Şrift:
Əsgər alnı mişen deyil!
13.06.2012 [15:37] - DAVAMın yazıları
Aqil Camal

Yaralanmış temiz alnından uzanmış yatıyor;
Bir hilal uğruna ya rab, ne güneşler batıyor!
(Mehmet Akif)


Atəşkəs şəhidlərimizin sayı neçəyə çatdı?

Biz qürurlanırıq, Vətən torpağına daha bir neçə oğulun qanı axdı, deyə.

Bu kimi vaxtlarla patriotizm fontanları o qədər yüksəklərə vurur ki, vəziyyəti dəyərləndirməyin, nəyin, necə baş verdiyini götür-qoy etməyin fərqində olmuruq.

Bu dünyaya gəlmiş hər bir insan kimi Onların da yaşamaq haqqı vardı. Hələ-hələ belə gənclik çağlarında...

Adına şəhid dedik, qara torpağa gömdük.

Onlar da kiminsə övladı, qardaşı, kiminsə adaxlısı, kiminsə sevgilisi idilər...

Şəhid dedik, deyiləcək başqa sözlərin qarşısına sədd çəkdik.

Şəhid! Bitdi. Əgər əyninə əsgər forması geyibsə və naçar bir gülləyə tuş gəlibsə təfərrüata ehtiyac duymazılar.

Şəhidlik ali məqamdır, Vətən, dövlət, millət yolunda...

Amma mən atəşkəs dövründə itirdiyimiz əsgərləri həm də qurban sayıram.

Onlar Vətən uğrunda qurbandırlar. Eyni zamanda, bir az da ehtiyatsızlığın, onlar üzərində rəislik edənlərin məsulihyyətsizliyinin, arxayınçılığının qurbanıdırlar.

Ata-ananın zülm-zillətlə böyüdüb-başa çatdırdığı oğul, əsgərdən 2 manatlıq telefon konturu güdən zabitin əmrləri altında sərhəddə özünün müdafiəsini hansı səviyyədə təmin edə bilər?

Məgər, insanlar min bir əziyyətlə övlad böyüdüblər ki, məsuliyyətsiz və rüşvətxor zabitlərin günahı ucbatından düşmənin snayper gülləsinə tuş gəlsin...

Bir halda ki, müharibə başlamayıb, xalxın övladlarını açıq güllə qarşısına çıxmağa kim imkan verir?

Adi dövrdə əsgərləri itiririksə, onlara şəhid adı qoymaqla, işi bitmiş hesab etmək həm də məsuliyyətsizlik deyilmi?

Müdafiə Nazirliyi tezliklə atəşkəs şəraitinə uyğun olan müdafiə sistemini hazırlayıb tətbiq etməlidir. Bir halda ki, savaş getmir, şərti olaraq atəşkəs rejimi qüvvədədir, hərbi qüvvələrin, əsgərlərin təmas xəttində müdafiəsi də məhz bu şəraitin şərtlərinə uyğun qurulmalıdır.

Camaatın övladına şəhid deyib yaxasını kənara çəkmək olmaz. Əsgərin alnı mişen deyil ki, düşmən snayperi istədiyi vaxt onu rahatca nişan alıb həyatdan məhrum etsin.

Onsuz da ön cəbhədə xidmət keçən əsgərlər istisnasız olaraq rayon yerlərindən gəlmiş və kasıb ailələrdən çıxan uşaqlardı. Elə son şəhidlərimizin tərcümeyi-halından da bu görünür. Kasıbçılıq, əzablı həyat, düşmənlə üzbəüz hərbi xidmət məhz onların alın yazısıdır. Bəs onların alınlarını düşmən gülləsindən qorumağa nədir sözünüz?
Bu xəbər oxucular tərəfindən 1371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed