Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Hörmətli Anar müəllim, məlum olduğu kimi, bu il dekabrın 7-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirildi. Konfransda Siz Vəkillər Kollegiyasının yeni sədri seçilmisiniz. Bu münasibətlə Sizi təbrik edir və vəkilliyin inkişafı ilə bağlı gələcək işlərinizdə uğurlar arzulayırıq. Bilmək istərdik, bundan sonra Azərbaycan vəkilliyinin inkişaf etdirilməsi naminə ümumi olaraq nələr gözlənilir?

- Çox sağ olun. Həqiqətən dekabrın 7-dəki konfrans Azərbaycan vəkilliyinin tarixində müsbət mənada yadda qalmaqla bərabər, vəkilliyin gələcək inkişaf prioritetlərinin müəyyən olunmasında müstəsna rol oynayacaq. Bu prioritetləri də şərtləndirən bir sıra amillər mövcuddur. Bu amilləri biz həm vəkilliyin daha mütərəqqi instituta çevrilməsi istiqamətindəki yeni, innovativ tədbirlər qismində, həm də bu sahədə mövcud problemlərin həlli və bu həllərin gətirəcəyi yeniliklər prizmasından qiymətləndirə bilərik.

Konfransın gündəliyinə əsasən, həmin tədbir çərçivəsində nəinki Kollegiyanın yeni sədrinin seçilməsi, həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, İntizam Komissiyasının üzvlərinin seçkisi keçirilib, Vəkillər Kollegiyasının bir sıra sənədlərinə, xüsusilə Vəkillər Kollegiyasının Nizamnaməsinə dəyişikliklərin edilməsi, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyasının qəbulu üzrə səmərəli müzakirələr aparılıb.

Qeyd olunmalıdır ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, habelə Vəkillərin İntizam Komissiyasının tərkibinə bir çox təşəbbüskar, xaricdə təhsil almış, müxtəlif xarici dilləri bilən vəkillər daxil olub. Əminik ki, bu da Kollegiyanın fəaliyyətinə yeni dinamikanın gətirilməsinə rəvac verəcək.

Bundan başqa, qeyd olunduğu kimi, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyasının vəkillərin müzakirəsinə çıxarılması da təsadüfi hal olmamaqla, vəkillərin davranışı ilə bağlı deontoloji qaydaların mütərəqqi beynəlxalq standartlara yaxınlaşması məqsədini daşıyıb. Bu mənada, əminik ki, adı çəkilən bu mütərəqqi dəyişikliklər vəkilliyin daha da institusionallaşmasına zəmin yaratmaqla, gələcəkdə vəkil peşəsinin nüfuzunun artmasında öz sözünü deyəcək.

Məsələyə digər tərəfdən baxdıqda, bu dəyişikliklər hadisələrin təsadüfi axarının nəticəsi olmamaqla, artıq ölkəmizdə neçə illərdir ki, aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına dəstək, hətta onun bir parçası kimi qiymətləndirilməlidir. Təbii ki, vəkillik də məhkəmə hüquq sisteminin mühüm qollarından biri olmaqla, bu sistemin sağlam bütövlüyünün təmin edilməsində xüsusi yerə malikdir ki, bu mənada, vəkillik sahəsində aparılan islahatlar hüquq sisteminin digər qollarında aparılan islahatlarla üzvi şəkildə səsləşməlidir. Təsadüfi deyil ki, bu günə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş insan hüquqlarının müdafiəsi məsələlərinə həsr olunmuş dövlət, milli fəaliyyət proqramlarının hamısında Azərbaycan vəkilliyi unudulmayıb və çoxsaylı faydalı tövsiyələr verilib. Misal kimi, 2004-cü ildə qəbul olunmuş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramını, 2007-ci ildə qəbul olunmuş Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanı, 2011-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını göstərə bilərik. Bu sənədlərdə vəkillik institutunun təkmilləşdirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması, vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, vəkillik institutunun müstəqilliyinin təmin edilməsi, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılması məsələləri xüsusilə vurğulanıb.

- Bilirik ki, bu yaxınlarda nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı bir sıra normativ hüquqi aktlara dəyişikliklər edilib. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, düz buyurursunuz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 7 noyabr tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual məcəllələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununa dəyişikliklər təsdiqlənib. Həmin qanunlar ilə vəkillik institutunun hüquq sistemində yerinin gücləndirilməsi, peşəkar və yüksək keyfiyyətli hüquqi yardımın məhz vəkillərə həvalə edilməsi qərara alınıb. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamında ölkədə vəkillərin sayının artırılması məsələsi Vəkillər Kollegiyasına tövsiyə olunub ki, artıq bu günədək bu sahədə Kollegiya tərəfindən bir sıra addımlar atılıb. Belə ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən fərdi sahibkar qismində fəaliyyət göstərən hüquqşünasların vəkilliyə sənədlərinin qəbulu barədə qərarlar qəbul edilib. Bundan başqa, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş ilkin razılığa əsasən, gələcəkdə vəkilliyə qəbulun müntəzəm şəkildə həyata keçirilməsi planlaşdırılır.

Ümumiyyətlə isə ölkəmizdə 1995-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başladılmış hüquq islahatlarının bəhrələrindən biri 1999-cu ildən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” yeni qanun əsasında fəaliyyət göstərən vəkillərin peşəkar birliyi olan Vəkillər Kollegiyasıdır. Ötən dövr ərzində Vəkillər Kollegiyasının fəaliyyətinin təkmilləşdirilməsi hüququn digər sahə və qollarında aparılan islahatlar ilə uzlaşdırılıb, dövrün tələbinə əsasən vəkillik haqqında qanunvericiliyə çoxsaylı mütərəqqi dəyişikliklər edilib.

Xüsusilə, məhkəmələrdə yalnız vəkillər vasitəsilə təmsil olunmaq məsələsinə gəldikdə isə qeyd etmək yerinə düşər ki, ümumiyyətlə beynəlxalq təcrübədə hüquqi xidmətlərin vəkillik institutunun çətiri altında təmərküzləşməsi tendensiyası mövcuddur. 2012-ci ildə Avropa İttifaqı ilə birgə Avropa Şurasının müvafiq qurumları tərəfindən hazırlanmış “Vəkil peşəsinə dair” hesabatda Azərbaycanda vəkilliyin vəziyyəti ilə bağlı belə bir tövsiyə ifadə olunub: “Azərbaycanda mülki işlərdə nümayəndəlik istənilən şəxs tərəfindən həyata keçirilə bilər. Bu hal Avropa standartlarına cavab versə də, hüquqi yardımın daha səmərəli şəkildə göstərilməsi üçün ekspertlər təklif edirlər ki, mülki işlərdə nümayəndəliyin daha çox vəkillərin inhisarına verilməsi məsələsinə baxılmalıdır”. Bu tövsiyədən çıxarılan nəticə odur ki, hüquqi yardımın məhz vəkillər tərəfindən göstərilməsi daha effektlidir. Dünya təcrübəsində, habelə beynəlxalq sənədlərdə istifadə olunan “vəkillərin inhisarı” ifadəsi mənfi mənada anlaşılmır. Çünki bu istilahdan mötəbər beynəlxalq sənədlərdə, hesabatlarda tez-tez istifadə olunur və onun istifadəsi yuxarıda qeyd edilən amillərə görə normal qarşılanır.

Eyni zamanda, hazırda ölkəmizdə ən geniş yayılan problemlərdən biri vəkil adından qanunsuz istifadədir ki, bu praktikadan vəkillik haqqında qanunvericiliyə son dəyişikliklərədək ən çox həm məhkəmələrdə nümayəndəlik edən, həm də məhkəmələrdən kənar hüquqi yardım xidməti göstərən şəxslər yararlanırdılar. Bu sahədə mövcud problemlər aradan qaldırılmaqla qeyri-vəkillər tərəfindən vəkil adından sui-istifadə halları aradan götürüləcək, dolayısı ilə vətəndaşların qeyri-peşəkarlar tərəfindən aldanılmalarının qarşısı alınacaq. Məhz bununla bağlı Vəkillər Kollegiyası bu günlərdə dövlət orqanlarının və vətəndaşların bu kimi xoşagəlməz halların qurbanına çevrilməmələri üçün vəkil adından qanunsuz istifadə edən şəxslərə mətbuat vasitəsilə xəbərdarlıq edib. Həmin xəbərdarlıqda gələcəkdə belə şəxslər barəsində ölçü götürülməsi üçün müvafiq hüquq mühafizə orqanlarına müraciət ediləcəyi xüsusi vurğulanıb.

Gördüyünüz kimi, vəkillik institutunun inkişafının yeni fazaya qədəm qoyması üçün gələcəkdə çoxsaylı tədbirlərin həyata keçirilməsi qaçılmazdır. Bu işlərin öhdəsindən uğurla gəlmək isə yalnız Vəkillərin Kollegiyasının rəhbərliyinin gücü xaricində olmaqla, bu təşəbbüsə Vəkillər Kollegiyasının orqanlarında təmsil olunmayan digər peşəkar vəkillərin cəlb edilməsi də zəruridir. Bunun üçün sədr seçildikdən qısa müddət sonra vəkil qurumlarında həmin qurumlara təhkim olunmuş vəkillər ilə tərəfimizdən geniş tərkibli görüşlər keçirilib və bu kimi görüşlərin müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur. Həmin görüşlərdə vəkillərin peşə fəaliyyətlərinin icrası zamanı qarşılaşdıqları problemlər dinlənilir, onlar tərəfindən verilən təkliflər Vəkillər Kollegiyasının gələcək fəaliyyətin daha da səmərəliləşdirilməsi məqsədilə ümumiləşdirilir.

- Anar müəllim, siz vəkilliyin problemlərinin həlli məsələsinə ötəri toxundunuz. Oxucularımızın əksəriyyətinin hüquqşünas olmadığını nəzərə alaraq, onları məlumatlandırmaq naminə həll edilməsi vacib olan məsələlər barədə fikirlərinizi bir qədər ətraflı bilmək pis olmazdı.

- Təbii, əgər planlardan danışırıqsa, bu planların həyata keçirilməsi üçün vəkillikdə olan cari problemlərə toxunmadan keçmək olmaz. Bu gün vəkil olaraq Kollegiyanın hər bir üzvünə vəkillik sahəsində mövcud problemlər aşağı-yuxarı məlumdur. Ona görə də növbəti beş il ərzində Vəkillər Kollegiyasının çiyinlərinə düşən vəzifələr ən azından aşağıdakı problemlərin həllindən ibarətdir ki, bunun öhdəsindən nə dərəcədə gələcəyimizi isə zaman özü göstərəcək.

Lakin problemlərdən danışmazdan əvvəl, Kollegiyamızın gördüyü müsbət işlər haqqında da bir neçə kəlmə deməsək, haqsızlıq olardı. Bildiyiniz kimi, Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsində öz nümayəndələri vasitəsilə təmsil olunmaqdadır. Habelə heç kimə sirr deyil ki, bu gün ölkəmizin hakim korpusunun formalaşdırılmasında vəkillərin sayı o qədər də az deyil. Bu mənada, qeyd olunan orqanların işində vəkilliyin uğurlu təmsilində Vəkillər Kollegiyası özü maraqlıdır. Bu cür uğurlu təmsil olunma vəkilliyin nüfuzunun artması məsələsində də əhəmiyyətlidir.

Bununla belə, problemlərdən danışarkən, ilk əvvəl qeyd etməliyik ki, bu gün ölkəmizdə vəkillərin sayı kifayət qədər deyil. Əgər biz bu gün Azərbaycan vəkilliyinin sıralarına gənc vəkillərin qoşulmasında maraqlıyıqsa, vəkilliyə qəbul ilə əlaqədar iş stajına dair cari qanunvericiliyimizin tələbinə diqqət yetirməliyik. Hazırda qanunvericilikdə vəkilliyə qəbulla bağlı ən böyük maneə vəkillərdən ixtisasları üzrə minimum 3 illik iş stajının tələb olunmasıdır. Bu, öz növbəsində universiteti təzə bitirmiş gənc hüquqşünasların bu peşəyə gəlmələrində maneədir. Həmçinin gənclər üçün zəruri staj əldə etmək məqsədilə hüquq ixtisası üzrə iş tapmaq obyektiv səbəblərlə bağlı çətin ola bilər. Çünki əksər şirkət və müəssisələr işə adətən stajlı hüquqşünasları götürməyə üstünlük verirlər. Bu sahədə beynəlxalq təcrübə belədir ki, xarici ölkələrin hüquq sistemlərinin bir çoxunda vəkilliyə namizədin ilk öncə yazılı imtahanda iştirak etməsi, daha sonra isə hüquq ixtisası üzrə iş stajına yiyələnməsi qaydası müəyyən olunub. Bundan əlavə, nəzərdə tutulmuş iş stajının əksər hallarda ölkədə mövcud olan vəkil qurumlarında, yaxud da fərdi qaydada fəaliyyət göstərən vəkillərin yanında keçirilməsi, staj müddətinin isə bir il olması nəzərdə tutulub. Bu praktikanın səbəbi namizədin vəkillik peşəsinin xüsusiyyətləri və incəliklərinə dərindən yiyələnə bilməsi, namizəd tərəfindən vəkilin daşıdığı məsuliyyət, eləcə də ictimai vəzifələrin tamamilə dərk olunmasıdır. Buna görə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununda qeyd olunan üç illik iş staj müddətinin qısaldılması mütərəqqi addım olardı.

Vacib hesab etdiyim digər bir məsələyə toxunmaq istərdim. Hazırda ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi üzrə mühüm işlər görülməkdədir. Bu, xüsusilə dövlət orqanlarının fəaliyyətinə aiddir. Təəssüf ki, eyni şeyi hələ ki, vəkillik sahəsinə aid edə bilmirik. Məsləhətxanaların kompüterləşmə səviyyəsinin aşağı olması bir sıra təşkilati işlərin operativliyinə təsir göstərməkdədir. Buraya vəkil qurumları sisteminin şəbəkələşdirilməməsi də daxildir. Eyni zamanda, bura vəkilliyin mərkəzləşdirilmiş elektron şəbəkəsinin olmamasını da daxil edə bilərik. Vəkillik fəaliyyətinin şəbəkələşdirilmiş vahid elektron sisteminin olmaması bu sahənin mərkəzləşmiş qaydada idarə olunmasında, vəkil qurumlarında işlərin səmərəli təşkilində, gələcək inkişaf proqnozlarının müəyyənləşdirilməsi üçün statistik hesabatların hazırlanmasında çətinlik yaradır. Həmin sistemin mövcud olmaması vəkillik sahəsinin şəffaflığına da mənfi təsir göstərməkdədir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq vəsaitlərin cəlb olunması vasitəsilə bir neçə il ərzində problemin həlli mümkündür.

Qeyd olunan tədbirlər ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmələrə çatımlılıq baxımından da faydalıdır. Həmçinin gələcəkdə zərurət yaranarsa, qardaş Türkiyə Respublikasının UYAP adlı mütərəqqi təcrübəsində olduğu kimi, “elektron-vəkilliy”in “elektron məhkəmə” informasiya sistemi ilə uzlaşdırılması düşünülə bilər. Heç kimə sirr deyil ki, bu gün “elektron məhkəmə” informasiya sistemi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, işlərə daha operativ və keyfiyyətli baxılmasında, vaxta və xərclərə qənaət edilməsində, vətəndaşlara daha əlverişli və rahat şəraitin yaradılmasında əvəzsiz alətdir. Uzağa getmədən uğurlu nümunə kimi ölkəmizdə fəaliyyətdə olan “Vahid Elektron Məhkəmə Portalı”nı misal çəkə bilərik.

- Vəkillərin peşə biliklərinin artırılması məsələsi barədə də planlarınızı bilmək yaxşı olardı.

- Vəkillik haqqında qanunvericiliyin, həm də “Ədliyyə Akademiyasının Nizamnaməsi”nin tələblərinə əsasən, vəkillər mütəmadi qaydada tədrisə cəlb olunmalıdırlar. Vəkillərin ilkin hazırlığa cəlb olunmasına baxmayaraq, onların davamlı tədrisi məsələsi hələ də açıq qalmaqdadır. Beynəlxalq tələblərə əsasən, vəkillər il ərzində minimum 20 saatlıq tədrisə cəlb olunmalıdırlar. Oxşar təcrübə yeni seçilmiş hakimlərə də tətbiq olunur. Belə ki, qanuna əsasən, hakimlər seçildikdən sonrakı 5 il ərzində ildə bir dəfədən az olmayaraq davamlı tədrisə cəlb edilməlidirlər. Təəssüf ki, belə bir normanın vəkillik haqqında qanunvericilikdə əks olunmaması vəkillərin peşəkarlıq səviyyələrinin artırılması imkanlarını azaldır.

Bir neçə kəlmə də “Azərbaycan Vəkili” jurnalı haqqında demək istərdik. Bildiyiniz kimi, 2013-cü ilin aprelindən etibarən təsisçisi Azərbaycan Hüquq İslahatları Mərkəzi olan, lakin Vəkillər Kollegiyasının dəstəyi ilə “Azərbaycan Vəkili” jurnalı nəşr etdirilir. Bu günə kimi 14 sayı çıxan bu jurnal Azərbaycan vəkilliyi tarixində vəkilliklə bağlı işıq üzü görmüş ilk nəşrdir. Hətta cəmiyyətdə elə təsəvvür formalaşıb ki, bu jurnalın təsisçisi məhz Vəkillər Kollegiyasıdır. Bu anlaşılmazlığın aradan qaldırılması üçün həmtəsisçisi olduğum Azərbaycan Hüquq İslahatları Mərkəzinin təsisçiləri qərar veriblər ki, yaxın günlərdə jurnala dair öz hüquqlarını Vəkillər Kollegiyasına bağışlasınlar.

Beləliklə, bu gün ölkəmizdə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları hüququn bir çox sahələrini əhatə edib. Qeyd olunan sahədə bu qədər mütərəqqi islahatlar fonunda vəkillik institutunun da hüququn digər sahələri ilə sinxron inkişafının təmin edilməsi zəruridir. Eyni zamanda, vəkilliyin müstəqil təsisat olmasını və onun nüfuzunun artırılması vəzifəsinin bizim üzərimizə düşdüyünü nəzərə alaraq, bizim yerimizə kiminsə gəlib vəkillikdə islahatlar aparmasını gözləmək düzgün olmazdı. Əgər bu gün biz peşəmizin inkişafında, Konstitusiyamız ilə üzərimizə qoyulan vəzifələrimizin, xüsusilə vətəndaşların keyfiyyətli hüquqi yardımla təmin edilməsində maraqlıyıqsa, o zaman biz peşəkar bilik və vərdişlərimizin daim inkişaf etdirilməsinə çalışmalı, aparılan müsbət işlərə öz əməli töhfəmizi verməliyik.

Fürsətdən istifadə edərək Sizi və kollektivinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

- Anar müəllim, biz də Sizi təbrik edir və dəyərli fikirlərinizi bölüşdüyünüzə görə Sizə minnətdarlığımızı bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed