Şrift:
İranı ağır təzyiqlər gözləyir
23.06.2012 [12:19] - Güney Azərbaycan xəbərləri
Son nüvə müzakirələrinin nəticəsiz bitməsi Tehran rejiminə qarşı əlavə tədbirləri gündəmə gətirib. Moskvada baş tutan Iranla “5+1" (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) danışıqları zamanı nəticə əldə olunmaması beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, tərəflər İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin aradan qaldırılması üçün daha ciddi səylər göstərməlidir. Baş katib müzakirələrin davam etdirilməsinin tərəfdarı olduğunu söyləyib.

Danışıqlara ev sahibliyi edən Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov isə deyib ki, Moskva görüşü İranla “altılıq” ölkələrinin mövqelərini yaxınlaşdırıb. Nazir müavini bununla belə tərəflər arasında ciddi fikir ayrılıqlarının olduğunu da vurğulayıb. Ryabkov İranın nüvə proqramı ətrafında yaranmış problemin diplomatik yolla həlli üçün səylərin davam etdiriləcəyini də əlavə edib.

Moskva müzakirələrinin nəticəsiz sonlanması İran tərəfini də qane etməyib. Rəsmi Tehran danışıqlarda Rusiya və Çinin tutduğu mövqedən narazı qalıb. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Mehdi Sənayinin sözlərinə görə, Rusiya və Çin ölkəsinin mövqeyini yaxşı müdafiə etməyib. O, bir tərəfdən təzyiq siyasəti, digər tərəfdən isə müzakirələr aparılması istənilən nəticəni verməyəcək.

Sənayinin üzv olduğu komissiyanın rəhbəri Əlaəddin Burucerdi isə İran nüvə fəaliyyətindən geri addım atmaq niyyətində olmadığını bildirib. Komissiya sədri deyib ki, müzakirələr İranın nüvə enerjisindən faydalanmaq haqqının tanınması ilə nəticələnməlidir. Müzakirələrin nəticəsiz sona çatması Tehran rejiminə qarşı diplomatik təzyiqlərin gücləndirilməsini gündəmə gətirib. Fransanın xarici işlər naziri Loran Fabius jurnalistlərə açıqlamasında bildirib ki, İran nüvə probleminin danışıqlar yolu ilə həlli istiqamətində addımlar atmasa, daha ağır təzyiqlərlə üz-üzə qalacaq. O, iyulun (July) 1-dən başlayaraq Avropa Birliyinin İrana sanksiyaları (təhrimləri) və təzyiqləri gücləndiriləcəyini söyləyib: “Nüvə danışıqları məğlubiyyətə uğrasa, Tehranı ağır və daha dağıdıcı təzyiqlər gözləyəcək”.
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed