Şrift:
Chatham House: Ermənistan Rusiyaya satılıb
22.06.2012 [11:56] - Xəbərlər
Böyük Britaniyanın məşhur analitik mərkəzi “Chatham House” Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyadakı təsirinin azalması ilə bağlı hesabağ açıqlayıb. Bizimxeber.az-ın “Azatutyun” radiosuna istinadən verdiyi məlumata görə, sənəddə Ermənistana xüsusi yer ayrılıb. Hesabatda deyilir ki, Ermənistan iqtisadi cəhətdən Rusiyaya təslim olub və bu, onun suverenliyi üçün təhdiddir: “Rusiyanın Ermənistandakı təsiri o qədər güclüdür ki, suverenlik üçün təhlükə Ermənistanın narahatlığının bir nömrəli səbəbi olmalıdır.

Lakin Ermənistan narahatlıq nümayiş etdirmir”.Sənəddə qeyd edilir ki, 2003-cü ildə Rusiya Ermənistanın enerji bazarı üzərində total nəzarəti ələ alıb: “1998-2008-ci illərdə prezident olmuş Robert Koçaryan Ermənistanın Rusiyanın Vahid enerji sisteminə, Anatloi Çubaysa, Rksiyanın digər ticari və iqtisadi maraqlarına satıb”.“Chatham House” hesab edir ki, Robert Koçaryanı əvəz edən Serj Sarkisyan Rusiyaya daha az meyl edir. Lakin onun 2008-ci ildə prezident seçilməsinə qədər ölkənin böyük bir hissəsi satılmışdı. Hesabatda Dağlıq Qarabağdan da söhbət açılır. Bildirilir ki, Rusiya Türkiyənin təsirini azaltmaq və ilk müstəqillik illərində Azərbaycanda hökm sürən anti-Rusiyaya meyllərinə müqavimət göstərmək üçün münaqişənin ilk illərində erməniləri dəstəkləyib. Analitikin fikrincə, bu məsələdə digər faktorlar, o cümlədən, Rusiyadakı böyük erməni lobbisi və qədim mədəni əlaqələr də rol oynayıb.

“Chatham House” hesab edir ki, son illər Rusiyanın mövqeyi dəyişib: “Dmitri Medvedev prezidentliyi dövründə sələfləri ilə müqayisədə daha çox vasitəçilik səyləri göstərib. Lakin davam edən gərginlik və qorunan status-kvodan maddi və siyasi fayda götürməyə çalışan qüvvələr var”. Hesabatda bildirilir ki, Rusiya vasitəçilik missiyasına özünün təsir rıçaqlarını qorumaq nöqteyi-nəzərindən baxır. Məsələn, Rusiya münaqişə zonasına beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə qarşı çıxır, bunun əvəzində təmas xəttinə öz qüvvələrini yerləşdirmək istəyir. Lakin “Chatham House” hesab edir ki, rəsmi Bakı bunu qəbul etməyəcək.

“Lakin əsas məsələ ondadır ki, Azərbaycan öz ərazilərini güc yolu ilə qaytarmaq qərarına gəlsə, Rusiya Ermənistana hərbi yardım göstərəcəkmi. Yəqin ki, Azərbaycanı indiyədək çəkindirən bu qeyri-müəyyənlikdir”, – sənəddə bildirilir.Hesabatda deyilir ki, Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatların bərpası Rusiyanın Azərbaycanda və qismən Türkiyədəki təsirini təhlükə altında qoya bilər. Xüsusilə, əgər Ermənistan ona yardım üçün müraciət etsə. “Bu, həm də neft kəmərlərinin təhlükəsizliyinə təsir edəcək. Rusiya enerji təhlükəsizliyi və maliyyə gəlirlərinə böyük əhəmiyyət verir və münaqişə ilə manipulyasiyalardan çəkinməyin tərəfdarıdır” , – “Chatham House”nin hesabatında deyilir.
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed