Şrift:
Özalın ölümündə sirli “azərbaycanlı izi”
19.06.2012 [18:29] - Hadisə
Türkiyə Dövlət Nəzarət Komissiyasının sabiq prezident Turqut Özalın ölümü ilə bağlı keçən həftə təqdim etdiyi hesabat onun ölümü ilə bağlı şübhələri artırıb.

İki il ərzində aparılan araşdırmalar nəticəsində hazırlanan hesabatda Turqut Özalın həşərat dərmanı ilə zəhərlənmiş ola biləcəyi də qeyd edilib.

Dövlət Nəzarət Komissiyası 1998-ci ildə Turqut Özalın həyat yoldaşı Səmra Özalı ziyarət etməyə gələn mübhəm azərbaycanlı ilə bağlı da araşdırma aparıb. Hesabatda qeyd olunub ki, həmin azərbaycanlı Səmra Özalın İstanbulun Sarıyer məhəlləsindəki evinə “34 TC 245” dövlət nömrə nişanlı avtomobillə gəlib. O, özünü mühafizəçilərə Şəhriyar Purnovruz kimi təqdim edib və Səmra Özalla görüşmək istədiyini bildirib. Lakin həmin vaxt Səmra Özal evdə olmayıb. Şəhriyar Purnovruz mühafizəçilərə bir məktub verib və Səmra Özala çatdırılmasını istəyib.

Həmin məktubda yazılıb ki, Turqut Özal “Glikonorinaid” adlı dərmanla öldürülüb, qatili də Azərbaycanda, Həsən Əlioğlu adlı şəxsdir. Şəhriyar Purnovruz məktubunda adını və İstanbulda qaldığın otelin adını da yazıb. Səmra Özal evə gəlib məktubu oxuduqdan sonra mühafizəçisi onun məktubda yazdığı “Erciyes Otel”-ə göndərib. Ancaq oteldə heç kim olmayıb. Araşdırma zamanı Şəhriyar Purnovruzun Türkiyəyə rəsmi yolla gəlmədiyi üzə çıxıb. 34 TC 245 dövlət nömrə nişanlı avtomobili və sürücünü də tapmaq mümkün olmayıb. Bu məktub Turqut Özalın ölümü ilə bağlı şübhələri daha da artırıb. Türkiyə Dövlət Nəzarət Komissiyası məsələni araşdırarkən diqqət çəkən faktlar üzə çıxarıb. Məsələn, Səmra Özalın mühafizəçisi Asım Enşenolda Şəhriyar Purnovruzun pasportunun fotosurəti olub və o, həmin fotosurəti İstanbul Polis İdarəsinin Kəşfiyyat şöbəsinə təqdim edib. Ancaq Asım Enşenol sənədi İstanbul Polis İdarəsində kimə verdiyini xatırlaya bilməyib...

Qeyd edək ki, bu günlərdə Turqut Özalın həyat yoldaşı və oğlu Əhməd Özal sabiq prezidentin ölümünün araşdırılması ilə bağlı prezident Abdulla Güllə bir araya gələcəklər.
Bu xəbər oxucular tərəfindən 1274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed