Şrift:
Fərəc Quliyev Milli Məclisdə problemli kreditlər və Qarabağdakı Rusiya bankı ilə bağlı məsələ qaldırdı
01.02.2018 [15:06] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisinin 2018-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev problemli kreditlərlə bağlı Milli Məclisdə müzakirələrin aparılmasını təklif etdi və əhaliyə kömək məqsədiylə qanunun qəbul olunmasının vacibliyini bildirdi. Bundan əlavə millət vəkili çıxışında Rusiyaya aid bankın Azərbaycanın işğal altında olan ərazisindəki fəaliyyəti ilə bağlı ciddi ölçü götürülməsini tələb etdi.

F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:


"Hörmətli sədr, hörmətli kolleqalar, mən Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında təkliflərlə tanış oldum və səs verəcəyəm.

Amma kredit götürən əhalinin Milli Məclisdən gözləntiləri var. Kreditlərlə bağlı hökumət üzvləri tərəfindən müxtəlif fikirlər söylənilsə də hələlik real nəticələr yoxdur. Düşünürəm ki, problemli kreditlər məsələlərinə aydınlıq gətirmək üçün Milli Məclis yaz sessiyası dönəmində kreditlərlə bağlı müzakirələr aparmalıdır.
Kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı qanun layihəsi qəbul olunmalı və ya qanunda dəyişikliklər edilməlidir.

Etmiş olduğum Təklifi bir daha təkrar etmək istəyirəm. Əhaliyə kömək məqsədi daşıyan qanun qəbul olunmalı və bu qanunda bir çox məsələlərlə yanaşı, kreditlərin qaytarılması qaydası da nəzərdə tutulsun. Qanunda ödəmələr üçün aşağıdakı ardıcıllıq qəbul olunsun:

1.Əsas borc
2. kredit faizi
3.cərimə və peniyalar
4. borcun qaytarılması xərclərinin ödənməsi

İndiki halda kredit gecikməyə düşəndə ilk növbədə peniya ödənilir, sonra kredit faizi, daha sonra əsas məbləğə görə borc ödənilir. Beləliklə vətəndaş peniya və faiz borcunu ödəyə bilir və daim bankdan asılı durumda olur.
Təklif olunan qayda isə ilk növbədə əsas borcu qaytarmaq imkanı yaradır.
Bu qanunda xarici valyuta ilə ipoteka krediti götürənlərin kreditləri manata keçirilməsi mexanizmi də öz əksini tapa bilər.

İkinci məsələ -Mediada məlumat və fotolar yayıldı ki, işğal olunmuş Ağdərənin Vəngli (hazırda inzibati cəhətdən Kəlbəcər rayonuna aid edilib ) kəndində Rusiyanın “Yunibank”ının filialı açılıbdır.
Bu haqda Rusiya mediasında da xəbərlər verilib.
Erməni jurnalistin Vəng kəndi haqda hazırladığı reportajda yalnız həmin bankın filialının binasının fotosu göstərilib. Hazırda İrəvanda da “Yunibank” fəaliyyət göstərir. Amma bank binasının girişində adının rusca da «ЮНИБАНК» yazılması bankın Rusiyanın eyniadlı bankının filialı olmasını deməyə də əsas verir. Bu çox ciddi məsələdir və hesab edirəm ki, bu məsələ yaz sesiyasında müzakirə olunmalıdır. Belə hal tam təsdiqini taparsa Azərbaycanın VTB-də saxladığı 500 milyon dollarlıq səhmlərini və rus rublu ilə saxlanan valyuta ehtiyatını ya oradan götürmək, ya da başqa bir ölkədə qızıl –valyuta ehtiyatı şəkilində saxlamaq üçün tədbir görməlidır. Onsuz da indiyə qədər verilən təkliflərə rəğmən gözləmə mövqeyi nəticəsində VTB –dəki səhmlərin ucuzlaşması, həm də rublda olan aktivlərin dəyərsizləşməsi baş verib. Üstəlik Rusiyanın Azərbaycanın işğal olunmuş ərazisində bank açması bizə bu istiqamətdə təcili tədbirlər görməyə əsas verir.
Diqqətiniz üçün təşəkkür edirəm."

MDHP Mətbuat Xidməti

Səs yazısı açılmazsa TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed