Şrift:
Jurnalist Ağası Hun: "Qarabağda "kontuzya" alsam da, mənə veteran vəsiqəsi vermədilər”
23.06.2012 [17:21] - Müsahibə
“Bircə dəfə müraciət etdim, atımı saldılar daşlığa...”

“20 Yanvar hadisələrində məni tutub Krasnodara, ordan da Orenburqa aparmışdılar”

Azərbaycanın tanınmış və fədakar jurnalistlərindən olan Ağası Hun xeyli vaxtdır Vətəndən kənarda – Moldovada yaşayır. Azərbaycan xalq hərəkatının fəallarından olmuş Ağası bəy yaxın tarixin maraqlı məqamları və hazırkı fəaliyyəti haqda danışıb.

- Ağası bəy, sizi yaxşı tanısaq da bir daha oxuculara özünüz haqda bilgi verməyinizi istərdik...

- Haqqımda bəhs etməyi açığı xoşlamıram. Ancaq bəzi məqamları sizlərlə bölüşə bilərəm. Kiçik yaşlarımdan, 14 yaşımda, 8-ci sinifi bitirərək, göz açdığım yurdumdan çıxmış və təhsil almaq üçün Rostov-Don şəhərinə getmişəm. Arzum Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almaq olsa da, nəsib olmadı. Azərbaycana dönüncə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışdım. Ən çox yadımda qalan bir sıra bədii filmlərdə həvəslə oynadığım epizodik rollar olub. Daha sonra Azərbaycan Teleradio Şirkətində çalışdım. Jurnalist fəaliyyətinə əslində 1980-ci illərdə meydana çıxan hadisələrlə başladığımı deyə bilərəm. Fəxr edirəm ki, "Çənlibel" Təşkilatını yaradanlardan və 7 şura üzvündən biri idim. Daha sonralar görkəmli alim-türkoloq Aydın Məmmədovla tanışlığımız daha bir təşkilatın - "Ana Dili" Birliyinin yaradılmasına səbəb oldu. Amalımız yenə də dil və mədəniyyətin öyrənilməsi və təbiliği adı ilə əsas rus əsarəti zamanı əlimizdən alınmış milli kimliyimizə dönüş və turançılıq idi. İndi xatirələrə varsam, bu, çox vaxt alar. Ancaq istər Azərbaycanda, istər Orta Asiya və Tatarıstanda baş verən olaylarda iştirakımız, SSRİ deputatlarının son qurultayının təmsilçilərinə Azərbaycanda baş verən olaylarla ilgili ədəbiyyat paylamağımız, imkan tapdığımız yerlərdə radio, televiziya və qəzetlərdə, o zaman Moskvada tez-tez keçirilən mitinqlərdə Azərbaycan haqqında düzgün informasiyalar vermək kimi də fəaliyyətlərimiz olurdu.

İstər 20 Yanvar olaylarında, istər Qarabağ savaşında, Azərbaycan ictimai həyatında baş verən digər olaylarda yaxından iştirak etmişəm. 20 Yanvar hadisələrində həbs edilərək Krasnodara, oradan da Orenburqa aparılmışam. Qarabağda döyüşlərin içərisində olmuşam. "Kontuzya" almışam. Ancaq Qarabağ müharibəsi iştirakçısı vəsiqəsini mənə vermədilər. Çox ardınca da getmədim. Bir dəfə müraciət etdim, atımı saldılar daşlığa... İndi Vətəndən uzaqda olsam da, yenə orada baş verənləri yaxından izləyirəm, dostlarla əlaqə saxlayıram.

- Moldova cəmiyyəti Azərbaycan haqqında nə dərəcədə məlumatlıdır?

- Burada fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresi kifayət qədər özünə hörmət qazanmiş bir təşkilatdır. Konqresin burada Azərbaycanın bütün bayramlarını keçirmək ənənəsi var. Radio və televiziyalarda Azərbaycan haqqında pozitiv verilişlərin getməsinə çalışılır. Burada yaşayan soydaşlarımızın vəsaiti ilə Kişinyov şəhərinin mərkəzində dahi şairimiz Nizami Gəncəvinin heykəli qoyulub. Moldova Beynəlxalq Universitetində və Komrat Dövlət Universitetində Azərbaycan Tədris Mərkəzi açılıb və fəaliyyət göstərməkdədirlər.

- Özünüz nə işlə məşğulsunuz?

- Burada yaşayan soydaşlarımızın balalarına Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə bazar günləri Kişinyov və Komrat şəhərlərində dilimiz, tariximiz və ənənlərimiz haqqında dərs veririk. Burada çoxdan yaşayan və ana dilini bilməyən soydaşlarımız da az deyil. Komrat Dövlət Universitetindəki Azərbaycan Tədris Mərkəzində ölkəmiz haqqında müəyyən qədər ədəbiyyat var. Vaxtaşırı orada Azərbaycan haqqında filmlər göstərir, tədbirlər keçiririk. Həyat yoldaşım və mən tez-tez yerli televiziya və radioda çıxış edir, Azərbaycan haqqında bilgi veririk. Az öncə bildirdiyim kimi, Azərbaycanla bağlı burada tədbirlər keçiririk və burada yaşayan xalqın Azərbaycan haqqında dolğun və doğru məlumat ala bilmələri üçün əlimizdən gələni edirik.

“Moldovada dilə rus sözləri qatanları efirə buraxmırlar, bizdə isə...”

- Bəs Azərbaycanı necə, izləyirsinizmi?

- Hər kəs vətəndən yaxşı soraqlar eşitmək istəyir. Məsələn, bir şeyi qeyd etmək istəyirəm, Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə imkanı olmayan soydaşlarımızın evlərinə Azərbaycan proqramlarına baxa bilmək üçün peyk antenaları quraşdırdıq, imkanı olanlara da antena qoymağı tövsiyə etdik. Ancaq Azərbaycan televiziya proqramlarının səviyyəsizliyi ucbatından insanlar çox da baxmaq istəmirlər. Nə qədər rus sözləri işlədirlər... Burada Azərbaycan televiziya kanallarından birini yayınlamaq üçün razılaşmaya da gəlmişik. Yerli televiziyalardan birində bizim kanallardan birinin yayınlanması təbii ki, bizim üçün böyük üstünlükdür, ancaq az öncə bildirdiyim kimi, bunun milli dəyərlərə önəm verəcək bir telekanal olması vacibdir. Məsələn, əhalisinin sovet zamanı yarı rusdilli olan Moldovada dil mövzusuna çox həssasdırlar. Buranın telekanallarında aparıcılar dilin təmizliyinə xüsusi önəm verirlər. Dilə rus sözləri qatanları efirə buraxmırlar. Rusca verilişlər varsa - o ayrı. Moldova ziyalıları arasında dilə rus sözləri qatanlar, öz dilinə sayğısız yanaşanlar səviyyəsiz, mədəniyyətsiz sayılır. Azərbaycanda isə hələ də dili zibilləyənlər efirə də çıxırlar. Yəni nəzərə alınmalıdır ki, yurd xaricində yaşayan soydaşlarımız Azərbaycanla nəfəs alır. Sizi inandırıram, əgər Qarabağın azad edilməsi hərəkatı başladılarsa, 1992-ci ildə olduğundan da çox xaricdə yaşayan yurddaşlarımız haqqın zəfər çalması və Qarabağı düşmən tapdağından qurtarmaq üçün savaşa atılarlar./Modern.az/

Jurnalist Ağası Hun: "Qarabağda "kontuzya" alsam da, mənə veteran vəsiqəsi vermədilər”

Jurnalist Ağası Hun: "Qarabağda "kontuzya" alsam da, mənə veteran vəsiqəsi vermədilər”
Bu xəbər oxucular tərəfindən 1605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed