Şrift:
Danimarkadakı “Vətən” Cəmiyyəti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb
19.01.2018 [10:51] - Diaspor
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar bəyanat yayıb və BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına və insan hüquqları üzrə ali komissarına, habelə Avropa Komissiyasına, Avropa Şurasına, Danimarka parlamentinə, bu ölkənin Baş nazirinə təqdim edib.

Bəyanatda 20 Yanvar faciəsi barədə məlumat verilir. Bildirilir ki, həmin gecə keçmiş sovet ordusunun Azərbaycanda törətdiyi hadisələr xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. İmperiya ordusunun xalqımıza qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı ən ağır cinayətdir və artıq 28 il keçməsinə baxmayaraq, bu qətliam və onun qurbanları hər il ürəkağrısı ilə yad olunur.

Bəyanatda qeyd edilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı hərbi qüvvələri və ağır zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilib. Həmin qüvvələr dinc əhaliyə qarşı hərbi əməliyyat keçirərək, beynəlxalq hüquq normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəalarını kobudcasına pozaraq, öz hüquqlarının və torpaqlarının müdafiəsinə qalxmış xalqımıza qarşı kütləvi qırğın törədib. Belə ki, ölkəmizə daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb. Həmçinin 744 dinc insan yaralanıb, 841 nəfər isə qanunsuz həbs edilib. Yaralıları daşıyan təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, tibb işçiləri belə qətlə yetirilib. Hücum zamanı sıravi insanlara qarşı qadağan olunan bir çox silah və sursatdan istifadə edildiyi vurğulanan bəyanatda 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, insanlıq əleyhinə cinayət kimi qəbul edilməsi üçün kifayət qədər hüquqi sənədlərin mövcud olduğu diqqətə çatdırılır. “Ümid edirik ki, dünya ictimaiyyəti Azərbaycanın haqli tələblərini dəstəkləyəcək, bu faciə insanlıq əleyhinə cinayət kimi tezliklə hüquqi qiymətini alacaq və cinayətkarlar cəzalandırılacaqlar”, - deyə bəyanatda vurğulanır.

Rauf Əliyev
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed