Şrift:
Avropa İttifaqından Ermənistan qarşısında sərt tələb
01.02.2018 [10:22] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Stansiyanın bağlanmasına nail olmaq üçün Ermənistana qarşı güc tətbiq olunmalı, sanksiyalar verilməlidir”

Elman Məmmədov: “Avropa İttifaqı “Metsamor”un bağlanmasında israr edərsə, bağlanacaq”

Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents Ermənistanda "Metsamor" Atom Elektrik Stansiyasının (AES) bağlanmalı olduğunu bildirib. Lorents qeyd edib ki, AES-in keyfiyyətini standartlara uyğun yüksəltmək mümkün deyil: "Biz hesab edirik ki, AES-in işini beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdıracaq qədər yaxşılaşdırmaq mümkün olmadığı üçün stansiyanı mümkün qədər tez bağlamaq lazımdır".

Bir müddət əvvəl Aropa İttifaqı "Metsamor" AES-in bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı vəd etmişdi. Beləliklə, Aropa İttifaqı "Metsamor" AES-in bağlanmasında israrlı mövqe sərgiləyir.
Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, “Metsamor”un bağlanmasına nail olmaq üçün dünya ictimaiyyəti Ermənistana ciddi şəkildə təzyiq etməlidir: “Ermənilər adətən, bütün problem və məsələlərdən özləri üçün xeyir götürməyə çalışır. “Metsamor” Atom Elektrik Stansiyasının istismar müddəti çoxdan başa çatıb. Bu fonda ermənilər yaxşı dərk edir ki, stansiya qəza vəziyyətindədir, istənilən an stansiya ətraf aləm üçün dəhşətli təhlükə yarada bilər. Bu qəza baş verəndə isə region dövlətləri də ziyan çəkəcək. Ancaq əsas ziyan çəkən isə Ermənistanın özü olacaq. Bu fonda Ermənistan bütövlükdə məhv olmaq təhlükəsilə üz-üzə qalacaq. Ona görə stansiyanın bağlanmasını ermənilər də istəyir. Ancaq bu zaman bağlanma prosesindən də xeyir götürməyi düşünürlər. Yəni, bağlanma prosesinin də öz xeyirlərinə baş verməsini istəyirlər. Belə ki, stansiyanın bağlanması ilə İrəvanda Ermənistanın elektrik enerjisilə təminat məsələsinin necə, hansı mənbələr və əvəzsiz ödəmə vasitəsilə təmin ediləcəyi məsələsini fikirləşirlər. Bağlanması müqabilində Ermənistan həmçinin təzminat istəyir. Bu mənada stansiyanın bağlanmalı olduğunu hamı istəyir və tələb edir.
Azərbaycan, Türkiyə, Avropa da bağlanmalı olduğunu dəfələrlə bəyan ediblər. Əlavə olaraq, ermənilər pul təzminatı da tələb edirlər. Bunu da guya kiminsə xətrinə edirlər, ancaq özləri üçün edirlər. Erməni bicliyini işə salmaqla prosesdən düşmən ölkə külli miqdarda çoxtərəfli xeyir də götürməyə çalışır. Avropa İttifaqı “Metsamor”un bağlanmasında israr edərsə, fikrimcə, bu stansiya nəhayət ki, bağlanacaq”.

Milli Məclisin deputatı Fərəc Quliyevin fikrincə, bir çağırışla Ermənistanı stansiyanın bağlanmasına vadar etmək mümkünsüz görünür. Ona görə də, həmsöhbətimizə görə, bu istiqamətdə Ermənistana təzyiqlər olmalıdır:
“Moldovada keçirilən tədbirdə “Metsamor”la bağlı məsələni qaldıraraq, stansiyanın yararlığı və zərərinin nə qədər olduğunu diqqətə çatdırmışdım. Heç kim gözləmədiyi halda, həmsədrlərdən biri, Almaniya Yaşıllar Partiyasının sədri məni müdafiə etdi. Ermənistan tərəfi çalışdı ki, bunu Dağlıq Qarabağ müharibəsilə əlaqələndirsin və bununla guya Bakının qərəzli olduğu obrazını yaratsın. Ancaq alman tərəfi qətiyyətlə bizi müdafiə edərək bildirdi ki, “Metsamor” AES artıq ciddi təhlükə mənbəyidir.
Hazırkı dönəmdə də həmin məsələnin qaldırılması heç də Azərbaycan Ermənistan münasibətlərilə bağlı deyil. Stansiya bölgə üçün ciddi təhlükə yaradır. İran, Türkiyə, Gürcüstan, Rusiya, Azərbaycan, təbii ki, Ermənistan əhalisi üçün də böyük təhlükə mənbəyidir. “Metsamor” köhnə nəsil stansiyasıdır ki, postsovet məkanında bir neçə belə stansiya qalmaqdadır. Spitakda baş verən zəlzələdən sonra stansiya zərbə alıb. Ermənistanin keçmiş baş naziri bir dəfə bəyanat verərək həyasızcasına bildirdi ki, Dağlıq Qarabağ savaşı aktiv fazaya keçəcəyi təqdirdə İrəvan sözügedən stansiyadan atom silahı kimi istifadə edəcək.
Hazırda Ermənistanın elektrik enerjisinə olan tələbatının 40 faizini məhz bu stansiya verir. Yeni bir stansiyanın tikilməsi və alternative enerjinin əldə olunması üçün Avropa İttifaqı vəsait ayırıb və dəfələrlə təkid edib ki, stansiyanın bağlanması üçün tədbirlər görülsün. Lakin göründüyü kimi, Rusiya buna imkan vermir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, bütün beynəlxalq tədbirlərdə diqqəti bu məsələyə yönəltməliyik ki, stansiya nəhayət, sökülsün. O mənada Azərbaycan tərəfinin məsələni qaldırması bir yana, Avropa təsisatlarının növbəti dəfə məsələni qaldırmasını təqdir edirəm. Amma Ermənistan məsələlərə saymazyana yanaşan bir ölkədir. Bu ölkə sadəcə, Rusiyanın əyaləti, quberniyasıdır. Ona görə də belə qətnamələri də saymır. BMT-nin 4 və Aİ-nin Qarabağla bağlı qətnaməsini saymayan ölkənin bir çağırışla “Metsamor”u bağlayacağının mümkün olacağını düşünmürəm. Ona görə də bu istiqamətdə daha sərt tədbirlərin görülməsi üçün beynəlxalq aləmə çağırışlar etməliyik. Çünki bu məsələ heç də iki ölkə arasında yaşanan münasibətlərlə bağlı deyil, bütün bölgəni təhdid edən məsələdir. Stansiyanın bağlanmasına nail olmaq üçün Ermənistana qarşı güc tətbiq olunmalı, sanksiyalar verilməlidir. Belə olarsa, bəlkə Ermənistan təzyiqlər qarşısında geri çəkilər. Ancaq bir çağırışla Ermənistanın geri çəkiləcəyi inandırıcı görünmür”.


Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed