Şrift:
Milan konservatoriyasında Xocalıya həsr olunan mahnılar səsləndirilib
20.06.2012 [16:05] - Diaspor
Son zamanlar dünyanın bir çox guşələrində Azərbaycana həsr olunmuş silsilə tədbirlərin keçirilməsi dünya ictimaiyyətinin diqqətini qədim tarixi-mədəni irsə malik olan ölkəyə cəlb etmişdir.

Bu dəfə də İtaliyanın Giuzeppe Verdi adına Milan Konservatoriyasının böyük zalında Xocalıda törədilən soyqırımına həsr olunmuş gecə bu tədbirlərin siyahısını artırmışdır.

İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyev və Milan Konservatoriyasının dosenti maestro Davide Gualtieri Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş musiqi və rəqs gecəsində Xocalı soyqırımına aid faktlar və reallıqlar öz əksini tapmışdır.

İtaliyanın Milan şəhərində 10 ildən artıq yaşayan həmyerlimiz Mais Nuriyev bu dəfə Milan Konservatoriyasının rektoru və beynəlxalq müsabiqə və layihələrdə yaradıcılıq əlaqələri ilə bağlı olduğu insanların iştirakı ilə tədbirin həyata keçirilməsinə nail oldu.

İki hissədən ibarət olan tamaşada Milan Konservatoriyasının musiqiçiləri və xoru iştirak etmişdir.

Qeyd edək ki, ifa etdikləri Xocalı mahnılarının sözlərini maestro Davide Gualtieri özü yazmışdır. Teatro alla Scalanın birinci balerinası və solisti olan Beatrice Karboni Giuzeppe Carboninin xoreoqrafiyası ilə Vladimir Delmanın əsərini ifa etmişdir.

“Orizon” rəqs qrupu, xoreoqraf Mais Nuriyev, musiqiçi, şair və bəstəkar Maestro Davide Gualtieri tərəfindən birgə hazırlanan Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ mənzərələri təmasında xoreoqrafik lövhələr təqdim olunmuşdur.

Xocalı faciəsinə həsr olunmuş rəqs tamaşası zamanı Konservatoriyanın peşəkar musiqiçi və bəstəkarları ifalarını azad improvizə şəklində səsləndirmişdilər. Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyevin sözlərinə görə, Azərbaycana aid mühüm tədbirləri keçirdikdə Azərbaycanın İtaliyadakı Səfirliyi ilə yanaşı İtaliyada beynəlxalq layihələrdə birgə çalışdığı yaradıcı heyət dost münasibətləri və xalqımıza olan hörmət əsnasında hər zaman öz dəstəklərini verdilər.

“Orizon” rəqs qrupu gecənin ikinci hissəsində Mais Nuriyevin qurduğu xoreoqrafiya əsasında rəqs nümayiş etdilər. Həmyerlimiz birinci rəqsi Xocalı faciəsi, ikinci rəqsi isə Qarabağ mədəniyyətinə həsr etmişdi. Burada qızların xalça toxumaları və solistin qavalla çalıb oynamasına yer ayrılmışdı.

“Tamaşa çox təsiredici oldu. Qonaqlar arasında göz yaşları ilə olanlar da var idi. İtalyanları Azərbaycan mədəniyyəti çox valeh edir”, - tədbir haqqında öz təəssüratları ilə paylaşarkən Mais Nuriyev Azərbaycan mədəniyyətinin xaricilər üçün çox təsiredici olduğunu vurğuladı.

Konservatoriya nəzdində peşəkar xorun rəhbəri, şair Davide Gualtieri isə Xocalı faciəsinə həsr etdiyi şeiri şəxsən özü oxumuşdu. Maraqlıdır ki, maestro Gualtieri Mais müəllimdən Azərbaycan yazıçıları haqqında məlumat almaq üçün müraciət etdikdə, təqdim olunmuş şeirlər toplusundan o, Məmməd Arazın üç şerini seçdi və onları italyan dilinə özü tərcümə etdi.

Onlar “Vədəsiz çiçək”, “Müharibə olmasa”, “Necə unudum səni” şeirləri idi. Azərbaycan tarixinin acı həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması məqsədilə təşkil olunmuş gecəyə İtaliyanın bir neçə mədəniyyət təşkilatları, mədəniyyət xadimləri, tələbələr da dəvət olunmuşdur.

Qonaqlara Xocalı soyqırımı ilə bağlı faktlar, erməni hərbi birləşmələrinin törətdiyi vəhşiliklər, amansızlıqlar haqqında geniş məlumat verilmişdir.

Tədbirdə Azərbaycanın İtaliyadakı Səfirliyinin heyəti, Azərbaycan Diaspora nümayəndələri, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri də iştirak edib. Tədbirin sonunda Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən qonaqlara Azərbaycan haqqında ətraflı məlumatı əks etdirən jurnal, disk, şəkillər təqdim olunub.

Milan Konservatoriyasında yüksək səviyyədə təşkil olunmuş gecə Azərbaycanın dünya mədəniyyəti xəzinəsində xüsusi mövqeyə malik olması və Azərbaycan xalqının milli dəyərlərə sevgi və təlaş ilə yanaşmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bunun əsl təzahürü həmvətənlilərimizin qürbət ölkədə, vətəndən uzaq olduqlarına baxmayaraq qəlbən vətən eşqi ilə yaşamaqları və bu sevginin belə tədbirlərdə ən gözəl şəkildə tərənnüm edilməsidir.
Bu xəbər oxucular tərəfindən 2265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed