Şrift:
Ermənistan təşviş içində
14.02.2018 [15:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Tarixi Azərbaycan torpaqları ilə bağlı Prezident İlham Əliyevin fikirləri və “Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsi ermənilərdə qorxu və ruh düşkünlüyü yaradıb

Ermənistan mətbuatında son günlər ölkənin qarşılaşdığı durumla bağlı ard-arda müxtəlif sahələrdən bəhs edən yazılar dərc olunur. Bu məqalələrdən ermənilərin heç vaxt olmadığı qədər təşviş keçirməsi açıq şəkildə hiss edilir. Təbii ki, ermənilərin əsas mövzusu prezident İlham Əliyevin YAP-ın VI qurultayında tarixi Azərbaycan torpaqları olan İrəvan, Göyçə və Zəngəzurun unudulmaması istiqamətində işlər görüldüyünü bəyan etməsi olub.

Onlar belə bir bəyanatın səsləndirilməsinin əsas günahkarının Serj Sarkisyan rejimi olduğunu qeyd edirlər. Həmçinin erməni mətbuatı bildirir ki, "Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsindən sonra Ermənistan iqtisadi baxımdan daha ağır duruma düşəcək. Onlar üçün ən qorxulu məqam, tərəfdaş hesab etdikləri İran və Rusiyanın bu layihə nəticəsində Azərbaycanın yanında yer almasıdır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Yeni Azərbaycan Partiyasının VI qurultayında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə edərkən tarixi torpaqlarımızı unutmamağımızı söylədi: "Açıq şəkildə qeyd etdi ki, İrəvan, Zəngəzur, Göyçə əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bizim strateji xəttimiz ondan ibarətdir ki, bu torpaqlara qayıtmalıyıq. Yəni tarixi həqiqət bərpa olunmalıdır. Dağlıq Qarabağ ərazisi, ətrafındakı rayonların hər biri tarixi, əzəli, baxımdan Azərbaycana məxsusdur. Eyni zamanda İrəvan, Göyçə, Zəngəzur mahalları da Azərbaycan torpaqlarıdır. Cənab prezidentin bu tezisi, xüsusilə İrəvana, digər ərazilərə qayıtmağı siyasi və strateji vəzifə kimi qarşıya qoyması və bu istiqamətdə artıq addımların atıldığını müəyyən etməsi günün günorta çağı Ermənistanda şimşək effekti yaradıb. Artıq Ermənistan cəmiyyətində çox ciddi müzakirələr getməkdədir. Onsuz da ermənilərin sabaha inamı yox idi, amma bu gün inamsızlıq daha da artıb. Erməni mətbuatı Azərbaycan prezidentinin belə cəsarətli çıxışının arxasında gücün dayandığını qeyd edir. Çünki ötən müddət ərzində Azərbaycan son dərəcə güclənib, Ermənistan isə daha da zəifləyib. Ona görə də Azərbaycan Ermənistanın bu qədər zəif olmasının fərqində olduğundan, prezident İlham Əliyev çox cəsarətli bəyanatlar verir. Ermənilər onu da qeyd edir ki, dövlət başçısının bu bəyanatları sadəcə söz deyil və bunun arxasında mütləq əməl dayanacaq. İndi bu şəkildə Ermənistanda müzakirələr başlayıb və xof, qorxu hissi yüksək həddə çatıb. Azərbaycan prezidenti niyə bu məsələləri kəskin şəkildə ortaya qoyub? Təbii ki, bunun da cavabını özləri verib. Qeyd edirlər ki, Sarkisyan rejiminin siyasəti ucbatından Ermənistan bu qədər zəifləyib və ona görə də Azərbaycan bu cür qətiyyətli mövqe ortaya qoyur. Nə qədər ki Sarkisyan hakimiyyətdədir, ermənilərin gələcəyi yoxdur və nəinki Dağlıq Qarabağ, ətrafındakı 7 rayon, eyni zamanda İrəvan, Göyçə, Zəngəzurun Azərbaycan ərazisinin olması ehtimalı artacaq. Onlar bunu iddia kimi təqdim edirlər, halbuki bu belə deyil, tarixi faktlar var”.

E.Nəsirov əlavə etdi ki, erməni mətbuatında, həmçinin çox böyük vahimə hissi ilə "Şimal-Cənub” nəqliyyat dəhlizinin açılması perspektivi ilə bağlı mövqelər ifadə olunur: "Ermənistanda çox böyük gərginlik yaşanmaqdadır ki, bu layihənin reallaşması ilə Azərbaycanla İran arasındakı münasibətlər daha da inkişaf edəcək. Həmçinin bu kontekstdə Azərbaycan-İran-Rusiya əlaqələri daha da möhkəmlənəcək. Nəzərə alsaq ki Ermənistan İranı və Rusiyanı özünün yaxın tərəfdaşı hesab edir, bu halda, onun özünə yaxın tərəflərin Azərbaycanın yanında yer alması imkanları genişlənir. Eyni zamanda onu da yazırlar ki, bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin görüşü keçiriləcək və bu dəhlizin reallaşması məsələlərini əhatə edəcək. Qısaca desək, Ermənistanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər neft, qaz və dəmiryolu layihələrindən, indi də "Şimal-Cənub” dəhlizindən kənarda qalması o deməkdir ki, bu ölkə boğulmaq vəziyyətindədir. Bu da onun işğalçılıq siyasətinin acı nəticəsidir. Ermənistan rəhbərliyinin ağlı olarsa, nə qədər gec deyil, işğal altındakı torpaqlarımızı geri qaytarar. Belə olan halda, yeni situasiya yaranar və Ermənistanın gələcəyi ilə bağlı müsbət bir fikir söyləmək olar”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, Azərbaycan artıq öz hüquqlarından çıxış edir: "Yəni ötən əsrin əvvəllərində Azərbaycan imperiyanın basqısı ilə tamamən iradəsinə zidd olan bir vəziyyətlə qarşı-qarşıya qalıb. Bu səbəbdən torpaqlarımızı itirmişik və Qərbi Azərbaycanda Ermənistan qurulubdur. Bununla kifayətlənməyən ermənilər sonrakı dönəmdə Azərbaycanın digər ərazilərini də işğal ediblər və ikinci qondarma erməni dövlətini qurmaq iddiasındadırlar. Dəfələrlə dövlət başçısı bildirib ki, işğal edilən Azərbaycan torpaqları azad olunmasa, lazımi tədbirlər görüləcək. Prezident İlham Əliyev ədalətsiz status-kvo nəticəsində Azərbaycanın öz tarixi, coğrafi ərazilərində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bəyan edir. Buna görə də çağırış edir ki, işğal etdiyiniz torpaqları tərk eləməlisiniz, əks təqdirdə, biz İrəvanın taleyinə yenidən baxa bilərik. Ermənistan da yaxşı bilir ki, bu məsələnin qaldırılmasında Azərbaycanın haqqı var”.

F.Quliyev qeyd etdi ki, Azərbaycanın iqtisadi inkişafı gələcəkdə Ermənistanın bütün sahələrdə, o cümlədən də hərbi sahədə tənəzzülünə gətirib çıxaracaq: "Əlbəttə, Ermənistan böyük layihələrdə iştirak etmədiyi üçün narahatdır. Onun da bir yolu var - Azərbaycan torpaqlarının işğalına son qoymaq. Bundan sonra belə məsələlər müzakirə oluna bilər. Hesab edirəm ki, erməni cəmiyyətinin, mətbuatının narahatlığına son qoyulmasının yeganə yolu Ermənistanın işğala son qoyduqdan sonra sülhə imza atması və BMT-nin qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır”.

Bəxtiyar MƏMMƏDLİ
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed