Şrift:
Prezidentin Xalq Cümhuriyyəti ilə bağlı qərarı alqışlandı
11.01.2018 [10:22] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Dövlət başçısının 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi yüksək qiymətləndirildi

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Dövlət başçısı bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Günün sonunda isə prezidenti İlham Əliyev 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, bu il Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur.
İctimaiyyət ölkə başçısının bu addımını müsbət qarşılayıb. Deputat Fəzail Ağamalı bu barədə «Yeni Müsavat» açıqlamasında bildirdi ki, İlham Əliyev Azərbaycanın tarixinə, dövlətçiliyinə, Xalq Cümhuriyyətinə necə böyük önəm verdiyini bir daha bu addımı ilə ortaya qoymuş oldu: “İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra Azərbaycanın dövlət müstəqilliyinə, suverenliyinə bütün ruhu ilə bağlı olduğunu konkret addımlarla təsdiq edib. Odur ki, cənab prezidentin indiki qərarı da gözlənilən idi. Bu addım genişmiqyaslı tədbirlərin keçirilməsini özündə ehtiva edəcək. 1918-1920-ci illərdə AXC-nin tarixi Azərbaycan tarixinin ən zəngin səhifələrindən və qürur doğura biləcək səhifələrindən biridir. Bu baxımdan ölkə prezidentinin buna xüsusi önəm verməsi, əlbəttə, çox sevindiricidir və cənab İlham Əliyevin bu addımı hər kəsə bir nümunədir. Cümhuriyyətin 100 illiyinin keçirilməsi Azərbaycanın sərhədlərindən kənarda da geniş qeyd olunacaq. Bununla bir daha dünyaya sübut ediləcək ki, Azərbaycanın bu gün müstəqil dövlət qurması tarixi ənənələrə söykənir. Bu gün Azərbaycan Respublikası 1918-ci ildə Şərqdə ilk demokratik respublika olaraq qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bunun özü müasir Azərbaycan dövlətinin konkret ənənələrə söykəndiyini sübut edəcək. Odur ki, cənab prezidentin qərarının bir çox mühüm istiqamətlərdə böyük əhəmiyyəti var”.
Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da prezidentin addımının çox böyük əhəmiyyətli hadisə olduğunu dedi: “Yeni qədəm qoyduğumuz ilin ”Azərbaycanda Xalq Cümhuriyyəti ili" elan olunması çox sevindirici və əhəmiyyətli hadisə oldu. Buna görə cənab prezidentə təşəkkür edirəm. Cənab prezidentin bu addımı AXC-nin, dövlətçilik ənənəmizin dünyada təbliği baxımından ciddi əhəmiyyəti olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti olmuş “Azərbaycan” qəzetinin və bir sıra mühüm dövlət, hökumət orqanlarının da yaradılmasının 100 illiyidir. Bu da qeyd olunacaq yubileylər sırasında olacaq. Ona görə də xüsusilə çox şadam. Çox uğurlu seçilmiş qərardır. Cənab prezidentin addımını alqışlayıram".

Deputat Fərəc Quliyev isə dedi ki, prezidentin qərarı Azərbaycan tarixinə, dövlətçiliyimizə böyük hörmətlə yanaşmasının sübutudur: “Cənab prezident çox ciddi əhəmiyyət daşıyan addım atdı. Təqdir edirəm və dəstəkləyirəm. Dövlətçilik baxımından bu addım ölkəmizə bir sıra ciddi avantajlar gətirəcək. Bu, həm də milli birlik üçün çox əhəmiyyətlidir. Özündən əvvəlki tarixə hörmətlə yanaşmaq çox ciddi məsələdir. Bu, gələcəyimiz üçün də vacibdir. Hamımız əl-ələ verib Cümhuriyyətimizin 100 illiyini ciddi şəkildə keçirməliyik”.

Tarixçi professor, Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin rəhbəri Nəsiman Yaqublu ölkə başçısının qərarı ilə bağlı fikirlərini musavat.com-a bildirib.
Prezidentin 2018-ci ili Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsini alqışlayan N.Yaqublu qeyd etdi ki, bu böyük tarixi hadisənin yüz illiyinin yüksək səviyyədə keçirilməsinin Azərbaycan dövləti və xalqı üçün çox ciddi əhəmiyyəti olacaq: “Əvvəla, cənab prezidentin bu addımının təqdir edirəm və çox əhəmiyyətli addım olduğunu bildirmək istəyirəm. Xalq Cümhuriyyətinin yüz illiyi adi bir tarixi hadisə deyil. Yəni bu hər hansı şəxsə də aid olan məsələ deyil, bu, Azərbaycan dövlətinin elə məqamlarının dünya ictimaiyyətinə çatdırılmasıdır ki, bundan Azərbaycan dövləti və xalqı yalnız uda bilər. Bizə Azərbaycan Cümhuriyyətinin yüz illiyini keçirməklə bütün müsəlman və türk dünyasında ilk demokratik dövləti qurduğumuzu dünya dövlətlərinə göstərə bilmək imkanını verir. İkincisi, Azərbaycan Cümhuriyyətinin yüz illiyini qeyd etməklə həm də dünya ictimaiyyətinə və aparıcı dövlətlərə göstərə bilərik ki, biz 1918-ci ildə Azərbaycan Cümhuriyyətini yaradanda bu dövlətin tərkibində Qarabağ da, Zəngəzur da və digər bölgələr də var idi və siz də beynəlxalq birlik olaraq həmin vaxt Azərbaycanın müstəqilliyini bu bölgələr tərkibində olmaqla tanımışdınız. Bu, çox ciddi məqamdır. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini məhz yanvarın 11-də dünya dövlətləri tanımışdı. Bu gün də çox önəmli gündür ki, cənab prezident məhz belə bir gündə 2018-ci ili ”Azərbaycan Xalq Cümhuriyyəti ili" ilə elan etdi".

Tarixçi alim bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının hamısına fərq qoymadan onların fəaliyyətinin araşdırılması, öyrənilməsi vacibdir: “Biz onların irsini ictimaiyyətə çatdırmalıyıq. Azərbaycanda onların ev muzeylərinin yaradılması, adlarının əbədiləşdirilməsi istiqamətində işlər görülsə yaxşı olar. Məsələn, onların yaşadıqları binalara xatirə lövhələri vuraq. Sonra isə bu insanların məzarlarının Azərbaycana gətirilməsi təmin edilsə çox gözəl olar. Əlimərdan bəy Topçubaşov Fransada, Məhəmməd Əmin Rəsulzadə Türkiyədə, Ceyhun Hacıbəyli Fransada, Fətəli bəy Xoylu Gürcüstanda digərləri başqa ölkələrdə dəfn olunub. Gürcüstan və Ermənistan da yüz illiklərinə hazırlaşırlar. Polşa Respublikası bu il yüz illiyini keçirəcək. Demokratiya və təbliğat yarışında çalışaq ki, geri qalmayaq, qələbə çalaq. Bizim şanslarımız var və uğurlu məqamlarımız da çoxdur. Bu işləri uğurla həyata keçirmək üçün işi yaxşı bilən adamlar cəlb edilməlidir. Cənab prezident bu gözəl addımı atdı. İndi bu işləri həyata keçirmək hər kəsin vicdan borcu olmalıdır. Prezidentin addımını təqdir etməklə yanaşı, hər bir vətəndaş bu möhtəşəm tarixə, bayrama öz töhfəsini verməlidir”.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə modern.az-a açıqlamasında ölkə başçısına bu addımına görə təşəkkür edib: “2018-ci ilin ”Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi çox gözəl addımdır. Bu il çərçivəsində AXC-nin təbliği baxımından ciddi addımlar atıla bilər. Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətimizin banisi olub və onu sevməyən yoxdur. Azərbaycanın azadlığı, istiqlalı onun adı ilə bağlıdır. “AXC ili”ndə həmçinin Rəsulzadənin mədəni irsini təbliğ etməli, bununla yanaşı, ali təhsil müəssisələrində, məktəblərdə də uşaqlara Rəsulzadə haqqında kifayət qədər məlumat verməliyik. Tarix yanaşmalardan asılı olmayaraq, dəyişməz qalır. AXC dövrü Azərbaycan tarixinin ən şərəfli, ən şanlı səhifəsidir. Bu baxımdan 2018-ci ilin “AXC ili” elan edilməsi bütün müsbət ideyaları, fikirləri özündə birləşdirəcək. Belə gözəl addım üçün mən cənab prezident İlham Əliyevə təşəkkür edirəm!"

Etibar SEYİDAĞA

Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed