Şrift:
Ermənilər işğal etdikləri Laçın rayonu ərazisindəki Ağoğlan qəsrinin adını dəyişərək erməniləşdiriblər
19.10.2011 [12:22] - Gündəm
Azərbaycanın işğal altında olan ərazilərindəki tarix və mədəniyyət abidələrinin sürətlə erməniləşdirilməsi prosesi davam edir.


Bu barədə APA-ya “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib. F. İsmayılov deyib ki, Ermənistan hökuməti işğal etdiyi ərazilərdə müəyyən miqdarda salamat qalmış Azərbaycan abidələrini erməniləşdirməklə bu ərazilərdən azərbaycanlıların izini tamamilə itirmək istəyir: “Bu, bütünlüklə Dağlıq Qarabağın, xüsusi ilə də Laçın və Kəlbəcər rayonlarının ərazilərində müşahidə olunur. Çünki bu ərazilər ermənilər üçün xüsusi ilə önəm daşıyır”.

F. İsmayılov bildirib ki, Laçın və Kəlbəcər rayonlarında dünya mədəniyyətinə örnək olan onlarla tarix, memarlıq və arxeoloji abidədən biri Ağoğlan qəsridir: “Ağoğlan qəsri Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Həkəri çayının sağ sahilində, Kosalar kəndinin yaxınlığında 2 hektarlıq ərazidə yerləşir. Abidə 1992-ci il may ayının 18-dən etibarən Ermənistan hərbi qüvvələrinin işğalı altındadır. Ermənistan Respublikası 1992-1994-cü illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, divar yazılarını korlayıb, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də alban dövrünə məxsus xeyli sayda ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar”.

F. İsmayılov bildirib ki, Ermənistanın müvafiq qurumları tərəfindən Ağoğlan monastırının adı 1999-cu ildə dəyişdirilərək “Tsitsernavank” qoyulub, həmin ildən etibarən Ermənistan Respublikasının abidələri siyahısına daxil edilib, hazırda da erməni kilsəsi kimi təbliğ edilir. Həmçinin, kompleksin giriş qapısı yaxınlığında 2009-cu ildə Ermənistanın İrəvan şəhərində hazırlanaraq gətirilmiş 2,5 metr hündürlüyündə bir neçə xaç daşı quraşdırılıb. Hazırda kompleksin daxilində təmir tikinti işləri, ətrafında arxeoloji qazıntı işləri başlanıb və davam etdirilir. Bu əməllərinə görə Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsində “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi tərəfindən 2011-ci ildə Məhkəmə iddiası qaldırılıb.
Bu xəbər oxucular tərəfindən 4180 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed