Şrift:
Azərbaycanın nə hökuməti, nə də parlamenti qoymayacaqdır Dağıstanın hüququ taptalansın – Cümhuriyyət parlamentinin qərarı
07.02.2018 [11:09] - Xəbərlər, Dərbənd
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.

Əvvəlini bu linkdən oxuyun

№ 20

İyirminci iclasın davamı

6 mart 1919-cu il

Rəis - Rica edirəm yerinizdən danışmayasınız. Söz Mehdi bəy Hacıbababəyovundur.

Hacıbababəyov (“Müsavat”) - Mən ərz eləyirəm ki, “Müsavat” fraksiyası da gəlir vergisinin əleyhinə deyil. Amma öz aramızdır, yoldaşlarımız həmişə fəhlələri və füqareyi-kasibələri əllərində bəklə eləyiblər. Hansı füqareyi-kasibə və fəhlədir ki, gedib bahalı restoranlarda içib piyan olsun. İçkinin baha olmasından küçələrdə piyan adamlar azalar. İçkinin bahalanması ziyalılar və varlılar üzərinə gəlir. Burada nə fəhlə, nə kəndçi bir qəpik itirmir. Yolların tarifi haqqında onlar ilə bir növ razı olmaq olardı. Zənnimcə patentlər daha çox artırılmalıdır. Fəqət, müvəqqəti olduğuna görə təklif edirəm bu layihə bu qərar üzrə qəbul edilsin.

Səslər - Müvəqqətimi?

Hacıbababəyov - Bəli müvəqqəti.

Rəis - Söz İbrahim Əbilovundur.

Əbilov - Möhtərəm əfəndilər! Mən əvvəldən bilirdim ki, danışıqlar hamısı məşrubat üstünə gələcəklər. Mən bir içki deyil, tənbəkini də dedim. Biz doğrudur, müsəlmanıq, içmirik. Amma bilməlidir ki, Azərbaycanda yalnız müsəlmanlar deyil, qeyri millətlər də vardır. Qeyri millət demokratiyasının da mənafeyi bizimki kimidir. (Soldan alqış). İçkini kim içmir? Qabaqda mənim yadımdan çıxdı deyim ki, biz məşrubat dükanlarının, ələlxüsus fəhlə rayonlarında, qapanması tərəfdarıyız. Məşrubat məsələsi hal-hazırda soyuzlarda danışılır ki, fəhlələr var-yoxlarını aparıb içkiyə sərf edirlər. Ola bilir ki, fəhlə rayonlarında içki dükanlarının qapanmasını tələb etsinlər. Biz də fəhlə rayonlarında içki dükanlarının qapanması tərəfdarıyız. Dedilər ki, içki içən dövlətlilərdir. Amma qət olundu ki, aksizsiz spirt buraxılmasın. Spirtdən hazırlanan içkilərin ən ucuzu araqdır ki, onu da dövlətlilər deyil füqareyi-kasibə içir. Dövlətlilər isə konyak, romm, şampan və qeyri bahalı içkilər içirlər. Həp bunu dövlətlilər içir. Əsl məsələ camaatın içində işlənən ucuz şeylərdir ki, onların üstünə artırılmamalıdır. Nikolay hökumətinin bir yaxşı işi var idisə də, o da içki dükanlarının bağlanması idi. Hərgah həqiqət siz islamiyyət nəzəri ilə baxır isəniz, onda büsbütün içki dükanlarını bağlayın, oradan hasil olan mədaxil də olmasın. Biz əsasən, bu gizli naloqun ziddinəyiz. Bu naloq həmişə füqarayi-kasibə üzərinə gəlir. Dedilər ki, biz həmişə füqarayi-kasibə tərəfdarıyız. Bəli, əfəndilər. Biz həmişə füqarayı-kasibə tərəfdarıyız. Əgər 10 faiz artırsaq tacir tərəfdarları deyəcəklər ki, bizi soyursunuz. Artırmaq soymaq deyildir. Bu mənfəətlər xəzinəyə getməlidir. Gizli naloqun ağırlığı əksəriyyət ilə füqarayikasibə üzərindədir. Ona görə biz əsasən buna ziddik. Məşrubatın bilküllüyyə mən olunması tərəfdarı olmaqla bərabər fəhlə rayonlarında içki dükanlarının qapanmasını arzu edirik. Gəlir vergisinin tezliklə tətbiq edilməsinə və gizli naloqun artırılmasına tərəfdarız.

Rəis - Söz istəyən yoxdur ki? Söz maliyyə naziri Protasyevindir.

Protasyev (maliyyə naziri) - (rusca).

Rəis - Söz parlament üzvü Malxazovundur.

Malxazov - (rusca).

Rəis - Söz maliyyə nazirinindir.

Protasyev (maliyyə naziri) - (rusca).

Rəis - Bu barədə söz istəyən varmı? Yoxsa söz məruzəçinindir.

Rəfiyev - Maliyyə nazirinin bəyanatını kafi bilib bu barədə danışmayacağam. Lakin bizim demokratiya sizin demokratiya deyil, ucuz alqışlar alan natiqlər haqqında deyərdim ki, sizin demokratiya da bizim demokratiya da hamısı tütün və içki işlədir. Deyirlər ki, birinci zəruri şeylərin üstünə naloq gəlmək olmaz. Layihədə əsas içki və tütündən bəhs olunduğuna görə bunları (predmet roskoşi) hesab edib artırmaq olar. Komissiya təklif edir ki, bu layiheyi-qanuniyyə qəbul edilsin.

Rəis - Bu layihəni səsə qoyuram. Hər kəs büdcə və maliyyə komissiyasının məruzəsini təshih ilə bərabər tamamən qəbul edirsə əlini qaldırsın. (Əllər qalxır). Lehinə 32, əleyhinə 10, kim səs verməyib? 2. Deməli, qanun layihəsi əksəriyyət ilə qəbul olunur. Növbədəki məsələyə keçmədən əvvəl söz Rəisi-Vükəla Fətəli Xan Xoyskiyə verilir.

Fətəli Xan Xoyski (Baş nazir) - Möhtərəm məbuslar!

Mən özümü borclu bilirəm son zaman vüqu bulan hadisat haqqında sizə bir qədər məlumat verim. Bir neçə gün bundan qabaq, necə ki, eşitmisiniz, hamımıza yaxın və dost və həmdəm olan Dağıstan cumhuriyyəti üzərinə, Könüllü Ordu qoşunu yürüş edib, yerlərini istila və hökumətinə təklif edir ki, özünü ləğv etsin, Dağıstan qoşunlarını buraxsın, özləri də cəbrən əhalidən əsgər yığmağa başlayırlar. Biz bu sözləri eşidən kimi onların səfirlərindən məlumat istədik; əhvalat nə yolda və hökumət nə fikirdədir. Dün Dağıstan hökuməti səfiri tərəfindən Azərbaycan xariciyyə nəzarətinə bu barədə bir kağız gəlmişdir. Bu kağızdan anlaşılır ki, doğrudan da belə şeylər olmuşdur. Aşkardır ki, bu kağız gələndən sonra bizim hökumət və parlament və bütün Azərbaycan camaatı bir fikirdədir ki, dağıstanlılara belə zülm olan halda biz sakit otura bilməriz. O şeyki əlimizdədir, ediriz, o tədbirlər ki, lazımdır görəcəyiz. İndi hökumət özünü borclu bildi bu xüsusda müttəfiqlər nümayəndəsi General Tomsona Azərbaycan hökumətinin nöqteyinəzərini bildirsin. Hökumətimizin protestosunu elan olmaq üzrə bu gün Tomsona bu məzmunda bir kağız yazdım.

Hökumət özünü borclu bildi bu xüsusda sizə məlumat versin. Biz var qüvvəmizlə Şimali Qafqaziya hökumətinə kömək etməliyiz, siz bilirsiniz ki, Könüllü Ordunun əsl siması indi açılır. Əvvəlcə onların hərəkəti bir balaca Gürcüstanda oldu. Azərbaycan dairəsindən biz onları çıxarmışıq; şimali Qafqaziyada olan Könüllü Ordunun fikri yalnız bolşeviklərlə mübarizə deyil. Onların mübarizəsi cəmi xırda millətlər ilədir; və istəyirlər ki, xırda millətlərin ixtiyarını yox edib taptalasınlar. Bu barədə bir millət o birinin ixtiyarının əlindən alınmasına aşkardır ki, bitərəf baxa bilməz, aşkardır ki, Dağıstan hökumətinə dəyən zərbə bizə dəymiş kimidir. Mən bizim hökumət və parlamentimizin Dağıstan hökumətinə kömək edəcəyini onların səfirinə xəbər verdim. Azərbaycanın nə hökuməti, nə də parlamenti qoymayacaqdır onların hüququ taptalansın, var qüvvəmizlə onlara kömək edəcəyiz. (Gurultulu alqış).

(Məbuslar ayağa qalxaraq Dağıstan səfiri lojasına təvəcöhən şiddətli bir surətdə səfiri alqışlayırlar. Səfir əfəndi ayağa qalxır, alqış daha da şiddətlənir; səfir baş əyərək təşəkkür edir. Yenə gurultu qopur).

Məmməd Əmin Rəsulzadə (“Müsavat”) - Həzarat! Denikin ordusunun qara təhlükəsi qarşısında ilk zərbəyi yeməkdə olan Şimali Qafqaziyalı qardaşlarımız ilə daima bərabər olaraq hüquq və istiqlalımızı müdafiə edəcəyimizi burada yüksək səslə bütün aləmə söyləməyə ehtiyac belə yoxdur. Çünki bu o qədər aydın və aşkar məsələdir ki, Azərbaycan Məclisi-Məbusanının, bu böyük Məclisin, hökumətin düşündüyündən başqa cür düşündüyünü təsəvvür etmək mümkün deyildir. Bütün Məclisi-Məbusan fraksiyaları bu kürsüdən, Şimaldan gələcək bir qorxu qarşısına ciddiyyətlə çıxaraq müqabilədə bulunacaqlarını öz bəyannamələrində söyləmişlərdi. Zatən qara bir qüvvənin gələcəyini biz həmişə mümkünatdan ədd edirdik. O qüvvə də mütləqa Şimaldan gələcək idi. Bu təhlükəyə qarşı hökumətimizin gördüyü tədbirlər və dağıstanlı qardaşlarımıza yar və müin olmaq təşəbbüsü firqələrin bəyannamələrində göstərilmiş və bəyannamələrin əsasını təşkil etmişdir. Biz bilirdik ki, düşmən ordusu “qəlyanaltı”sını Dağıstanda eləsə, “naharını” Bakıda yeyəcəkdir. Ona görə bütün millət və məclis bir tək vahid kimi var qüvvəsi ilə çalışıb, bu qara qüvvə qarşısında dayanmalıdır. Və dağıstanlı qardaşlarımıza deməliyiz ki, buraxmayın o qara qüvvəyi; qoymuyun o istibdadı gəlsin; müharibə edin. Biz də sizinlə varıq. Onlar nə simaya girəcəklər. Biz öz hüquq və istiqlalımızı müdafiə edəcəyiz. Biz əvvəldən bilirdik ki, təhlükələr gələcəklərdir. Və bu təhlükə Şimaldan gələcəkdir. İşdə o təhlükə gəlir. Bu qüvvə əsl simasını açmayırsa da, lakin Soçi tərəfindən Gürcüstana, bu tərəfdən də Şimali Qafqaziyaya hücum edib oradan da bizi boğmağa gəlmək istəyənlərin və daxildə də binamızın altına bomba qoyub partlatmaq isəyənlərin kim olduqlarını biz yaxşı tanıyırız. Onlar haman əski çarizmin müəməssili; bu qüvvə əski çarizm qüvvəsidir. Bunlar bu gün bolşeviklərlə mübarizə edirlərsə də məhz millətlərə istiqlal kimi haqq və hüquq vermiş olduqları üçün edirlər. Məzkur qara qüvvənin çıxışı inqilab və hürriyyət əsasları əleyhinədir. Zira onlar: əksinqilab qüvvətləri, artıq məhkum olmaq istəməyən sabiq məhkum millətləri yenidən zənciri-əsarət altına alıb məhkum etmək istəyirlər. Bu bir əksinqilab qüvvəsidir. Qafqaziya cumhuriyyətləri - Azərbaycan da onlar daxilində olaraq - belə əksinqilab qüvvətlərinə tabe olmaq istəməzlər, ona qarşı çıxıb bütün varlıqları ilə mübarizə edər, yaxın gəlməyə qoymaz, deyərlər ki: qəhr olsun üzərimizə gələn qara qüvvət. Yaşasın Dağıstan!

(Şiddətli alqış).

Rəis - Söz Əhməd Pepinovundur.

Əhməd Cövdət (sosialist) - Möhtərəm məbuslar!

Rusiya inqilabının nəticəsi bu idi ki, Rusiya daxilində yaşayan bütün xırda millətlər öz müqəddəratını həll etmək ixtiyarına malik olsunlar. İnqilab vüqu'u ilə çarizm istibdadı kökündən devrildi. Bütün millətlərin ixtiyarat və hüququ özünə verildi. Nəinki rus milləti çarizmin zülmündən qurtardı, hətta bütün millətləri – ki şimdiyə qədər nə olduqlarını bilmirdilər - onları da zülmdən qurtardı. Rus demokratiyası bütün digər millətlər demokratiyası ilə bərabər xırda millətlərin hüquq və ixtiyaratının özünə verilməsinə qol çəkdi. Demokratiya: hər millət öz müqəddəratına hakimdir, dediyi halda guşədə, bucaqda bulunan bəzi əksinqilabçılar ki onlar haqq-hüququ ayaq altına almaq və ixtiyarat və sairəyi tanımamaq istəyirlərdi - həmin bu qara qüvvələr yavaş-yavaş güc tapıb yığılmağa və qeyri xırda qüvvətləri güc ilə özlərinə tabe qılaraq çarizm əsasını möhkəmləndirməyə başladılar. O cümlədən kolçaklar, deninkinlər və qeyrilərinin idarələri altında bu qara qüvvələr azad xırda millətlərin üzərinə yürüyərək, onlara inqilabın bəxş etdiyi hüququ təkrar ğəsbə başladılar. Xüsusən o tərəflərdə ki, qüvvətlər xırda-xırda; biri-birindən ayrı və gücsüzdürlər və bugünkü gündə Rusiyadan gücsüz görünürlər. Rusiyada qüvvə çox olduğu üçün bu könüllülər öz dişlərini orada sınaya bilməyib üzlərini Qafqaziyada Dağıstana, Azərbaycana və qeyri xırda millətlərə çevirirlər. Buralara hakim olaraq öz qüvvələrini artırmaq istəyirlər. Rusiya demokratiyası ilə çarpışmaq üçün onlar, müsaid bir zəmin olmaq üzrə Bakını intixab etmişlərdir. Onlar nə qədər şimdiki halda Gürcüstana və Şimali Qafqaziyaya hücum, hədə gəlməkdə isələr də, əsl məqsədləri Bakıdır. Bu qara qüvvə ilə çarpışmaq yalnız Dağıstan ya Gürcüstanın vəzifəsi deyildir. Qafqaziyada yaşayan müstəqil millətlərin hamısının vəzifəsidir. Çünki bu gün Dağıstan hüduduna gələn, yarın Bakıya gələcək və Bakıya gələn qüvvə yaxın zamanda Tiflisi də istila etmək istəyəcəkdir. Binaən-ileyh bu təhlükə ümum Qafqaziya təhlükəsi və millətlərin haqq və hürriyyətini təhtit edən bir təhlükədir ki, bunun qabağını bütün Qafqaziya millətləri və camaatı bir vücud kimi ittihad etməklə saxlamalıdırlar. Bu barədə hökumətin verdiyi notaya bütün varlığımız ilə tərəfdarız. Ancaq bunlara qarşı yalnız nota ilə çıxmaq kifayət etməz. Bu qara qüvvələr ilə mübarizə məsələsi təkrar edirəm, yalnız inquş, avarların öhtəsinə buraxılmayaraq, böylə mühüm bir vəzifə qarşısında qətiyyən Zaqafqaziya millətlərini birləşərək əl birliyi ilə və ciddiyyətlə çarpışması lazımdır. Bu məsələ üçün də biz öz tərəfimizdən Azərbaycana və Gürcüstana təklif ediriz qəti və şiddətli tədbirlər görməyə əcələ etsinlər. (Bir səs: Ermənistana da). Bir də General Prejevalski öz otryadı ilə mühitimizdən çəkilib getdiyi halda, yenə o qara qüvvədən məmləkətimizdə bir çoxları mövcuddur. O cümlədən, onların nümayəndəsi (Erdeli) və sairədir ki, əlan buradadırlar. Onların barəsində hökumətimiz qəti tədbirlər görüb həbs etməlidir. (Ümumi alqış). O fikirli adamlar daha da varsa, gərək onlar da məmləkətimizdən çıxarıldılsınlar. Bir də məlumunuzdur ki, qəzetələrin yazdığına görə Dağıstanda bəzi köhnə çinovniklər Denikinə lazım olan məlumatı verib onun Dağıstana gəlməsinə müavinət göstərmişlərdir. O çinovniklərin misalı bizim paytaxtımızda da var. Ona görə elə çinovniklərin buradan rədd edilmələri lazımdır. (Alqış). Bu kimi adamlar Gürcüstanda da mövcud idilər. Amma gürcülər belə həriflərə qarşı bizdən daha qəti və şiddətli tədbirlər görərək onları öz aralarından rədd etmişlərdir. (Səslər: Doğrudur). Bizim də o surətlə hərəkət etməyimiz lazımdır.

Bundan başqa bu qara qüvvələrə kömək edən dəxi vardır. O, özüözlüyündən gələn qüvvə deyildir. Xaricdən onlara qəti surətdə kömək verirlər. Bu da müttəfiqlər komandanlığı özüdür: o kömək verir; qüvvə də hərəkət edir. Müttəfiqlər müharibədən qabaq və müharibə əsnasında deyirdilər ki, bu ümumi müharibə azadlıq müharibəsi və xırda millətlərin ixtiyaratı üçündür. Böylə söylənildiyi halda xırda millətlərin haqq və ixtiyarını qəsb edən həmin qara qüvvələrə kömək edən yenə müttəfiqlər komandanlığıdır. Əgər müttəfiqlərin köməyi olmasa o qüvvə cəsarət edib üstümüzə gəlməz. Hal-hazırda haman qara qüvvə bütün varlığı ilə xırda millətlərin ixtiyarını qəsbə qalxışmışdır. Biz müttəfiqlər komandanlığından qəti surətdə tələb etməliyiz ki, siz onlara kömək edirsiniz. Binaən-ileyh onların bu hərəkətlərində siz məsulsunuz, əgər siz həqiqətən xırda millətlərin ixtiyaratı tərəfdarı isəniz bu gün hüququ qəsb edilən millətlərə kömək ediniz və qara qüvvəyə əmr veriniz buradan rədd olsunlar yoxsa bu gün Dağıstanı çeynəyən qüvvə yarın sırası ilə Azərbaycanı və Gürcüstanı da çeynəyəcəkdir. Əmin olunuz ki, təcavüz əsl müttəfiqlərdəndir.

Rəis - Söz doktor Qarabəyovundur.

Qarabəyov (“İttihad”) - Həzərat! Üç ay bundan əvvəl həmin bu mənbələrdən bütün firqələrin dedikləri bu idi ki, Azərbaycan və bütün Qafqaziya millətləri istiqlalını son qətrə qanımıza qədər müdafiə edəcəyik. Dağıstan hökuməti də Qafqaziyada təşkil etmiş müstəqil dövlətlərin biridir. Şimdi görünüz o adamlar ki, özlərinə Rusiyanın sahibi deyirlər Dağıstanın bu hürriyyətini dağıtmaq istəyirlər və Dağıstan bu yolda yalnız qalmışdır. Vəhal anki yayda bizim üzərimizə düşmən gələndə, dağıstanlılar çaxmaqlı tüfəng ilə bizim köməyimizə gəldilər. Bu qardaşlıq hissi bizi vadar edir əlimizdə silah onların köməyinə gedək. Onların müharibəsi bizim müharibəmizdir. Biz burada söz ilə deyil, felən onların müharibəsinə şərik olmalıyıq. Onlar Qafqaziyanın müqəddimə elçisidirlər. Onların qələbəsi bizim qələbəmizdir. Ona görə hökumətin ittixaz etdiyi tədbirləri alqışlarız və daha şiddətli tədbirlər ittixazını firqəmiz tərəfindən təklif edəriz. (Sağdan alqış).

Rəis - Söz doktor Bəhram bəy Axundovundur.

Bəhram bəy Axundov (bitərəf) - Möhtərəm məbuslar! Qabaqkı natiqlərin dediklərini eşitdiniz, ələlxüsus Əhməd bəy Pepinovun. Mən də bunların dediklərinə şərik olmaqla bərabər, Könüllü Ordu haqqında bir neçə söz demək istərdim. Denikin ətrafına toplananlar kimlərdir? Lyaxov kimdir? Lyaxov haman adamdır ki, neçə il bundan əvvəl İran inqilabı əleyhinə qalxıb İran demokratiyasını əzdi. Böyük alimlərdən Müctəhid (Məlikül Mütəkəllimini) asdırdı. İndi Lyaxov kimi generallar Denikin ətrafına yığılmışlardır. Həmin Lyaxov əvvəl fikrində tutub ki, Bakıya gəlib bizim demokratiya və hürriyətpərvər ülamalarımızı parçalasın. Ona görə mən bitərəflər namından keçən natiqlərin dediklərini müdafiə edərək təklif edirəm ki, bizə yaxın olan Dağıstan hökumətinə axır qanımıza qədər kömək edib canımızı da onlara fəda edək. (Alqış).

Rəis - Söz parlament üzvü Yusif Əhmədovundur.

Yusif Əhmədov (tacirlər nümayəndəsi) - Möhtərəm məbuslar! Məncə belə məsələlər ki, indi eşitdiniz, həmişə inqilabdan sonra olar. İnqilab elə bir şeydir ki, ondan sonra belə çıxışlar təbiidir. Bir məmləkətdə ki, inqilab oldu, orda yaşayan cəmi camaat bir rəydə ola bilməz. Onun ən şədidi olduğu kimi, ən rəhimlisi də olar. Bunun bir çarəsi var. Olmasın Denikin, Lyaxov, olsun İvanov və qeyrə. Hər kim olsa təfavüt eləməz. O qara qüvvələr Bakıda, Gəncədə, Şamaxıda hər yerdə hətta Avropada da var. Lakin avropalılar dəqiqdirlər. Hər bir qorxunu vüquuidan qabaq bilib çarəsini edirlər. Nümunə istəsəniz, üç gün bundan qabaq şəhərimizdə olan hadisəni göstərmək olar. Bu qüvvələr yox deyil; vardırlar. Onlar öz başlarına getmədilər. Qara qüvvələr var. Şimdi düşünülməlidir, nə yapmaq ki, bu şeylər qorxusuz, qan tökülməksiz bərtərəf olsun, nə təhər etmək ki, qan tökülmədən işlər yaxşılaşsın? Necə ki, müttəfiqlər hal-hazırda cəmi Avropaya hakimdirlər və haqları da varmış, görünür ki, bu qüvvə ittihaddan hasil olmuşdur. Deməli, müttəfiq yığıncaq qüvvə lazımdır. Elə ittifaq qarşısında əmin olunuz ki, qara qüvvələr bərtərəf olar. Bu saat qara bəlanın dəfi üçün bütün Qafqaziya millətləri bilafərq: erməni, gürcü, azəri türklər və sairələri lazımdır ittifaq etsinlər. Əminəm və cani dildən əqidəm budur ki, nə qədər Qafqaziyadakı cumhuriyyətlər bir olmasalar, nifaqları olsa; bu qara qüvvələrin təcavüzü olacaqdır. Əvvəl, evin içini düzəltmək lazımdır. Əgər bu olmasa. Qafqaziya millətləri arasında rəqabət var, o qara qüvvə daha da güclənib gələcəkdir. Denikin qorxulu deyildir. Hətta bir məmləkət üçün beş məmləkətə də qorxulu olmaz, əgər o məmləkət içində birlik ola. Yeganə bir çarə varsa o da bizim ittifaqımızdır. Doğrudan da bu bəlalar nə səbəbdəndir? Bizim biri-birimizlə anlaşa bilmədiyimizdir. Bu mülahizələr ilə dörd müstəqil hökumət yaxınlaşsın, hərgah Denikin bu dörd hökumətin birləşdiyini görsə cürət edib gəlməz. Deyər ki, şimdi onlara güc çatmaz; getmək nahaqdır. Hal-hazırda bizim özümüzdə də hakim qüvvə var. Onlar ilə bir yerdə iş görməliyik. Necəki şimdiyə qədər müraciət edirdik, şimdi də deməliyiz ki, bu vaxtadək nə olmuşsa bizim səhvimizdən idi. Bundan sonra hər nə olsa sizin öhdənizdədir. O Şimali Qafqaziya camaatı ki, Denikin qüvvəsini öz torpağına buraxıb, elə güman ediblər ki, qabaqca onlara verilən söz doğrudur. Onlar Şimali Qafqaziyaya müraciət etdikdə qüvvələri yox idi, varsa da az və əhəmiyyətsiz idi. Fəqət belə intriqalar, vədlər ilə Dağıstanda özünə bir qədər qüvvə tədarük etdi, indi Dağıstan hökumətini tanımamağa, onların hüququnu ğəsbə çalışırlar. Zatən də böylədir. Bir vaxtda bir hökumət qalib gəlsə əksi vədlərini həqq unudar. Təklif edirəm ki, hazırda o qüvvə ki müttəfiqlərdə var və əvvəlcə də vədləri də vardır. Onlara deyilsin belə xəta parlament olan məmləkətlərdə yürütmək mümkün olmaz. Sizlər razısınızmı ki, millətlər bir-biri ilə vuruşsunlar; siz ki, haman qüvvəyə kömək edirsiniz o qüvvənin millətlərə əziyyət etməsinə və onları qırmasına tərəfdarsınızmı? Hərgah belə yolsuzluqlar ədəb dairəsində bərtərəf edilməsə gərək hər millət özü-özünü saxlasın. Mənim birinci təklifim budur ki, Qafqaziya cumhuriyyətləri birləşsinlər; ikinci təklifim budur ki, müttəfiqlərə məlum edilsin ki, Şimali Qafqaziya cumhuriyyətinə edilən hücumun qabağını saxlasınlar. Hərgah saxlamasa biz özümüz öz istiqlalımızın bəqası üçün o hücumun qabağını saxlamaq məqsədi ilə Şimali Qafqaziya cumhuriyyətinə kömək edəcəyiz.

(Alqış. Erməni fraksiyasından: Bravo!).

Rəis - Söz Aslan bəy Qardaşovundur.

Aslan bəy Qardaşov (“Əhrar”) - Bir vilayətə ki, xaricdən qorxu ola, zənn edirəm heç bir firqə olmaz ki, mübarizədən boyun qaçırsın. Məndən qabaqkı natiqlər məsələyi ətraflıca söylədiklərindən çox danışmağı lazım bilmirəm. Natiqlərin sözlərinə və görülən tədbirlərə iştirak etməklə bərabər onu da deyirəm ki, Zaqafqaziya hökumətlərinin birliyi əmələ gəlməsə mübarizə işi çətin olacaqdır.

Ona görə ümidvarız ki, hökumət tərəfindən lazımi tədbir görüləcəkdir. (Alqış).

Rəis - Söz parlament üzvü Malxazovundur.

Malxazov (Erməni fraksiyası) - Rus dilində bir nitq söyləyir.

Rəis - Söz Soltan Məcid Qənizadənindir.

Soltan Məcid Qənizadə (“İttihad”) - Möhtərəm məbuslar! Rəisi - vükəla həzrətlərinin oxuduğu məktubdan hamı firqələr razı qalıb səmimi qəlb ilə iştirak edirlər. Parlament dəxi camaat nümayəndələrindən ibarət olub hamının fikrini təmsil etdiyindən demək bütün millət dağıstanlı qardaşlarımıza kömək etmək istəyir. Çünki onlara vurulan zərbə bizim ciyərimizə və ürəyimizə dəyən kimidir. Onlar ayrı, biz ayrı deyiliz. Xudanəkərdə, Dağıstana bir tələfat olarsa bizə olmuş kimidir. Bir az fasilədə onların başına gələn bizim də başımıza da gələ bilər. Bu Azərbaycan bayrağının bir ucu Dağıstan hökumətinin çiynindədir. Onlar yıxılar isə bizim bayrağımız da yıxılar. Mən deyirəm ki, bu məsələ barəsində çox danışmaq lazım deyildir, tezliklə iş görək. Əhməd Cövdət mərdanəlik ilə dedi ki, əgər müttəfiqlər doğrudan da asayiş üçün gəlmişlər qüvvətlərini götürüb Dağıstanı xilas etsinlər, çünki biz onlara özümüzə baxan kimi baxırız. Əgər Dağıstan fövt olsa, biz də olarız. Mən deyərdim hökumət bir layihə düzəltsin ki, lazım olduğu zaman Denikin və Könüllü Ordu ilə mübarizə üçün silahlanıb dağı aşaq və dağıstanlı qardaşımızın harayına çataq. (Ümumi alqış).

Sədr – “Müsavat” tərəfindən bir təklif varid olmuşdur.

Katib (oxuyur) - Azərbaycan Məclisi-Məbusanı qara irtica qüvvəsinin qardaş Şimali Qafqaziya cumhuriyyətinin hüququna təcavüzünə şiddətlə protesto edərək, bu hüququn müdafiəsi yolunda hökumətin görəcəyi hər növ qəti tədabir və qərarlarını təsvib edər.

Rəis - Təklif qəbul olunar isə keçək növbədəki məsələyə.

Səslər - Tərcümə olunsun.

Katib - (Ruscaya tərcümə edir).

Rəis - Etiraz yoxdursa qəbul olunur.

Soltan Məcid Qənizadə - Buyurunuz.

Qənizadə - Mən deyərdim ki, quru protestdən bir şey çıxmaz. Krılovun basniyasında olan kimi aşbaz nə qədər pişiyə protesto edir, pişik isə əti yeməkdə davam edəcəkdir. Təklif budur ki, silahlanıb qara qüvvələrin qabağına gedək.

Səslər - O hökumətin işidir.

M. Ə. Rəsulzadə - Təklifin formulu yalnız protesto etmir. Protestin ikinci hissəsi hüququnun müdafiəsi üçün hər növ tədabir və qərarlarına tərəfdarız deyiriz. Bundan məqsəd nədir? Zənn edərsəm şayəd hökumət qərar verər isə camaat da bərabər olduğu halda Məclisi-Məbusan üzvləri də daxil və başda olmaq üzrə silahlanıb Dağıstana köməyə gedilsin. Təklifdə qəti tədbir sözü bunu göstərir. Bu xüsusi hökumətin sərəncam və qərarına bağlıdır. (Alqış).

Rəis - Hərgah bu təklif etiraz yox isə qəbul olunur. Deməli müttəhidül-rəy qəbuldur. Təklif var ki, növbədəki məsələ vaxtın gec olduğundan gələcək iclasa buraxılsın. Etiraz yox isə qəbul olunur. İclas qapanır.

İclas saat 4-ə 10 dəqiqə qalmış qapanır.

Davamı var...
Bu xəbər oxucular tərəfindən 11999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed