Şrift:
Milli Şuranın radikallıq mərəzi...
23.01.2018 [10:08] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Onların radikallığı ancaq “sən hakimiyyətdən get, mən gəlim” kimi düşüncələr üzərində qurulub”

Azərbaycan müxalifətinin müəyyən bir kəsiminin, xüsusi ilə AXCP-dən ibarət Milli Şuranın radikallıq mərəzi “sağalmır”. Özünü “demokratik düşərgə” adlandıran qüvvələrin bütün mövzularda, yanaşmalarda bu cür davranış sərgiləməsinin ilk növbədə onun özünə ziyan vurduğu, uğursuzluğunun əsas səbəbi olduğu bildirilir. Bu günlərdə də bu məsələ bir daha ölkə gündəminin mövzularından birinə çevrilib.

20 Yanvar faciəsi günü Şəhidlər Xiyabanına ziyarətə gedən siyasi qurumlardan Milli Şuranın yaratdığı “şou”, Müsavat Partiyasının isə yaratdığı gərginlik cəmiyyətdə birmənalı qarşılanmadı. Bəs bu qüvvələr niyə bu cür taktika seçiblər? Radikal olmalarına səbəb nədir?

AXC öncüllərindən olan, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevlə bu barədə danışdıq. O, “mən bu şəxslərlə AXC-də olmuşam, təşkilatımız partiyaya çevrildikdən sonra artıq üzv olmadım. Həbsdə olduğum zaman da bu təşkilatı böldülər” – deyə qeyd etdi: “Azadlığa çıxdıqdan sonra təşkilatın birləşməsinə çalışdım. Mən AXC-ni quran 64 nəfərdən biri idim. Halbuki AXC-ni bölənlərin heç biri təsis konfransında olmamışdılar. Biz o zaman radikallığı SSRİ-yə qarşı edirdik. Ermənilərlə döyüşür və düşünürdük ki, ən kəskin metodla onlara qarşı mübarizə aparmaq lazımdır. O zaman indi radikal görünənlər özlərini demokratik göstərir, bizi qaragüruhçu adlandırır, bizlərə qoşulmurdular. İndi öz dövlətinə qarşı radikal ad altında fəaliyyət göstərmək əslində, başqalarının iradəsini ifadə etməkdir. Bu gün ölkədə milli demokratik düşərgə, bir də anti-milli demokratik düşərgə var. Dövlətindən qidalanan, bəhrələnən, dövlətini ayaq üstə tutmağa çalışan partiyalar var. Amma başqa yerdən bəhrələnən, Milli Şura yaradanlar, Moskvada kimlərinsə göstərişləri ilə qurum təsis edənlər düşünürlərmi ki, radikallığı kimə qarşı edirlər? Bunlar ruslara, ermənilərə qarşı radikallıq etmədilər, ağızlarını açıb bir dəfə Bütöv Azərbaycanla bağlı danışmadılar. Türkçülüklə bağlı da ağızlarını açmırlar.

Bunların radikallığı ancaq “sən hakimiyyətdən get, mən gəlim” kimi düşüncələr üzərində qurulub. Platformaları, proqramları belə yoxdur. 20 Yanvar faciəsi ilə bağlı siyasi oyunlar təşkil etmək, bundan siyasi divident qazanmaq düşüncəsi rüsvayçılıqdır. Bir nəfərlik partiya belə ora gəlib, arxasında böyük kütlə göstərə bilər. Çünki kolon şəklində insanları ziyarətə buraxırlar. Biz partiyamızda belə qərar qəbul etmişik ki, hər kəs sərbəst şəkildə ziyarətini etsin. Başqa vaxtlar da biz kolon şəklində belə ziyarətə getmişik. Belə məsələlərdə bir az fərqli davranmaq lazımdır. Millətin, dövlətin taleyini oyuna çevirmək olmaz. Gündəmdə qalmaq naminə bu cür hallara yol vermək doğru deyil. Cəsarəti düşmən qarşısında göstərmək lazımdır. Azərbaycan öz ailəmizdir. Bu ailəyə qarşı bu cür davranmaq cəsarət deyil. Düşmənlər kisəmizdən gedənləri yığırlar. Bunlar kisəmizdən gedib Moskvanın Cərrahiyyə İnstitutunun zalında bir Milli Şura düzəltdilər. Düzdür, sonradan bəziləri səhvlərini başa düşdülər. Söhbət prinsiplərin müəyyən edilməsindən gedir. Bir qrup var ki, hakimiyyətə istənilən yolla gəlmək istəyir. Bir qrup da var ki, istəyir onun düşüncələri hakim olsun. Milli mənafedən çıxış edən hər sözün, düşüncənin, mövqeyin yanındayıq. Buna ziddi olan hər kəsin qarşısındayıq. Bunlar artıq siyasi deyil, masa davasıdır. Cəmiyyət belə şeyləri başa düşüb, heç zaman onlara dəstək verməz”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed