Şrift:
XAN QIZININ XATİRƏ ƏŞYALARI
23.06.2012 [14:36] - Mədəniyyət
Azərbaycan tarixində feodal dövlətlərdən biri olan Qarabağ xanlığının “zərif duyğular incisi” adlandıra biləcəyimiz xanımı Xurşidbanu Natəvanın bu il 180 illiyidir. Azərbaycan ədəbiyyatında görkəmli söz ustası kimi özünəməxsus yeri olan Xan qızı öz dövründə həyata keçirdiyi sosial tədbirlər, himayədarlıq, mesenantlıq kimi işləri ilə el arasında böyük nüfuz qazanmışdı.

Xan qızının şairəliyi, gözəl poeziya nümunələri yaratması, bununla yanaşı camaatın işinə yaraması, 1872-ci ildə öz xərci hesabına Şuşa şəhərinə su kəməri çəkdirməsi indi də xalq tərəfindən rəğbətlə xatırlanır.

Xurşidbanu Natəvan el sənətlərini bilməsi, rəssamlığı, evdarlığı, gözəl əl tikmələri ilə də müasirlərinin diqqətini cəlb etmişdir. Şairənin rəsmlərindən ibarət albom bu günə qədər qorunub saxlanmışdır. Onun gözəl məziyyətlərindən biri də özünün paltar tikməsi olmuşdur. Bunu sübut edən nümunələrdən biri - Xurşidbanunun əl qabiliyyətinin məhsulu olan yaraşıqlı qadın üst köynəyi bu günədək qalmışdır. Köynəyi (vaxtilə) Ağdam şəhərində yaşayan müəllimə Şəhla Cavanşir-Ələkbərova, daha sonralar isə onun bacısı, təqaüdçü Sevil Cavanşir-Novruzova qoruyub saxlamışdır. Sevil xanım onun tarixçəsini belə söyləyir:

- Təxminən XIX əsrin ikinci yarısında Natəvanın əmisi qızı Məşədi Münəvvər xanımın əri Nəcəfqulu bəy (el arasında “Bığlı Nəcəfqulu” deyərmişlər) düşmənləri tərəfindən öldürüləndən sonra Xan qızı qohumlarını öz himayəsinə alır. Münəvvər xanımın dörd uşağından ikisini - oğlanları Qəzənfəri və İbrahimi yanına aparıb oxutdurur. Həmin il Xurşidbanu tikib qurtardığı yaraşıqlı köynəyi Münəvvər xanıma bağışlayır. Natəvanın saxladığı uşaqlardan böyüyü Qəzənfər əvvəl Şuşada, daha sonra isə Rusiyada təhsilini başa vurub qayıtdıqdan sonra Münəvvər xanım oğlunu qardaşı qızı Asya bəyimlə evləndirir və Xan qızının yadigarı kimi üst köynəyini gəlininə bağışlayır.

Asya xanımın böyük qızı Şəhla 1945-ci ildə Ağdamdakı ikiillik pedoqoji institutda təhsil aldığı dövrdə köynəyi anasından nəslin yadigarı kimi qəbul edib, səylə qoruyur. Daha sonralar isə kiçik bacısı Sevilə hədiyyə edir.

Yaxalığı hərləmə milli naxışlarla işlənmiş köynək yaxşı saxlanmışdır. Parçası olduqca zərif və gözəldir. Şahidlərin dediyinə görə, 1950-ci ilə qədər köynəyin sinəsində dörd iri brilyant qaş olub. Xurşidbanunun 1897-ci ildə vəfat etdiyini, onun tərbiyə verib oxutdurduğu Qəzənfər ağanın isə müəllimlik təhsilini 1894-cü ildə bitirdiyini nəzərə alsaq köynəyin təxminən 1885-ci ildə tikildiyini və 125 yaşı olduğunu söyləyə bilərik. Şairənin 180 illik yubileyi ərəfəsində köynək Azərbaycan tarixi muzeyinə hədiyyə edilmişdir.

Sevil xanım anasının söhbətlərini xatırlayaraq söyləyir ki, Xurşidbanunun adi nazik kağızdan tikdiyi paltar o dövrdə öz yaraşıqlığı ilə hamını heyrətdə qoymuşdur. Bundan başqa adi zərif parçadan tikilmiş paltarda papiros külünün yandırdığı yerə şairə elə yamaq vurmuşdur ki, bunu heç kim sezməmişdir.

Ailənin səylə qoruyub saxladığı nəsil yadigarlarından biri də təxminən 150 il yaşı olan fərməşdir. Xan qızının adı ilə bağlı olan fərməşin də maraqlı hekayəti var. Xurşidbanu əmisi nəvəsi Qəzənfər ağanı oxumağa göndərəndə (təxminən 1885-ci ildə) yorğan-döşəyini yığmaq üçün ona bir fərməş hədiyyə edir. Lakin o, fərməşi kimdənsə almır, sadəcə öz evlərində olan fərməşlərdən birini Qəzənfər ağaya verir.

Qarabağın Ağdam bölgəsində maarifçiliyin inkişafından yazan müəlliflər Qəzənfər ağanın Qori seminariyasında təhsil alması faktını həmişə qeyd etmişlər. Lakin Azərbaycandan Qori seminariyasında təhsil alanların siyahısında onun adına rast gəlmirik. Üstəlik, Qəzənfər ağanın arvadı (həm də dayısı qızı) Asya bəyim onun haqqında danışanda həmişə Peterburqda təhsil aldığını deyərdi. Buna görə də tam əminliklə deyə bilərik ki, Qəzənfər ağa pedaqoqluq təhsilini Rusiyada, ya Peterburqda, ya da Mahaçqalada almışdır. Təsadüfi deyildir ki, o, müəllimlik fəaliyyətinə 1894-cü ildə Dağıstanda, Kizlər şəhərində başlamışdır.

Qəzənfər ağa Cavanşir Xan qızının verdiyi fərməşi həm təhsil illərində, həm də sonralar məişətdə istifadə etmişdir. Ailədə “Natəvanın fərməşi” adlandırılan bu əşyadan ta ötən əsrin 70-ci illərinə qədər istifadə olunmuşdur. Qəzənfər ağanın ortancıl oğlu Nuşirəvan Agdam rayonunda yun tədarükçüsü işlədiyindən hər il yayda işi ilə əlaqədar Kəlbəcər yaylağına getməli olurdu. Yaylağa o, öz ailəsi ilə yanaşı yaxın qohumlarını da aparardı. Yaylaq köçündə isə fərməşlər (toxunma sandıq) yük bağlaması kimi əvəzolunmaz əşyadır. Təbii ki, ailədə fərməşlər çox idi və onlar işləndikcə aşınır və yarasız hala düşürdü. Beləcə, keçmişdən qalan bütün fərməşlər sıradan çıxdıqca onların yerini müasir daşıma vasitələri tuturdu. Lakin, Cavanşirlərin xüsusi simalarından biri kimi Xan qızının xatirəsini əziz tutan ailə onun vaxtilə verdiyi hədiyyəni qayğı ilə qoruyub saxlamağa qərar verir. Xurşidbanu Natəvanın xatirəsi hopmuş fərməşin saxlanma estafeti hazırda Sevil xanımın oğlundadır.

Xurşidbanu Natəvana dair belə faktların aşkara çıxması onun hərtərəfli qabiliyyətə malik şəxsiyyət olmasına daha bir sübutdur.
XAN QIZININ XATİRƏ ƏŞYALARI

XAN QIZININ XATİRƏ ƏŞYALARI

XAN QIZININ XATİRƏ ƏŞYALARI

XAN QIZININ XATİRƏ ƏŞYALARI


Novruz İBRAHİMOĞLU
jurnalist
Bu xəbər oxucular tərəfindən 2363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed