Şrift:
“Tı kto takoy?” – Azərbaycanlı!
16.06.2012 [01:43] - Diaspor
Ölkəmizi xaricdə layiqincə tanıtmaq üçün nə edək?

Ölkəni xaricdə necə tanıtmalı? Bunun çoxlu yolları var. Bu yaxınlarda izlədiyimiz praktika göstərdi ki, adi bir meyxana ilə də Azərbaycanın adını tanıtmaq, populyarlaşdırmaq mümkündür. Çoxlarının bəyənmədiyi, özündə heç bir məna daşımayan bu meyxananın sözləri artıq Rusiyanın tanınmış şəxslərinin dilində əzbərə çevrilib.

Amma söhbət Azərbaycanı “Tı kto takoy”la tanıtmaqdan yox, Vətənimizin layiqli təqdimatından gedir. Necə etmək lazımdır ki, xaricdə Azərbaycanı gözəl, demokratik, hərtərəfli inkişaf etməkdə olan ölkə kimi tanısınlar. Və bu məsələdə diaspor təşkilatları hansı işləri görməlidir? Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri Samir Adıgözəlli deyir ki, bunun konkret düsturu yoxdur: “Bu işdə təkcə bir istiqamət götürmək olmaz. Diaspor təşkilatlarımız Azərbaycanın təbliği istiqamətində hər vasitədən istifadə etməlidir – siyasi, mədəni, iqtisadi, musiqi, idman və digər sahələrdə nailiyyətlər, üstünlüklərimiz vurğulanmalıdır”.

İNFORMASİYA MÜHARİBƏSİNDƏ ZƏİFİK

S.Adıgözəlli hesab edir ki, indiki məqamda Azərbaycanın turizm imkanlarını təbliğ etmək daha məqsədəuyğundur: “Biz çox söz deyə bilərik, yazarıq. Amma hər kəs yazılanları ancaq öz gözləri ilə görəndən sonra əmin olur. Axı turizm ancaq gəzinti, istirahət anlamını vermir. Məhz turizm siyasətini düzgün qurmaqla Azərbaycanın tarixini, milli-mənəvi dəyərlərini tanıtmaq mümkündür. Bir tərəfdən ermənilər torpaqlarımıza, tariximizə sahib çıxmaq istəyir, digər tərəfdən İran şairlərimizə, zəngin mədəniyyətimizə yiyələnmək iddiasındadır. Bu cür iddiaların qarşısını yalnız güclü və ağıllı düşünülmüş təbliğatla almaq olar”. Samir Adıgözəllinin sözlərinə görə, müxtəlif tədbirlər, sərgilər, müsabiqələr keçirmək, burada həm mətbəx, həm də musiqi nümunələrimizi təqdim etmək olar.

Amma ekspert təəssüflə vurğulayır ki, hələ də Azərbaycan diasporasının beyin mərkəzləri formalaşmayıb. İnformasiya müharibəsində düşmənləri məğlub etmək üçün Azərbaycanı müxtəlif dillərdə tanıdan saytlar, qəzet və jurnallar. internet tv-lər olmalıdır: “Etiraf edək ki, hələ bu sahədə çox zəifik. Hətta Rusiya kimi bir yerdə diaspor qurumlarımız kifayət qədər resurslar yarada bilməyiblər. Halbuki, məhz Rusiya və Ukraynada bizim diasporun lobbiyə çevrilmək imkanlarımız çox genişdir. Fikrimcə, informasiya təbliğatı istiqamətində fəaliyyətimizi sürətləndirməliyik”.

SAY ARTIR, MƏZMUN DƏYİŞMİR

Qeyd edək ki, bu gün Azərbaycan diasporuna məxsus 1000-dən çox sayt var və bu cür resursların sayı günü-gündən artır. Lakin bu səhifələrin bəzilərinə nəzər salmaq kifayətdir ki, onların məzmununda xüsusi bir dəyişiklik olmadığını görəsən. Saytların hamısında demək olar, eyni informasiyalar yer alır, Azərbaycan tarixi, mədəniyyəti haqqında məlumatlar “copy-paste” üsulu ilə əlavə edilir. Soydaşlarımız yaşadıqları ölkənin xüsusiyyətlərini nəzərə almadan Azərbaycan barəsində qısa, eyni üslublu məlumatları saytlara yerləşdirirlər. Özü də əksər hallarda informasiyalar əsasən ingilis dilində yerləşdirilir. Halbuki, bu cür resursların azərbaycanlıların yaşadıqları xarici ölkənin dilində olması daha önəmlidir. Çox vaxt bu tip saytlar yenilənmir, ana səhifədə uzun müddət eyni məlumatlar asılıb qalır.

YEMƏK HƏVƏSKARLARI “AZERİFOOD” SAYTINA TOPLAŞIR

Saytlardan söz düşmüşkən, Danimarkada yaşayan və yerli kommunikasiya şirkətlərindən birində işləyən soydaşımız Güllü Cahangirova diaspor təşkilatının üzvü olmasa da, öz təşəbbüsü ilə Azərbaycan kulinariyasını təbliğ edən sayt hazırlayıb. “Azerifood.com” ünvanlı saytda Azərbaycan, rus, ingilis və danimarka dilində materiallar yerləşdirilib. Burada yalnız yemək reseptləri ilə yox, həm də ölkəmizin adət-ənənələri ilə tanış olmaq mümkündür. Hazırda saytda Azərbaycanın müxtəlif regionlarının mətbəxinə aid 150-yə yaxın yeməyin tərifini tapmaq olar. G.Cahangirova xörəklərin hazırlanma qaydasını yazarkən, burada həm də həmin regionun xüsusiyyətlərini qeyd edib. Müəllif hesab edir ki, bu saytda ölkəmiz haqqında özünəməxsus ab-hava yaratmaq mümkün olub: “Bu səhifəyə dünyanın hər yerindən, hətta Cənubi Afrika respublikasından da daxil olanlar var. Gündə 450-500 ziyarətçisi olur. Facebook-dakı səhifəmiz vasitəsilə də ölkəmizi təbliğ edirik. Hər gün qrupumuza yeni istifadəçilər qoşulur. İngiltərə, ABŞ, İsveç, Almaniya və Danimarkadan xanımlar baş çəkir və mənə təşəkkür məktubları yazırlar”.

Güllü xanım hesab edir ki, hər bir azərbaycanlı xarici ölkədə özünü adi vətəndaş kimi yox, məhz diplomat kimi aparmalıdır: “Azərbaycanı təbliğ etmək üçün yaşadığımız ölkənin dilini, mədəniyyətini, siyasi durumunu öyrənib qəbul etmək və onlara inteqrasiya olmağı bacarmalıyıq ki, bizim dediyimizi qəbul etsinlər. Mən də bu cür etməyə çalışıram. Burdakı soydaşlarımızda birgə apardığımız təbliğat sayəsində son 2-3 il ərzində Danimarkadan 20-yə yaxın turist Azərbaycanı görməyə gəlib”.

ƏN MƏŞHUR SALONLARDA MƏDƏNİYYƏTİMİZ TƏBLİĞ OLUNUR

Diaspor təmsilçilərimiz mətbəxin tanıdılması ilə yanaşı, incəsənət və idman sahəsində də təbliğat işləri aparırlar. Bu baxımdan, foto-rəsm sərgiləri, idman yarışlarının təşkili, festivalların keçirilməsi, dil kurslarının açılmasını, kitabxanalar yaradılmasını, Azərbaycan filmlərimin nümayişi, müxtəlif xarakterli müsabiqələrin elan edilməsi və s. tədbirləri misal çəkmək olar. Son zamanlar Azərbaycan təşkilatlarının keçirdiyi musiqili gecələr, konsert turnelərini də xatırlatmaq yerinə düşər. Elə təkcə Ümumrusiya Azərbaycanlıları Konqresi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyada “Baku” jurnalının nəşrini, jurnalın Londonda təqdimatını, Fransada “Fly to Baku” sərgisinin təşkilini, Venesiyanın məşhur sərgi salonunda azərbaycanlı rəssamların əsərlərinin nümayişinin keçirilməsini qeyd etmək kifayətdir.

Hazırda dünyanın 63 ölkəsində 200-dən çox Azərbaycan icma və birlikləri fəaliyyət göstərir. Bu qurumlar tərəfindən hər il Xocalı soyqırımı, 31 Mart soyqırım günü ərəfəsində çoxlu aksiyalar təşkil olunur. Diasporla İş üzrə Dövlət Komitəsinin hesabatına görə, təkcə ötən il ərzində soyqırımlar, erməni terroruna həsr edilmiş 50-dən çox tədbir haqqında məlumat daxil edilib. Hesabat daxil edilməyən, şəxsi təşəbbüslər sayəsində toplantılar da keçirilib.

AMERİKADA ÖZÜMÜZÜ NECƏ TANIDIRIQ?

Diaspor təşkilatları Azərbaycanın Amerikada təbliğatna da mühüm diqqət ayırır. 2011-ci ildə Amerika Azərbaycanlıları Şəbəkəsinin təşəbbüsü ilə ABŞ-ın kütləvi informasiya vasitələrində Azərbaycana həsr olunmuş 70-dən çox məqalə dərc olunub. Bu il Xocalı soyqırımı ərəfəsində bəzi şəhərlərdə avtobus dayanacaqları, metro stansiyalarında bu hadisəyə aid iri plakatlar yerləşdirilib.

Amerikada ölkəmizi təbliğ edən qurumlardan biri - Qarabağ Fondu ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir.

Bu yaxınlarda ABŞ Qarabağ Fondu Virciniyanın Longfellow adlı orta məktəbinin 150-yə yaxın tələbə, valideyn və müəllimləri üçün Mədəniyyət Bayramı təşkil edib. İştirakçılara Azərbaycan mədəniyyəti haqqında vəsait və müxtəlif milli geyimlər nümayiş etdirilib. Qarabağ Fondunun könüllü rəqqasları Azərbaycan rəqslərini nümayiş etdiriblər. Bundan sonra bu tip tədbirlər ABŞ-ın 50-yə yaxın dövlət məktəblərində həyata keçiriləcək. Ötən ilin Novruz bayramı ərəfəsində Fondun təşkilatçılığı ilə Vaşinqtonda "Azərbaycan irsi həftəsi" təşkil olunmuş, məşhur Linkoln teatrında "Azərbaycan ritmləri" adlı konsert keçirilmişdi Həmçinin, Merilendin tarixi Qlenvyu qəsrində 300-dən çox qonağın iştirakı ilə Novruz abyramı təşkil edilmişdi.

Bir sözlə, Azərbaycanı daha yaxşı tanıtmaq üçün görülən işlər çoxdur, lakin bəs deyil. Dəfələrlə rəsmi səviyyədə vurğlanıb ki, hələlik diaspor qurumları yaşadıqları dövlətin siyasətinə, yerli ictimai rəyə təsir etmək qüdrətində deyil. Deməli, hələ görüləsi çox işlər, deyiləsi çox sözlər, təşkil olunası çox tədbirlər qalır.

Fərəh Sabirqızı
Bu xəbər oxucular tərəfindən 1393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed