Şrift:
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirəcək
25.01.2018 [10:55] - Türk dünyası-Turan
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamına əsasən qardaş Türkiyədə də tədbirlər keçiriləcək.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar açıqlamasında deyib ki, rəhbərlik etdiyi qurum tədbirlərlə bağlı xüsusi proqram hazırlayıb. May ayında Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Türkiyənin Kocaeli, Sakarya və Yeddi Təpə universitetlərində konfranslar keçiriləcək. Bundan başqa, Federasiya Azərbaycan torpaqları uğrunda şəhid olanların övladlarından 30 nəfərin Türkiyəyə səfərini təşkil edəcək. Səfər çərçivəsində şəhid uşaqları Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbri, Çanaqqala şəhidlərinin məzarlarını ziyarət edəcək, Türkiyə Böyük Millət Məclisində və başqa yerlərdə olacaqlar. Bununla yanaşı, Türkiyədəki şəhid ailələrindən 30 uşağın Azərbaycana aparılması planlaşdırılır.

Bilal Dündar qeyd edib ki, tədbir çərçivəsində Türkiyədə Azərbaycanla bağlı şeir müsabiqəsi təşkil olunacaq. Münsiflər heyətinin qərarı ilə mükafatlandırılan qaliblərin ölkəmizə göndərilməsi nəzərdə tutulur. Bundan başqa, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının noyabrda keçiriləcək qurultayına azərbaycanlı tarixçi alimlər, Azərbaycanın və Türkiyənin xaricdəki diaspor təşkilatlarının nümayəndələri dəvət olunacaqlar. Qurultay Cümhuriyyət tarixinin öyrənilməsinə həsr olunacaq.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed