Şrift:
Milli Qəhrəman Samid İmanovun xanımı: “Hətta toy gününün səhərisi də durub işə getdi” - “Aprel şəhidi”nin Həyat HEKAYƏSİ
29.01.2018 [16:21] - DAVAMın yazıları
Vətəni qibləgah edən şəhidlər...

Ötən il Gülbəniz xanım evində küknar ağacı bəzəmədi. Çünki 2016-cı il onun ürəyinə sağalmaz bir dağ çəkdi. Candan əziz sevdiyi qardaşı Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri, mayor Samid İmanov 2016-cı ilin aprel ayında düşmən təxribatının qarşısını almaq üçün səfərbər olan döyüşdə, qəhrəmancasına həlak olmuşdu. O gündən bir il yarım keçsə də Gülbəniz bu dərdi daşıya bilmirdi. 2017-ci ilin sonunda isə kiçik qızının arzusuna qarşı çıxa bilmədiyindən, çoxluğun arzusu ilə küknarağacını bəzəməyə icazə verdi. Yolka oyuncaqlarını saf-çürük edəndə aprel ayından sonra axtardığı həmin arzular yazılmış vərəqləri tapdı.

Həmin gün belə olmuşdu: 2015-cı il dekabrın 31-dir. Bir neçə saatdan sonra qədəhlər cingildəyəcək və yeni ili - 2016-cı ili qarşılayacaqlar. Hamı Gülbənizin evinə yığışıb. Samid də gənc xanımı və balaca Fidanı ilə onların stolunun baş tərəfində oturublar. Və birdən Gülbəniz süfrə başında oturanların hərəsinə bir dəftər vərəqi verib dedi ki, “hər kəs öz arzusunu yazsın. Büküb qoyacağam yolkanın üstünə, gələn ilin sonunda açıb baxarıq... Görək ən çox kimin arzuları həyata keçəcək...”. Böyükdən –kiçiyə hər kəs öz arzusunu yazıb, küknar ağacının budaqlarından asdılar. Yeni il şənlikləri bitəndən sonra, küknar ağacı da yığışdırıldı... Və arzular yazılmış məktublar da oyuncaqların içərisində getdi...
Aprel ayında o böyük fəlakət baş verəndən sonraGülbəniz xanım qardaşı ilə keçirdiyi hər günü, hər saatı incələməyə başlayanda Yeni il gecəsi son arzularını yazdıqları vərəqləri tapa bilmədi...
Bu gün isə... 2018-ci ilin gəlişini gözlədiyi günlərin astanasında həmin küknar ağacını bir də bəzəmək istəyəndə oyuncaqların arasından həmin arzular yazılmış vərəqləri tapdı. Digərlərinin yazdıqları vərəqləri deyil, Samidin yazdığını dərhal açdı, orada 7 arzu yazılmışdı:
1) Əmək haqlarımız artsın; 2) Üçotaqlı evimiz olsun; 3)Vətən torpaqları azad olunsun; 4)Rahat ölüm..; 5) ...; 6)...; 7) Hər şey yaxşı olsun.
Gülbəniz həmin məktubu öpdü, qoxladı,göz yaşları ilə qardaşının ölümündən sonra göyərən arzularını islatdı.

Modern.az saytı Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında yazını təqdim edir...

Gülbəniz Sadıqova, şəhidin bacısı:


-Samidin o vərəqdə yazdığı arzuların hamısı həyata keçdi. Bircə onu bilmədim ki, ölümü rahat oldu, ya dəhşətli... Ancaq bir təsəllim var ki, deyirlər ki, şəhidlər öləndə bir iynə ucu da olsun canları ağramır, buna inanmaq istəyirəm. O arzuların içərisində təkcə özü yoxdur indi...
Samidlə can bir qəfəs olmuşuq, çünki həm də tələbəliyimiz bir keçib. Mən ailə həyatı qurandan sonra o Naxçıvanski adına Hərbi liseyə qəbul olundu. Sonra təhsil aldığı bütün illərdə hər şənbə-bazar günlərini gəlib mənim yanımda qalardı. Həftənin birinci günləri dərsə qayıdanda, əyin-baş geyimini yuyub-təmizləyibçantasına qoyar, 1 həftəlik tədarükünü görərdim. İndi isə oğlum Sadiq də - mənim kiçik qardaşımın da, böyük oğlumun da adı Sadiqdir – hüquq-mühafizə orqanı sisteminin məktəbində təhsil alır və hər həftənin birinci günü onun paltarlarını yol çantasına yığanda, Samid yadıma düşür... 15 il yuyub ütülədiyim formanın içərisində axırda canını verdi. Hər gün, hər saat, hər dəqiqə yanlıb-yaxılıram. Samid mənim evimin ən əziz qonağı, ən əziz ailə üzvüm idi. Bəlkədə gəncliyimizi birlikdə keçirdiyimizdəndir və ya elə mənim gözlərim qaraşısında böyüdüyündəndir, onun yeri qəlbimdə başqa idi. Mən onun həm böyük bacısı, həm anası, həm dostu olmuşdum ötən 15 il ərzində.O, mənə övladlarımdan da əziz idi. Yeməyin ən dadlısını onun qarşısına qoyurdum. Onu mən geyindirirdim. Yaxşı paltarlar görən kimi onu da aparırdım ki, alsın. İstəyirdim hər şeyin yaxşısını onun üçün edim. Qardaşım çox məsuliyyətli idi. Savadlı, bilikli, bacarıqlı, intellektli idi. Gözəl nitq qabiliyyəti var idi. Deyirdi ki, “ay bacı, son illər vəzifə pilləsində elə-tez tez yüksəlirəm ki, özümdən yaşlılara əmr edəndə utanıram”. Samidi 31 yaşında evləndirə bildik. Deyirdi ki, “mənim qız tapmağa vaxtım yoxdur”, bizim təkidlərimizləailə qurmaq xatirinə evləndi.
Samid dəfələrlə Türkiyədə hərbi təlimlərdə olmuş, yaxşı təhsil almışdı. Deyirdi ki, “bacı bir təzada məəttəl qalmışam, bizim qızlardan fərqli olaraq, Türkiyədəki qızların sevgililəri hərbçi və ya kursant olanda, bunu sevinərək, vüqar hissi ilə hamı ilə bölüşürlər, ancaq bizim qızlar belə deyil… Heç bir kursantla dostluq edən qız görmədim. Kaş bizdə də belə ola, hərbçilərə dəyər verməyi baracarsaydılar”.
Ona ailə həyatı qurmaq üçün də qızı mən seçdim. Dedim ki, o zaman gəl dayımın qızını alaq. Heç bir söz demədi.
Bilimirəm nəyə görəsə, həmişə deyirdi“həyat çox qısadır". Martın 26-sı isə mənimlə birlikdə idilər. Digər dayım qızının toyun hazırlaşırdıq. Dedi ki, “mən gələ bilməyəcəm, sabah təlimə gedirəm”. Anam narahat olmasın deyə, soyuqqanlılıqa söz arasına söz qatıb dedim: “Gedirsən get də, gözün arxada qalmasın”. Əlini mənə uzadıb dedi, “bax belə. Sən bir dənəsən. Sağ ol adamı belə yola salarlar”.
Martın 31-i bir dəhşətli yuxu gördüm: Samidin evinin qapı-pəncərəsi yanıb. Ev su içindədir. Yuxunun təsiri məndən heç keçmirdi. Ona telefonla mesaj yazdım, cavab yazdı. Ürəyim rahat oldu ki, salamatçılıqdır. Adəti üzrə bizə icazə vermirdi zəng etməyə, deyirdi, "vacib nəsə olmayınca, zəng etməyin, zəng edəndə ikinci çağırışdan sonra gözləyin, özüm zəng edəcəm".
Elə də edirdi.
Aprelin 1-dən sonra xəbərini ala bilmədik. Narahat olmağa başlamışdım. Həyat yoldaşı Badamdan soruşurdum, o da deyirdi ki, "Samidin dostlarının arvadları ilə danışıram, deyirlər, Samid də yaxşıdır”.
Amma mən ürəyimdə fikirləşirdim ki, bəs görəsən niyə Samidin özü ilə danışa bilmirik? Bəlkə qardaşımın başında nəsə bir hadisə var? Samid sağ olsaydı, yoldaşı ilə danışardı, yazışardı. Badamdan Samidin hərbçi yoldaşlarından birinin həyat yoldaşının nömrəsini aldım və danışdım. "Gözlə, komandirin həyat yoldaşı ilə danışım, görüm nə xəbər var?" dedi. Sonra yenidən danışdıq. Dedi, "harada qalırsan, gəlmək istəyirəm". Əsəbləşib qışqırdım ki, “mənə bir doğru söz de”. Dedi, "hospitaldadır, gedin, axtarın".
Mən xalam qızını da götürüb taksiyəəyləşərək, ağlaya-ağlaya hospitala qaçdım. Hospitalda heç bir siyahıda Samidin adı yox idi. Məni başa saldılar ki, ölənləri hospitala gətirmirlər, yaralıların içində isə Samidin adı yox idi. Hər yerə xəbər salmışdıq, yox idi…
Qurban demişdim, qolu-qıçı olmasın, amma nəfəsi gəlsin. O uşaq gün görməmişdi. Ayağı hərbçi çəkməsindən çıxmadı. Hara gedirdisə, uşaqlarına görə mənə arxayın idi.
Samidi axtara-axtara qalmışdım. Kimsəyə deyə bilmirdim ki, Samiddən xəbər yoxdur. Atam və anam da Samidin evində idir. Atama dedim ki, getsin evin, cavab verdi ki, Samid gəlməyincə getməyəcək.
Kimsənin xəbəri yox idi ki, Samid dardadır.Elə həmin günlərdə Samidin qızının qızdırması var idi. Anam zəng vurub dedi ki, uşağı həkimə aparmaq lazımdır. Mən dəgedib uşağı apardım həkimə. Ürəyimdə isə qardaşımdan narahat idim. Və dərdimi, ağrımı onların heç birinə söyləmədim.


Xuraman İmanova, Samidin anası:


-Samidin ikinci oğlu fevralın 12-də dünyaya gəldi. Getdim qaldım onlarda ki, həm gəlinimə - qardaşım qızına kömək edim, həm də oğlumu görərəm.
Martın 8-də Samid dedi ki, “ata da gəlib bizdə qalsın. Novruzu bir yerdə keçirək”. Martın 10-u ad günüm idi. Yoldaşım Gülağa da gəldi. Novruzu da oğlumgildə onunla birgə keçirdik. Son iki ayı onunla qaldığım ən uzun zaman oldu. Bir gün də dedim ki, “bala, mən daha qayıdım kəndə, ev var, həyət-baca var...”.
Dedi “yox, ana sən uşaqların yanında 6 il qalarsan”. Dedim, “ay bala, niyə 6 il?”.Söylədi “yaxşı, 6 ay qalarsan”.
Sonra qızı Fidanı qucağına aldı, əlimi Fidanın əlinə verib dedi ki, “Fidan, bu mənim anamdır”. Başını da qoydu mənim dizimin üstünə, Onun saçlarını, boyun-boğazıını, qollarını ovxaladım. ətrini ürəyimə çəkdim. Sən demə balamı sonuncu dəfə əzizləyirəmmiş...
Heç doymadım Samidimdən. Martın 27-si səhər saat 6-da çıxdı evdən. Gecə saat 11 idi, zəng vurdu ki, “ana, yemək hazırlayın gəlirəm”.
28-i də səhər-səhər çıxdı işə getdi. Heç qucaqlaşıb öpüşmədik də... Hər gün yola saldığımız kimi yola saldım. Pilləkənləri enəndə bir dəfə dönüb baxdı. O baxışı qaldı yadımda. Gözlərimdə oğlumun boynubükük bir şəkli var indi. Pilləkənləri enəndə dönüb baxmağını unuda bilmirəm.
Elə narahat idim. Gəlindən tez-tez soruşurdum ki, nə xəbər var. O da qalırdı naəlac... Beləcə gözləməyə başladıq. Əslindənarahat olsaq da, onun darda olması haqqında fikirləşmək heç ağlımızın ucundan da keçmirdi. Bir də aprelin 8-də qardaşlarımın arvadları gəldilər evə. Elə bildim ki, körpəni görməyə gəliblər. Çünki uşağın da qırxı təzəcə çıxmışdı.
Dedilər ki, "Samid hospitaldadır, gedək Həsənabada". Fikirləşdim ki, ay dadi-bidad bunlar niyə məni Həsənabada aparırlar ki?.. Həyətə çatanda gördüm həyət doludur adamla. Gecə balamın tabutunu kəndin məscidinə gətirdilər. Nə qədər ah-aman elədim ki, gətirin tabutu evə, balamı görüm, gətirmədilər.
Gülağa kişinin dörd övladı var. Gülbəniz, Aybəniz, Samid və Sadiq. Təcrübəli neftçi olduğundan mütəxəssis kimi Rusiyada - Tümendəki neft yataqlarında işləyib. Alın təri, təmiz zəhməti, əlinin qabarı, evindən uzaqda ürəyində gəzdirdiyi isti ocaq həsrəti ilə cəmiyyətə yararlı və layiqli, mərd və tərbiyəli, savadlı övladlar böyüdüb. El içində də böyük hörmətə malikdir. Əslində Gülağa kimi bir kişinin övladları başqa cür də ola bilməzlər. Necə deyərlər, ot kökü üstə bitər. Samid İmanovu daGülağa kişi belə vətənpərvər böyütmüşdü. Gülağa kişi Salyan-Neftçala bölgəsinin dialekti ilə danışır. Bu bölgənin adamları kimsəni tərifləyəndə, əməlindən razı olanda ona “axıllı balam”, yəni “ağıllı balam”- deyə müraciət edirlər:

- 17 yaşından oxumağa getdi, ucaldıqca ucaldı. İlk dəfə sənədlərini Bakıya aparanda baxıb ki, axşam düşür. Qalıb naəlac. Uzanıb bir oturacağın üstündə yatıb. Səhər durub sənədləri Cəmşüd Naxçivanski adına Hərbi liseyə verib. Onu taleh,qismət aparıb oraya çıxarmışdı. Axıllı balam, ucaldıqca ucalırdı.
18 yaşı tamam olan günü, oktaybrın 14-də həm adı hərbi məktəbə qəbul olunanların siyahısında çıxdı, həm də əsəgərliyə çağırdılar. Və beləcə, hərbi məktəbdə oxumağa başladı. İlk hərbi dərslərini türk hərbçələrindən aldı.
Liseydən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirdi.
2003-cü ildə mərhum Heydər Əliyevin mükafatına layiq görüldü. Ümummili lider ona saat bağışlamışdı.
Sonra Müdafiə Nazirliyində Mühafizə xidmətinin rəisi işlədi. Bir müddət bu işdə çalışdıqdan sonra öz xahişi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin Qərargah rəisi işinə keçdi. Öz peşəsinin kamil bilicisi idi. Türkiyə Cümhuriyyətində "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Kommando təlimi və paraşütdən sərbəst atlayış" kurslarında, habelə "Anadolu-2007″, "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərində, Pakistanda "Ləpirçi" və "Antiterror" kurslarında, İsveç krallığında "Dağ təlimi" kursunda, Rumıniyada dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib.
2004-cü ilin iyun ayından sonra xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edib.
Xidməti müddətində 6 medalla təltif olunan az sayda hərbçilərdən biri oldu. Şəhid olmazdan öncə Baş Qərargahın Akademiyasında son kursda təhsil alırdı. Balam təkcə nəslinə deyil, əməli ilə elinə-obasına şərəf gətirirdi. Sonuncu dəfə isə 2014-cü ilin avqust ayında erməni təxribatının qarşısının alınması əməliyyatındakı fəaliyyətinə görə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən mükafata layiq görülmüşdü. Prezident ona saat hədiyyə etmişdi.
2016-cı ilin mart ayında bir neçə gün birlikdə yaşadıq. Dedim, “axıllı balam, daha ananı aparım kəndə, Turanda qırx günlüyünə çatdı. Dedi “ata, mənim qırxım hələ çıxmayıb, ana hələ burda qalacaq...”. Sözünə güldüm. Bəlkə də özü çətin, gedər-gəlməz yolda olduğunu bilirmiş...
Evə gələndə fikir verirdim, qızı qaçırdı qabağına, onu qucağına alıb, sonra çəkməsinin bağını açırdı. Evə geçdimi, bütün çətinlikləri, yorğunluğu kənara qoyub, sakitcə gəlib otururdu. Ayda iki dəfə qurban kəsdirərdi. Sən demə, gedib düşməndə olan ərazilərimizi yoxlayıb gəlirlər, çətinliklərdən keçirlər. Qayıdandan sonra da bizə qurban kəsdirirlər.

Bütün qardaşlar kimi Samidlə Sadiq də bir-birini çox sevirdilər. Ailədə hər zaman sakitlik, təlim-tərbiyə görən bu cavanlar bir-birinə də hörmətlə yanaşardılar. Qardaşı ucaldıqca, o da ürəyində fəxarət duyurdu ki, Azərbaycan Odrusunun belə mükəmməl bir zabiti yetişib.
Sadiq 2007-ci ildə Bakıda NeftAkademiyasını bitirəndən sonra Tümenə- atasının bir zamanlar neftçi işlədiyi yerlərə getdi. Əmisi də orada yaşayırdı.
Sadiq bizimlə söhbətində qardaşı ilə yadında qalan ən maraqlı məqamları xatırladı.Hər dəfə işdən təltiflər və tərifnamələr alanda bunu qardaşı Samidə yazırmış, onu sevindirirmiş. 2016-cı ilin mart ayında sonuncu mükafatının şəklini qardaşına göndərəndə sevinərək demişdi: “Görürsən insan çalışanda istəyinə nail olur”.


Sadiq İmanov:


- Samidin haqqında nə qədər danışsam, ürəyim boşalmaz. Məndən 5 yaş böyük olsa da, biz bir-birimizə çox bağlı idik. Aramızda böyük hörmət var idi. Ancaq özünü mənim yanımda heç vaxt böyük kimi aparmırdı. Elə bil tay-tuş idik. Hərdən şəhəri gəzməyə çıxanda məni Şəhidlər Xiyabanına aparırdı. Burada onun çox dostları uyuyurdu. Deyirdi ki, onu da da burada basdıracaqlar. “Formadakı şəklimi vuracaqlar başdaşıma. Boyum hündürdür. Şəkildə də gözəl görünəcək” deyəndə hirsləndim, deyim ki, “dəlisən, bu nə bəd danışmaqdır?”.
Amma sən demə qardaşım öz sonunu duyubmuş. Hamımıza gücü çatan qədər qayğı göstərirdi. O bütün həyatının mənasını öz peşəsinə xidmət etməkdə görürdü.
Ön cəbhədə təxribat baş verməsi xəbərini də Tümendə eşitdim. Oradan izləyirdim mətbuatı. Tez-tez də Samidlə əlaqə saxlayırdım. Sonra onunla əlaqəm kəsildi. Qohumlarla əlaqə saxladım. Hamı dedi ki, onlar əməliyyatdadırlar. Ona görə telefona cavab vermir.
Bacım Gülbənizin həyat yoldaşı İlqara dedim ki, aprelin 6-na bilet almışam, gəlirəm Bakıya. Yeznəm razı olmadı. Lakin aprel ayının 7-də Samidi yuxumda gördüm. Çox qarışıq yuxu idi. Özümə yer tapa bilmirdim. Elə həmin günlər Moskvada yaşayan bibim qızı Leyla da yuxu görmüşdü. Mənə zəng edib dedi ki, yuxuda görüb ki, Samid üzü tüklü şəkildə evə gəlir. Mənimlə üzbəüz oturub deyir ki, “Sadiq mən getməliyəm…”. Mən də ona deyirəm ki, “bəs sən getsən mən burada necə olacağam?”. Samid mənə cavab verir ki, “mən səninlə oradan əlaqə saxlayacağam”. Ayağa duranda isə“Sadiq mən gələnə kimi Fidandan muğayat ol, narahat olma, qayıdacam, qayıdacam…” deyib qeyb olur. Bibim qızının bu danışdığı yuxu məni lap narahat etdi.
Apreıin 8-də isə İlqar zəng vurub dedi ki, “Samidin halı yaxşı deyil, yığış gəl”, mən bağırıb dedim “düzünü söylə görüm qardaşıma nə olub?”. O da ağlaya-ağlaya, hönkürtüylə dedi ki, Samid şəhid olub… Təsəvvür edirsinizmi, Vətəndən çox-çox uzaqlarda qardaşının şəhid olması xəbərini eşidəsən…Və bir Allahın xəbəri oldu ki, mən 2 min kilometr yolu necə bir ağrı və əzabla gəlib çıxdm kəndimizə… Sağ olsun kənd camaatı, qardaşımı dəfn etməyib, məni gözləmişdilər. Çünki mən də oradan dedim ki, gəlib qardaşımla son dəfə görüşməsəm, o zaman özümə qəsd edəcəyəm. Və mən qardaşımın tabutunun başına dolandım. Adam əlindən tərpənmək olmurdu… Mən həyatımın 30 illik dostu, bir parçam, nəfəsim, arxam olan qardaşımla əbədi ayrıldım…
Samidlə hər dəfə danışanda mənim Bakıya qayıtmağımı istəyirdi. Deyirdi ki, “sən Bakıda olsan, mən özümü arxalı hiss edərəm. Mənim işim çətindir. Ata-anaya hər zaman nəzarət edə bilmirəm. İşdə olanda uşaqlarımdan nigaran qalıram. Ancaq sən yanımda olsan, heç kimdən nigarançılığım olmaz”. Dəfələrlə mənim üçün iş tapdı, gəlmədim. Qardaşım şəhid olandan sonra isə dostlarından biri dedi ki, Samid mənə iş verməsi üçün ona da müraciət edibmiş...
Mən qardaşımın balalarına sahib çıxmaq, onların yanında olmaq, qayğılarına qalmaq, Samidin arzularını yerinə yetirmək üçün məcbur olub Rusiyadakı işimdən imtina etdim...
Qardaşım döyüşdə çox böyük şücaət göstərib. Bildiyiniz kimi, qardaşım Samid, polkovnik-leytenant Murad Mirzəyev, Mühit Orucov, Xüsusi Təyinatlı Dəstənin giziri Pəncəli Teymurovəməliyyata birlikdə gediblər.Polkovnik-leytenant Murad Mirzəyevin başcılıq etdiyi qrupdüşmən təxribatlarının qarşısının almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliyindəki erməni postlarını darmadağın edibr. Talış yüksəkliyində öz mövqelərini alıbgözləyiblər ki, onlara kömək gələcək… Və bundan duyuq düşən ermənilər onlaraın olduğu yeri mərmi atəşinə tutublar… 70-ə qədər ermənini məhv edən bu qəhrəmanlar dəstəsini bir minomyot mərmisi həlak edib. Həmin vaxt Samid İmanov ayaqlarından yaralı olub, onlara köməyə gələn heyətə əmr edib ki, yaralı giziri aparsınlar, sonra gəlib onu götürərlər. Və əlavə edib ki,“gəlib məni götürəndə ehtiyatlı olun, əlimdə qumbara olacaq. Əgər sağ qalmasam, qumbaranı zərəsizləşdirib, sonra məni götürərsiniz”.
Samid İmanov həmin dəstəyə göstəriş verib və Talış yüksəkliyində dayandıqları yerdən rahat çıxa bilmələri üçün səmt və istiqaməti elə başa salıb ki, dəstə onun verdiyi koordinatla çox asanlıqla yaralı gizirləri arxa səngərə daşıya bilib. Çünki belə dağ massivindəyaralılarla hərəkət etmək çox çətindir. Bəzən 1 yaralını çıxarmaq üçün 4 nəfər qüvvə tələb olunur. Bir qədər keçəndən sonra onu götürməyə gələn əsgərlər, olduğu yerdə tapa biməyiblər. Samid yaralı halda sürünə-sürünə uzağa gedib, özü kəşfiyyat qaydalarına uyğun olaraq bir kolun dibində xəzəllə maskalanıb. Çünki yaralı zabitin ələ keçməsi, bir ordunun bada getməsidir. Bir də ki, bu şərəfli zabit ölümü düşmənə sirr verməkdən uca tutmuşdu. Ona görə də əlində qumbaranı hazır saxlayıb ki, düşmənə əsir düşərsə, özünü partlatsın.Onun bədəninə baxış keçirən məhkəmə tibb ekspertinin verdiyi rəydə qeyd olunub ki, mayor Samid İmanov yaralandıqdan 8 saat sonra həyata gözlərini yumub.

Badam İmanova, Samidin həyat yoldaşı:


-Samidlə çox az ömür sürdük. 2013-cü ilin 16 iyun tarixində toyumuz oldu. İşini o qədər çox sevirdi ki, toy gününün səhərisi də durub işə getdi. Həmin gündən etibarən mən bu həyata öyrəndim ki, hər gün otutub onu gözləməli və bir hərbçi ailəsi olduğumu unutmamalıyam.
Uzun ayrlıqlarımız o xarici ölkələrdə təlimlərdə olarkən yaşanırdı. Ancaq qalan vaxtlar getdiyi yer iş, qayıtdığı ünvan ev idi. Ailəsinə çox bağlı idi Samid. Qızımız Fidan 2014-cü ilin aprel ayında doğuldu. Sonra isə2016-cı il fevral ayının 12-də oğlumuz Turan gəldi dünyaya.
Bizi xəstəxanadan çıxarıb gətirdi evə yerləşdirdi, yenə də tez işə qayıtdı.İnanırsınızmı, onun Turanla çəkdirdiyi bir şəkli belə olmadı. Çünki o işdən gələndə Turan yatırdı. Hərdən hirslənirəm, Samidi qınayıram ki, niyə belə oldu? Sonra deyirəm ki, bu da bir qismət, bir yazıdır. Birlikdə keçirdiyimiz 3 ildə onun nə məzuniyyəti, nə bazar günü oldu. O özünə bunu qıymırdı. Elə bilirdi ki, işbaşında olmasa, kimsə məsuliyyətsilzik edəcək. Bizə xidməti ev verilmişdi. O evə köçəcəkdik. Dedim ki, sabah 28 martdır, köçürükmü evə? Üzümə təəccüblə baxıb, dedi “hara köçürsən? Sabah biz təlimə gedirik”. Yenə əlim-qolum boşalıb yanıma düşdü. Ağlanımsınaraq dedim ki, “yenə də təlim?! Mən axı 2 uşağın əlində girinc qalıram. Sən evə nə zaman yığılacaqsan?”. Dedi ki, qocalanda.
Martın 29-u evdən çıxanda yenə uşaqları öpüb çıxdı. Hirsləndim ki, “səhər tezdən onları oyatma... Axı sən gedirsən, onlar oyanıb, sonra yatmırlar...”.
Sən demə bu sonuncu, vida görüşümüz idi... Aprelin 1-nə kimi telefonla tez-tez əlaqə saxlayırdıq. Aprelin 1-i mənə yazdı ki, uşaqların şəklini göndərim ona... Mən də göndərdim. Yazmışdı ki, bu uşaqlar nə yaman böyüyüb belə. Cavabında yazdım ki, sən də Miriş kimi onları tanımayacaqsan axırda... beləcə zarafatlaşdıq...
Həmin günlər qardaşım da hərbi xidmət keçirdi. Arada mənə telefon açıb söylədi ki, “Samidə de ki, bizi olduğumuz yerdən başqa yerə - ön cəbhəyə aparırlar, məni tapşırsın”. Mən də Samidə zəng vurub onun xahişini çatdırdım, Samid bu xahişi yerinə yetirə bilməz dedi.
Sonradan dost-tanışlar, hərbçilərin xanımları zəng edib məndən Samidi soruşdular. Ürəyimdə şübhə yaransa da, bəd fikiri özümə yaxın qoymaq istəmirdim. Dayımın qızı gəlin köçürdü. Anamgili o toya yola saldım.
Aprelin 3-ü idi. Mətbəxə keçəndə bədənimdən qəribə bir gizilti keçdi, üşəndim, içəridən titrədim... Və qeyri-ixtiyari fikirləşdim ki, birdən Samidin başına bir qəza gəlmiş olar...
Aprelin 5-də isə gecə vaxtı yataq otağından durub mətbəxə keçdim ki, Turan üçün yemək qızdırım. Mətbəxdə dayandığım yerdə mənə elə gəldi ki, yataq otağında o biri otağa kimsə keçdi. Əməlli-başlı hənirti iss elədim. Yenə də üşəndim. Həmin vaxt qaynatam və bibim də bizdə idi. Turanı yedizdirdiyim yerdə elə bildim ki, mənimlə kimsə danışır. Tez Turanı gətirib beşiyinə qoydum. Yenə də Turanın beşiyinin yanında oturanda böyrümdə kiminsə dayandığını hiss etdim. Həmin adam dayanmadan nəsə deyirdi mənə. Kimsəyə bildirmədim. İndi fikirləşirəm ki, demək bu Samidin ruhu imiş, axı insanın bədəni doğma və həsrətində olduğu torpağına tapşırılmayınca, narahat olur. Bəlkə də o bizə deyirmiş ki, gəlin məni götürün. Ruh rahatlıq tapmayanda evləri gəzər, ona narahatlıq gətirən insanları narahat edər. Həmin günlər çox mistik hadisələr baş verirdi. Sonra da bir qəribə yuxu gördüm: Görürəm ki, hava limanındayıq. Ətrafımda Samidin qohumları yığılıb, bir boz kostyumlu kişi də təyyarədən enir. Ondan Samidi soruşuram ki, bəs Samid yoxdur? Deyir ki, Samid yoxdur. Samid gəlməyəcək...
Aprelin 8-də mən bibimlə uşağı çimdirirdik. Birdən dayımın arvadları gəldilər. Mən onları görəndə şübhələndim ki, bəlkə qardaşıma, ya Samidə nəsə olub? Uşağın bədənini qurulaya-qurulaya onların üstünə gedib “Əkrəm, yoxsa Samid?- Nə olub”,- deyə bağırdım.
Hansısa dedi ki, Samid ayağından yaralanıb. O dəhşətli bir gün idi. Özümü yerə çırpdım, divarlara vurdum, ah-nalə etdim, qışrqırdım, dedim yalandır. Ayağı yaralanan adamı xəstəxanaya aprarlar, kəndə niyə aparırlar ki... Həmin vaxt huşumu itirmişdim. Ayılandan sonra iki balaca körpəmi də götürdüm və Neftçalaya qədər getdik... Yol elə ağır idi ki, boğulurdum...Nə edəcəyimi bilmirdim. İnanmaq istəmirdim ki, Samid iki körpəsini tək qoyar, məni tək qoyar. Bax beləcə aprelin 8-i Samidi kəndin Soltan Pirəvətən məscidinə gətirdilər. Gedib orada tabutun üstünə başımızı qoyub ağladıq. Ancaq əlimizdən nə gəlirdi ki...
Səhərisi günü tabutu 10-15 dəqiqəliyə ata ocağına gətirdilər. O qədər insan var idi ki, heç biz yaxına durub onunla vidalaşa bilmədik. Mən tabutun arxasınca ayaqyalın, başaçıq qaçaraq qışqırırdım: Bizi hara qoyub gedirsən? Onu hara aparırsınız? Onun iki balası qalıb...
Yalnız Samidin şəhid olması xəbərini biləndən sonra gözümə görünən mistik hadisələri anladım. Mənə yazdığı son mesajları anladım. Samid evə heç vaxt əliboş gəlməzdi. Həmişə Fidan üçün nəsə alıb gətirirdi. Mən deyirdim ki, uşağı pis öyrətmə. Deyirdim ki, belə etmə, sonra onları idarə etmək çox çətin olacaq. Onun ailə mədəniyyəti var idi. Başından aşan işlərinin içərisində evin də problemlərini həll etməyə vaxt tapırdı.
Fidan o, şəhid olandan sonra uzun müddət qapı döyüləndə qapıya qaçırdı ki, atası gələcək. Sonra getmədi. Atasının gəlməmısinə öyrəndi. Fidan o zaman balaca idi, atası şəhid olandan sonra 2 yaşını tamam etdi. Ona görə də hələ atasızlığın nə olduğunu başa düşmür. Aparıram dəfn oldunduğu yerə, başdaşına baxırlar. Mən onları necə başa salım ki, orada yatan sizin atanızdır? Çox çətindir. Fidanın heç vaxt yadına gəlməyəcək. Turan isə böyüyəndə məndən soruşacaq ki, “ana bəs mənim atamla niyə şəklim yoxdur?”. Ona nə deyim?! Ancaq mən unutmayacağam.

Aprel ayının 19-da Azərbaycan Ordusunun şərəfli zabiti Samid İmanovun 6 medalının yanına biri də əlavə olundu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Samid İmanovu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görmüşdü. Aprel ayında Vətən torpağını müdafiəyə qalxan ən kiçik yaşlı əsgərimiz də qəhrəman adına layiqdir. Onların hamısı həmin günlərdə Vətənimizin qəhrəmanlıq tarixində yeni bir səhifə açdılar.

Bu gün Neftçaladakı Həsənabad kəndinin qəbristanlığında ən ön cərgədə Samid İmanovun məzarı üstündə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Onun adı ilə bir mahal, bir el, Azərbaycan fəxr edir. Lakin Samid İmanovun ruhu narahatdır... Onu sevənlərin yuxusuna gəlib deyir ki, “anama deyin ağlamasın, şəkillərimi divardan yığşdırsın, axı evdə ağlayanda mən ora gələ bilmirəm...”.
Kim nə deyir desin, mən ruhların varlığına, ruhların naratlığına, ruhların divanına inanıram. Elə Milli Qəhrəmanımız Samid İmanov da şəhid olduqdan sonra, cismi vətən torpağına əmanət edilməzdən əvvəl narahat ruhu ilə gəlib evini gəzmiş, balalrına, ata-anasına baş çəkmişdi. O balalarını, ailəsini ata-anasına əmanət edib getmişdi. O bilirdi ki, arxasında dağ kimi qardaşı var...
Şəhid ruhları o zaman rahat olur ki, onların arzuları həyata keçsin, istədikləri idealları, əməllər yaşasın bu dünyada. Onların arzularına, istəklərinə zidd gednləri isə bu dünyada DİVAN gözləyir... Ruhların DİVANI – MƏHKƏMƏSİ isə çox ağır olur... Bilmirsən ki, səni nə zaman, harada DİVANA çəkərlər...


Aida Eyvazlı
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed