Şrift:
Səməd Fərtaş: “GAİP Güney Azərbaycanın müstəqilliyi tərəfdarıdır”
18.06.2012 [14:38] - Güney Azərbaycan xəbərləri
“İstər dini qiyafəli, istər liberal-demokrat qiyafəli olsun, fars millətçiliyi ilə bizimki tutmaz”

Müsahibimiz mühacirətdə gerçək fəaliyyət göstərən Güney Azərbaycan İstiqlal Partisinin (GAİP) İsveç üzrə təmsilçisi Səməd bəy Fərtaşdır. GAİP-dən aldığı rəsmi tapşırığa əsasən bir neçə günlüyə Bakıya gəlmiş Səməd bəy Güneydəki soydaşlarımızın dini qiyafə geyinmiş fars şovinmizminin anti-türk rejimi altındakı ağır durumuna etiraz olaraq Bakıdakı İran səfirliyi önündə GAİP tərəfdarlarının etiraz piketini təşkil etmişdi. Gecəli-gündüzlü keçirdiyi görüşlər və təşkilati fəaliyyət müsahibimə ciddi təsir etmişdi. Belə ki, tədbir baş tutduqdan sonra redaksiyamıza dəvət olunmuş Səməd bəy çox yorğun görünürdü.

- Səməd bəy, özünüz barədə məlumat verərdiniz

- 1965-ci ildə Təbrizdə anadan olmuşam. 15 yaşından İranda fəaliyyət göstərən Xalq Mücahidləri Partiyasına qoşuldum və elə 15 yaşındaykən həbs olundum. 17 yaşında Xalq Müchaidləri Partiyasının üzvləri məni Təbrizdən İraqa qaçırdılar. Siyasi mühacir kimi 1983 -1989-cu illərdə İraqda, bir müddət sonra Pakistanda və İordaniyada yaşadım. 1991-ci ildə o, İsveçə köçdüm. İlk dəfə 1992-ci ildə Şimali Azərbaycana gəlib və Qarabağ müharibəsində iştirak etmək istədiyimi bildirdim. Lakin xarici ölkə vətəndaşı olduğum üçün buna icazə vermədilər. O gündən indiyə qədər İsveçdə yaşayıram.

- İsveçdə yaşayan Güneyli soydaşlarımızın fəaliyyəti nə səviyyədədir?

- İsveç Güney Azərbaycanlıların ən çox məskunlaşdıqları və aktiv fyəaliyyət göstərdikləri ölkələrdən biridir. Bizim mədəni cəmiyyətimiz 1997-ci ildə yaranıb. Demək olar ki, Avropada azərbaycanlıların ən aktiv təşkilatlarından biridir.
- Güneydə qohumlarınızla əlaqələriniz varmı?

- İndiyə qədər İrana ayağımı qoymamışam. Bütün qohumlarım İranda qalıb və ona görə qardaşlarıma, qohumlarıma işgəncələr verirdilər ki, qayıdıb İrana rejiminə təslim olum. Amma bütün bunlara baxmayaraq, İrana qayıtmadım. İrandan çıxdıqdan 9 il sonra ilk dəfə anamla Şimali Azərbaycanda görüşə bildim. Anam dünyasını dəyişib.
- Allah rəhmət eləsin! Səməd bəy, Azərbaycan diaspor hərəkatında da iştirak etmisiniz. Bu barədə danışardınız.
- DAK-ın ən fəal üzvlərindən biri olmuşam və bir neçə qurultayın keçirilməsinə də həm maddi, həm mənəvi köməkliyimi etdim. 2005-ci il DAK-ın qurultayının təşkilatçılığını tamamilə öz üzərimə götürmüşdüm, lakin 2007-ci ildə DAK-dan ayrıldım. Bu təşkilatda baş verən parçalanmalar səbəbindən DAK-ı tərk etdim. O vaxtdan da GAİP-in fəal üzvü kimi İsveç bürosunun sədriyəm.

- Bakıda İran səfirliyi önündə yerli ictimai və siyasi təşkilatlar və GAİP-çilərlə birgə möhtəşəm etiraz aksiyası keçirdiniz. Bu aksiyalar davamlı olacaqmı?

- Bundan sonra daha aktiv, daha sistemli şəkildə siyasi mücadiləmizi davam edəcəyik. Mayın 20-də 8 ölkədə bir gündə və eyni saatda mitinq keçirəcəyik. İsveç, Hollandiya, İtaliya, İngiltərə, Fransa, Amerika və Kanadada 22 May (1 Xordad) 2006-cı il hadisələri ilə əlaqədar mitinq keçirəcəyik. Əsas 22 may hadisələridir ki, bu tarix Güney Azərbaycan Hərəkatının yeni mərhələsinin başlanğıc günüdür.

- Sizcə, İranda müharibə olacaqmı?

- İranda müharibənin olması labüddür, bu, qaçılmazdır. Bu müharibənin hansı ölkə ilə baş verəcəyini deyə bilmərik, amma olacaq.

- Sizcə, müharibə baş verərsə, Güneydə yaşayan soydaşlarımızın taleyi necə olacaq, bunu fikirləşirsinizmi?

- Bəli bu məsələ bizi düşündürən əsas məsələlərdən biridir. Amma bu barədə modelləşdirmə, proznozlaşdırma, fəaliyyətin taktikasını və strategiyasını müəyyən etmək üçün imkanlarımız təəssüf ki, məhduddur. Bu məsələyə Güneydən olan təşkilatlar, Quzey Azərbaycandan olan strateqlər cəlb olunmalıdırlar. Biz anlayırıq ki, bu məsələdə gecikirik.
- GAİP barədə bizim oxucularımızı bilgiləndirərdiniz
- Bildiyim qədər GAİP barədə “Millətçilik” qəzetində daim bilgilənmə aparılıb və aparılmaqdadır. Özünətərif olmasın, GAİP mühacirətdə fəaliyyət göstərən, mən deyərdim ki, ən fəal və gerçək gücə malik qüvvədir. Bizim tərəfdarların sayı artmaqdadır və bu proses təkcə diasporlarda deyil, Güney Azərbaycanın özündə güclənir. Digər Güneyli qurumlardan fərqli GAİP Güney Azərbaycanın müstəqilliyi tərəfdarıdır. Bizim farsların irançı demokratları, konstitusiyalı monarxistlərı, federalistlərı və liberalları barədə heç bir illüziyamız yoxdur. İstər dini qiyafəli, istər liberal-demokrat qiyafəli olsun, fars millətçiliyi ilə bizimki tutmaz.

- Sizcə, Güney Azərbaycanın istiqlaliyyəti nə vaxta mümkün ola bilər?

- Ona vaxt qoymaq mümkün deyil. Bu sabah da baş verə bilər, 50 il sonra da. Amma bu qaçılmazdır.
- Sizin fikrinizcə, İranda müharibə başlasa, oradakı azərbaycanlılar bizim Azərbaycanla birləşə bilərlərmi?
- Bu da ola bilər, amma onun zamanında etmək lazımdır. İndi biz təşkilatlanırıq ki, zamanında bu yönlü məsələləri gerçəkləşdirən qüvvə kimi meydanda olaq.

- Güneyli və Quzeyli Azərbaycanın başqa hansı təşkilatları ilə əlaqələriniz var?

- Avropada yerləşən AMAT təşkilatı adlı təşkilatla əməkdaşlığımız var, Quzey Azərbaycanda Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasıyla, AMİP-lə, ATXƏM-lə və digər ictimai və siyasi təşkilatlarla da əməkdaşlığımız var. İmkandan istifadə edib bütün bu təşkilatlara və sizin qəzetinizə minnətdarlığımı bildirmək istəyirəm.

Söhbətləşdi: Sevda Əsgərova/Millətçilik qəzeti
Bu xəbər oxucular tərəfindən 1526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed