Şrift:
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
18.01.2018 [10:50] - Diaspor
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bu barədə ABŞ ictimaiyyətinin məlumatlandırılması məqsədilə ənənəvi yazılı kampaniyaya başlayıb. Şəbəkə tərəfindən hazırlanmış müraciətdə sovet ordusunun Bakıda dinc əhaliyə qarşı hərbi cinayətlərindən danışılır, “Human Right Watch” hüquq müdafiə təşkilatının “Azərbaycanda Qara Yanvar” hesabatından faktlar, habelə Yanvar faciəsinin qurbanları haqqında statistik məlumatlar diqqətə çatdırılıb.

Müraciətdə qeyd olunub ki, sovet qoşunlarının 26 minlik kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya silahlı müdaxilə edib. Sovet əsgərləri mərkəzi televiziyanın enerji blokunu partladaraq respublikada informasiya blokadası yaradıblar. Ordu Bakıda dinc əhaliyə qarşı amansız qırğın törədib. Nəticədə rəsmi mənbələrə görə, 140 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. Bakıda dinc sakinlərin qətlə yetirildiyi səhnələr 1956-cı ildə Budapeştdə və 1968-ci ildə Praqada dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsini xatırladır.

Müraciətdə, həmçinin qeyd olunub ki, Bakıda dinc əhalini atəşə tutan sovet ordusu ağırlıq mərkəzi dəyişdirilən 5,45 millimetr kalibrli qadağan edilmiş güllələrdən istifadə edib.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinə, mətbuatına və qanunvericilərinə müraciətində bildirilib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı oldu və sovet dövlətçiliyinin təməlini sarsıtdı. Müraciətdə deyilib: “20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi həkk olunub. Aradan 28 il keçsə də, Qara Yanvar öz əhəmiyyətini itirmir. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakıda Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların xatirələrinə ehtiramlarını bildirirlər”.

ABŞ-ın Azərbaycan icmasının üzvləri yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandırır, ölkə qanunvericilərini bu amansız aksiyanı rəsmi şəkildə pisləyən qətnamələr qəbul etməyə çağırırlar. ABŞ Azərbaycanlıları Şəbəkəsinin ənənəvi kampaniyası nəticəsində son on ildə Amerikanın müxtəlif nəşrlərində Qara Yanvar haqqında onlarla məqalə dərc olunub, qubernator bəyannamələri və bir neçə ştatda parlament qətnamələri qəbul edilib.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed