Şrift:
Azərbaycanın Polşadakı səfirliyi ermənilərin aksiyasını kölgədə qoydu
22.06.2012 [11:50] - Gündəm
Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, bu il iyunun 19-da Polşanın rəsmi orqanları səfirliyə bildiriblər ki, iyunun 20-də saat 13-dən 13:30-dək özlərini heç bir təşkilata aid etməyən 20 nəfər səfirlik binası qarışısında “Tarixi ədalətsizlik” şüarı altında nümayiş keçirmək istəyir. Səfirliyin diqqətinə çatdırılıb ki, Polşanın müvafiq strukturları bu nümayişə razılıq verib.

Səfirliyin məlumatında bildirilir: ”Nümayiş keçirəcək şəxslərin kimliyi, hansı təşkilata mənsubluğu və hansı tarixi ədalətsizlikdən danışmaq fikrində olduqları səfirliyə məlum deyildi. Lakin zəmanəmizin ən aktual ədalətsizliyinin - Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt olunması və Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən lazımınca dəyərləndirilməməsi səbəbindən səfirlik məhz bu mövzularda müvafiq hazırlıq işləri aparıb”.

Məlumatda deyilir ki, adətən səfirlik ildə bir dəfə Xocalı soyqırımı ilə bağlı tədbir təşkil edir:”Lakin çağırılmamış qonaqların gəlməyi bu tədbirin artıq 3-cü dəfə keçirilməsinə və polyak ictimaiyyətinə bu tarixi ədalətsizliklər haqqında bir daha məlumat çatdırmağa əsas yaradıb”.

”Çağırılmamış qonaqların” isə ermənilər olduğu aydınlaşıb. İyunun 20-də 10-12 nəfər erməni səfirliyin qarşısında nümayiş keçirməyə cəhd edib. Onlar səfirliyin binasına yaxınlaşanda Ermənistanın təcavüzünü, Xocalı soyqırımını əks etdirən fotoşəkillərin hasardan asıldığını görüblər.

Səfirlik hesab edir ki, iki şüar, bir rupor, iki-üç ədəd Ermənistan bayrağı və bir fotokamera ilə binanın qarşısına gələn ermənilərin əsas məqsədi şüarları çəkib erməni mətbuatında yaymaq olub: ”Onlar özləri də düşünmürdülər ki, biz onların şüarlarını yaya bilərik. Nümayiş iştirakçıları əllərində “Şaumyan Artsaxın bir hissəsidir”, “Azərbaycanlılar tərəfindən işğal olunmuş Şaumyanın artsaxlılara qaytarılmasını tələb edirik” şüarları ilə gəlmişdilər.

Bunun müqabilində isə səfirlik onları yenə də geniş miqyaslı sərgi ilə və daha kəskin şüarlarla - “Şaumyan terroristdir, qatildir, cəlladdır”, “Bütöv Qarabağ Azərbaycanındır” və 20 iyun tarixinin Beynəlxalq Qaçqınlar Günü olduğunu nəzərə alaraq “Ermənistan aqressiyasının nəticəsi – 1 milyon Azərbaycan qaçqını” şüarları ilə çıxıb.

Məlum olduğu kimi bu ilin fevralında səfirlik qarşısında çağırılmamış qonaqların nümayiş keçirmələrinə Müslüm Maqomayevin ifasında səslənən “Azərbaycan” mahnısı mane olmuşdu. Bu dəfə isə Azərbaycan musiqisinin rəngarəngliyini çağırılmamış qonaqlara göstərmək məqsədilə Alim Qasımovun rəhbərliyi altında bir sıra müğənni və musiqiçi tərəfindən hazırlanmış “Qarabağ şikəstəsi – Cəngi kompozisiyası” əsasında Azərbaycan muğamları səsləndirildi.

Çağırılmamış qonaqların nə məqsədlə gəldikləri, hansı tarixi ədalətsizlikdən danışdıqlarını səfirlik yenə də eşidə bilmədi. Belə ki, erməni diaspor üzvlərinin nümayişə bu dəfə ruporla gəlmələrinə baxmayaraq, səfirliyin yeni sifariş verdiyi 1000 vatlıq səsgücləndiricilər ruporun səsini keçən dəfə olduğu kimi yenə də batırdı. Qarabağ şikəstəsi və ”Cəngi” sədaları altında çağırılmamış qonaqların dediklərini nəinki səfirlik, hətta onların özləri də eşitmirdilər. Hətta nümayişçilərdən biri polisə yaxınlaşaraq musiqinin necə dayandırılmasını soruşub. Cavabında polis heç bir yardım göstərə bilməyəcəyini söyləyib. Bununla kifayətlənməyən nümayiş iştirakçısı guya daha kəsərli əsas gətirdiyini düşünərək səfirliyin yaxınlığında yerləşən məktəbi bəhanə etməklə musiqinin məktəblilərə mane olduğunu deyib. Polis isə bir daha soyuqqanlıqla yardımçı ola bilməyəcəyini bildirib.

Onu da qeyd etmək istərdik ki, Varşavada futbol üzrə Avropa birinciliyinin keçirilməsini və səfirliyin binasının milli stadiona çox yaxın bir ərazidə yerləşməsini nəzərə alsaq, səfirlik qarşısında keçirilən sərgi nəinki Polşa ictimaiyyəti, həmçinin xarici qonaqlar tərəfindən də müşahidə olunub.

Bundan əlavə Varşavada yaşayan azərbaycanlılar səfirlik tərəfindən polyak dilində nəşr olunan Qarabağ və Xocalı hadisələri ilə bağlı 20 adda müxtəlif açıqca və ədəbiyyatı yayıblar. Nəticə olaraq 500 nüsxədən çox ədəbiyyat Polşa ictimaiyyəti arasında paylanıb”.

Azərbaycanın Polşadakı səfirliyi bildirir ki, ermənilərin “Manifestasiya” adlandırdıqları və 30 dəqiqə müddətinə planlaşdırdıqları tədbir 10 dəqiqə gec başlanıb, bir o qədər də tez qurtarıb.
Bu xəbər oxucular tərəfindən 1195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed