Şrift:
Müəllif Hüquqları Agentliyi ötən il erməni piratçılığına qarşı bir sıra tədbirlər həyata keçirib
17.01.2018 [11:00] - Hüquq
Ötən il Müəllif Hüquqları Agentliyində (MHA) xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, xüsusən ermənilər tərəfindən mədəni irsimizin saxtalaşdırılması və mənimsənilməsi cəhdlərinin qarşısının alınması və belə əməllərin ifşa olunması istiqamətində fəaliyyət davam etdirilib. Bu çərçivədə 2017-ci ilin aprelində “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib, ermənilərin mədəni irsimizə və maddi və qeyri-maddi irs nümunələrimizə iddiaları təkzibedilməz tarixi faktlar və elmi dəlillər əsasında ifşa edilib.

Bu, Müəllif Hüquqları Agentliyinin 2017-ci ildə görülmüş işlər barədə hesabatında əksini tapıb. Hesabatda göstərilir ki, bununla yanaşı, Rusiyanın “Telekafe” kanalında yayımlanan “Puteşestviye za vkusom” verilişinin 2017-ci il yanvarın 8-də efirə getmiş, “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısının musiqisinin fon musiqisi kimi səsləndirilməsi ilə bağlı şərh hazırlanıb, agentliyin rəsmi internet saytında yerləşdirilib və KİV-lərdə yayılıb.

Həmçinin ermənilər tərəfindən erməni nümunələri kimi qələmə verilən və ya ifa olunan Azərbaycan xalq mahnılarının (“Sarı gəlin”, “Süsən sünbül” və s.), milli oyun havaları və rəqslərinin (“Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” və s.) milli mənsubiyyəti və xüsusiyyətləri barədə MHA tərəfindən tarixi, elmi və etimioloji əsaslara söykənən arayışlar hazırlanıb və agentliyin saytında yerləşdirilib, həmçinin 2017-ci il aprelin 21-də “Sputnik Armeniya” saytında verilmiş “ Sari axçik” ili “Sari qelin”. Zri v armyanskiy koren” sərlövhəli məqalə ilə bağlı agentlik tərəfindən şərh hazırlanaraq KİV-lərdə yayılıb.

Bundan başqa, Almaniyanın Hannover şəhərindəki “Junge Oper Hannover” teatrı tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında onun fars şairi kimi təqdim edilməsi ilə bağlı agentlik tərəfindən Almaniyadakı səfirliyimiz məlumatlandırılıb. Eyni zamanda, agentlik tərəfindən Nizami Gəncəvi haqqında tarixi mənbələr əsasında hazırlanmış geniş arayış həmin teatra təqdim olunmaq üçün Almaniyadakı səfirliyimizə göndərilib. Görülən tədbirlər nəticəsində “Leyli və Məcnun” əsəri ilə bağlı yanlış məlumatlar teatrın internet və “Facebook” səhifələrindən çıxarılıb. Bu çərçivədə erməni saxtakarlıqlarının ifşa edilməsi istiqamətində fəaliyyət daim diqqət mərkəzində saxlanılıb, erməni saxtakarlıqlarını ifşa edən “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Zametki o multikulturalizme”, “Armyanskiy qenosid” ili armyanskiy terror?” və s. kitabçalar, həmçinin “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ” kitabçaları, “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm...,mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində, “Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər” (Azərbaycan və ingilis dillərində) təkrar nəşr edilərək il ərzində agentliyin keçirdiyi tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbir iştirakçılarına paylanılıb.

Bununla yanaşı, “Köçəri” rəqsinin beynəlxalq strukturların ikili standartları nəticəsində ermənilərə məxsus nümunə kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin heç bir əsasının olmadığı və həmin rəqsin Azərbaycan xalqına məxsusluğu barədə materiallar hazırlanıb, gələcəkdə bununla bağlı qərarın ləğvi üçün zəruri addımlar atılmasının vacibliyi göstərilib, məsələyə dair “Exo” qəzetində geniş yazı dərc edilib.
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed