Şrift:
İrəvanda Azərbaycan dilində nəşr olunan mətbuatın tarixi – ARAŞDIRMA – III YAZI
15.02.2018 [10:54] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın İrəvanda nəşr olunan mətubatımız haqqında olan yazısını təqdim edirik:

Yazının əvvəlini bu linkdən oxuyun.
Ermənistana rəhbər işə göndərilən köhnə kommunist Əli Tağızadə Bala Əfəndiyevdən sonra 1929-1932-ci illərdə Ermənistan SSR ictimai təminat komissarı, eyni zamanda “Qızıl şəfəq”in redaktoru olmuş, Ermənistan KP MK-nın büro üzvü seçilmiş, 1933-1935-ci illərdə Vedi rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Ermənistanın daşnak rəhbərliyi köhnə bolşevik Əli Tağızadənı ləkələmək üçün bəhanə axtarırdı. Nəhayət, işində “ciddi nöqsan taparaq” Əli Tağızadəni Vedi rayonunun Qaralar kəndinə kitabxana müdiri göndərmişdilər. Təqiblərdən qurtularaq Bakıya qaçmağa müvəffəq olan Əli Tağızadə 1959-1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin sədri seçilmişdir.
1932-1936-cı illərdə Mustafa Hüseynov yenidən “Qızıl şəfəq”in redaktoru təyin olunmuşdur. Türkiyədə doğulan Mustafa Hüseynovu redaksiyada qapıçı vəzifəsinə vaxtilə Türkiyədən gələn bir türk dostunu işə götürdüyü üçün həbs etmiş, ona “Türkiyənin agenti” damğasını vuraraq 1936-cı ildə güllələmişdilər.

1936-cı ilin noyabrından 1937-ci ilin aprelinədək “Qızıl şəfəq”in redaktoru Səfər Alməmmədov olmuşdur. Səfər Alməmmədov bir müddət Ermənistan SSR-in xalq ədliyyə komissarı, sonralar isə Azərbaycanda ədliyyə naziri olmuşdu.

1937-ci il oktyabrın 2-dən etibarən qəzet “Kommunist” adı altında nəşr edilmişdir. Bu arada qəzetin redaktoru Əkbər Rizayev olmuşdur. İrəvanda azərbaycanlı gənclərdən ibarət ilk komsomol özəklərinin yaradılmasında fəal iştirak edən Əkbər Rizayev bir müddət Ermənistan komsomolunun Mərkəzi Komitəsində və sonra isə Ermənistan KP MK-da şöbə müdiri, daha sonra Moskvada “İnostrannaya literatura” nəşriyyatında Türk ədəbiyyatı redaksiyasının müdiri vəzifəsində işləmişdi.

Qəzet 1939-cu il sentyabrın 26-dan 1989-cu ilin sonunda nəşrini dayandıranadək “Sovet Ermənistanı” adı ilə çap olunmuşdur.
Qısa fasilə ilə Cəfər Vəlibəyov təqribən 20 ilə yaxın qəzetin (əvvəlcə “Qızıl şəfəq”in, sonra isə “Sovet Ermənistanı”nın) redaktoru olmuşdur. O, 22 yaşında İrəvan Türk Dram Teatrının direktoru, 25 yaşında Basarkeçər rayon Komsomol Komitəsinin katibi, sonra Amasiya rayonunda çıxan “Maldarlıq cəbhəsində” qəzetinin redaktoru, daha sonra Amasiya rayon Partiya Komitəsinin katibi vəzifələrində işləmişdi. 1938-ci ildən 1947-ci ilədək Cəfər Vəlibəyov “Sovet Ermənistanı” qəzetinin redaktoru, 1947-1949-cu illərdə isə Qarabağlar rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. 1949-cu ildə Cəfər Vəlibəyov yenidən “Sovet Ermənistanı”nın redaktoru təyin edilmiş, 1961-ci ilədək redaksiya kollektivinə rəhbərlik etmişdi.

Rza Vəlibəyov da iki dəfə “Sovet Ermənistanı”nın redaktoru olmuşdur. O, 1924-1928-ci illərdə Zaqafqaziya Kommunist Universitetində təhsil aldıqdan sonra Basarkeçər rayon Partiya Komitəsinin katibi, sonra isə qısa müddətdə “Qızıl Şəfəq”in redaktoru işləmişdir. Rza Vəlibəyov Ermənistan KP MK-da şöbə müdiri, Ermənistan SSR xalq ədliyyə komissarı, Xalq Komissarları Soveti sədrinin müavini vəzifələrində işlədikdən sonra 1947-1949-cu illərdə yenidən “Sovet Ermənistanı” qəzetinin redaktoru, 1949-1962-ci illərdə isə Ermənistan SSR maarif nazirinin birinci müavini vəzifələrində işləmiş, SSRİ və Ermənistan SSR Ali Sovetinin deputatı olmuşdu. Rza Vəlibəyov yeganə azərbaycanlıdır ki, İrəvanda Fəxri xiyabanda (Panteonda) dəfn olunmuşdur.

1961-1974-cü illərdə “Sovet Ermənistanı” qəzeti əvvəllər Amasiya rayon Partiya Komitəsinin birinci katibi olmuş Həbib Həsənovun redaktorluğu ilə nəşr olunmuşdur. Onun redaktorluğu dövründə qəzetin nüfuzu və tirajı xeyli yüksəlmişdir. Həbib Həsənovun 1997-ci ildə Bakıda nəşr olunmuş “Silinməz adlar, sağalmaz yaralar” adlı kitabında hazırda Ermənistan Respublikası adlandırılan qədim Oğuz yurdunda – Qərbi Azərbaycanda son 200 ildən artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyalardan, soyqırımlardan, bəhs edilir.

1974-1981-ci illərdə “Sovet Ermənistanı” qəzetinin redaktoru filologiya elmləri namizədi Məhərrəm Bayramov olmuşdur. O, 1966-1969-cu illərdə “Sovet Ermənistanı” qəzetinin redaktor müavini, 1969-1974-cü illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən “Sovet Ermənistanı”nın redaktoru işləmişdir. Məhərrəm Bayramov qəzetin redaktoru olmaqla yanaşı, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdu.
“Sovet Ermənistanı” qəzetinin redaktoru 1981-1984-cü illərdə Cahangir Əliyev olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra 1956-1962-ci illərdə Amasiya rayonunda çıxan “Kolxozçu tribunası” qəzetinin redaktoru olmuşdu. 1962-1964-cü illərdə Bakı Ali Partiya Məktəbində təhsil aldıqdan sonra rayonlararası “Şirak” qəzetinin redaktor müavini, daha sonralar 1974-1981-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. O, 1982-84-cü illərdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdu. 1984-cü ildə Bakıya köçmək məcburiyyətində qalan Cahangir Əliyev əvvəlcə Azərbaycan KP MK aparatında mətbuat bölməsində işləmiş, 1991-ci ildən ömrünün sonunadək “Xalq qəzeti”ndə redaktor müavini və məsləhətçi vəzifələrində çalışmışdır.

Sovetlər dönəmində bir qayda olaraq Kommunist Partiyasının və hökumətin mətbu orqanlarına abunə yazılışı üçün yerli təşkilatlar qarşısında plan qoyulurdu. Lakin Ermənistanın millətçi rəhbərləri Ermənistan KP MK-nın, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetini abunə yazılması nəzərdə tutulan qəzetlərin siyahısına daxil etmirdilər. Bununla belə, qəzetin oxucularının sayı getdikcə artırdı. 80-ci illərin ortalarında qəzetin tirajı 10 min nüsxəyə çatmışdı.
1985-ci ildən “Sovet Ermənistanı”nın redaktoru Zərbəli Qurbanov olmuşdur. Əvvəllər Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmiş Zərbəli Qurbanovun redaktorluq illəri “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında erməni şovinizminin yenidən baş qaldırması dövrünə təsadüf etmişdir. 1987-ci ilin sonlarından etibarən “Sovet Ermənistanı” qəzetinin redaksiyası öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla yanaşı, həm də bütövlükdə Ermənistan ərazisində insan hüquqları kobudcasına pozulan, təzyiq və təqiblərlə üzləşən, ermənilərin zorakılıqlarına məruz qalan azərbaycanlıların hüquqlarının müdafiəçisi kimi çıxış etmək məcburiyyətində qalmışdı. Qəzetin baş redaktorunun imzası ilə azərbaycanlılara qarşı edilən təzyiqlər və zorakılıqlar barədə Ermənistanın və SSRİ-nin rəhbər orqanlarına müraciətlər edilir, soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün konkret tədbirlərin ələ alınması tələb edilirdi. Lakin “türksüz Ermənistan” siyasətini həyata keçirən Ermənistan rəhbərliyi ciddi tədbirlər görmək əvəzinə, azərbaycanlıların respublika ərazisini tərk etməyə məcbur edən erməni silahlı dəstələrinin hər cür özbaşınalıqlarını ört-basdır edirdi. 1988-ci ilin sonunda “Sovet Ermənistanı” qəzetinin əməkdaşlarının böyük əksəriyyəti Azərbaycana köçmək məcburiyyətində qalmışdı. İrəvandakı Opera teatrının qarşısında keçirilən mitinqlərin birində “Sovet Ermənistani” qəzeti ilə haqq-hesab çəkmək təklif olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə almışdılar. Xüsusi təyinatlı dəstənin mitinqçiləri dağıtması nəticəsində redaksiyanın 20-yə yaxın əməkdaşı girov vəziyyətindən azad olunmuşdular. Bir müddətdən sonra Zərbəli Qurbanov və redaksiyanın bir neçə əməkdaşı həmişəlik olaraq İrəvanı tərk etmək məcburiyyətində qalmışdılar.
Tarix elmləri namizədi İsrafil Məmmədov 1989-cu ildə “Sovet Ermənistanı” qəzetinin sonuncu redaktoru olmuşdur. 1956-cı ildən taleyini “Sovet Ermənistanı” qəzeti ilə bağlayan İsrafil Məmmədov 30 ildən artıq müddətdə şöbə müdiri, məsul katib, redaktor müavini kimi məsul vəzifələrin öhdəsindən bacarıqla gəlmişdi. Zərbəli Qurbanovun İrəvanı tərk etmək məcburiyyətində qalmasından sonra Ermənistan rəhbərliyi “Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirməyi İsrafil Məmmədova həvalə etmişdi. Müxbir, tərcüməçi və korrektor çatışmazlığı, ciddi erməni senzurası şəraitində qəzetin nəşrini davam etdirmək mümkün deyildi. Lakin Ermənistan rəhbərliyi orada yaşayan azərbaycanlıların heç bir problemi olmadığı təəssüratını yaratmaq məqsədilə hər vəchlə çalışırdı ki, “Sovet Ermənistanı” qəzeti nəşrini davam etdirsin. Çünki həmin dövrdə Bakıda ermənilər firavan şəkildə yaşayır və erməni dilində nəşr olunan “Kommunist” qəzeti, “Agitatator” jurnalı, Yazıçılar İttifaqının orqanı olan “Qrakan Adrbecan” (“Ədəbi Azərbaycan”) jurnalı həmişəki qaydada nəşr edilirdi. Lakin əsasən teletayp vasitəsilə alınan rəsmi materialları dərc etməyə gücü çatan “Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirmək mümkün olmadı. 1989-cu ilin sonunda “Sovet Ermənistanı” qəzeti həmişəlik qapadıldı. Girov kimi İrəvanda qalan qəzetin redaktoru İsrafil Məmmədov 1990-cı ilin yanvarında hərbçilərin müşayiəti ilə Azərbaycan sərhədinə çatdırılmışdı.
Azərbaycan mətbuat tarixində silinməz iz qoyan “Sovet Ermənistanı” qəzetində Tofiq Məmmədov, Lətif Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər Əsgərov, Nəcəf Şabanov, Nüsrət Sadıqov, Allahyar Rəhimov, Vidadi Quliyev kimi peşəkar jurnalistlər dəstəsi formalaşmışdı. Tarix elmləri doktoru Sabir Əsədov, filologiya elmləri doktoru, “Respublika” qəzetinin redaktoru Teymur Əhmədov, şair-publisist Hidayət Orucov, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri olmuş Babək Məmmədov, Milli Məclisin üzvü olmuş Eldar Səfərov əvvəllər “Sovet Ermənistanı” qəzetinin əməkdaşı olmuşdular.

“Sovet Ermənistanı” qəzetinin redaktorları bir qayda olaraq Ermənistan SSR Ali Sovetinin deputatı seçilir və Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olurdular. Qəzetin redaktorlarının bioqrafiyasından görünür ki, 1961-ci ildən 1989-cu ilədək bir qayda olaraq “Sovet Ermənistanı” qəzetinin redaktorluğuna bundan əvvəl Amasiya rayon Partiya Komitəsinin birinci katibi olmuş şəxslər təyin edilmişdir. Lakin bu qəzetin redaktorlarından Rza Vəlibəyovdan başqa, heç birinə ömrünün sonunadək Ermənistanda yaşamaq nəsib olmamışdır.
Təəssüf ki, Sovet hakimiyyəti illərində, İrəvan arxivləri azərbaycanlı tədqiqatçıların üzünə qismən açıq olduğu dövrdə İrəvanda Azərbaycan dilində nəşr olunan mətbuatın tarixi kifayət qədər araşdırılmamışdır. Yalnız tədqiqatçı alim İsrafil Məmmədov 1972-ci ilə İrəvanda müdafiə etdiyi “Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyasında çar Rusiyası dövründə – XX əsrin əvvəllərində İrəvanda nəşr olunan “Lək-lək” və “Bürhani-həqiqət” jurnallarını araşdırmışdır. Tədqiqatçı-jurnalist Qəzənfər Qəribov isə 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində “Ermənistanda Azərbaycan dilində dövri mətbuat orqanlarının meydana gəlməsi haqqında” müdafiə etdiyi diplom işində sovet hakimiyyəti illərində İrəvanda Azərbaycan dilində nəşr edilən qəzetlərin tarixçəsini diqqətlə araşdırmışdır.
İrəvan radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında da təcrübəli jurnalistlər və diktorlar çalışırdılar. Hər gün axşam yarım saat efirə buraxılan Azərbaycan dilində verilişdə rəsmi xəbərlərlə yanaşı, müxbirlərin əmək kollektivlərindən hazırladıqları reportajlar, müsahibələr, sonra isə bir qayda olaraq Azərbaycan musiqisindən ibarət lent yazıları səsləndirilirdi. Azərbaycanca verilişlər redaksiyasının ilk rəhbəri “Sovet Ermənistanı” qəzetində işləyən Siddiqə Qədimova olmuşdur. SSRİ Ali Sovetinin deputatı olan Siddiqə Qədimova jurnalistlik fəaliyyəti ilə yanaşı, tərcümə işi ilə də məşğul olurdu. Şair-tərcüməçi Əli Vəkil (Səfiyev) də əmək fəaliyyətinə Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlamışdır. Ali dərəcəli diktor Lətifə Dalqılıcova və Nəcəf Şabanov uzun illər verilişlərin mətnlərini efirdən səsləndirmişdilər. İsmayıl İsmayılov, Dursun Abbasov, Cəlil Hüseynov, Kamil Hüseynov redaktor kimi, Ramiz Məşədiyev təcrübəli radio müxbiri kimi tanınırdılar. 1988-ci ilin dekabrında Azərbaycan dilində verilişlər redaksiyası fəaliyyətini dayandırmalı oldu. Lakin azərbaycanlılar Ermənistanı bir nəfər kimi tərk etdikdən sonra belə, Ermənistan radiosunda Azərbaycan dilində verilişlər erməni diktorlarının səsi ilə siyasi məqsədlər naminə xeyli müddət davam etdirilmişdi.

Azərbaycan mətbuat salnaməsinin ayrılmaz parçası olan İrəvanda nəşr edilən mətbu orqanlarının tarixinin daha dərindən araşdırılması mətbuat tarixinin zənginləşməsinə xidmət edir.

SON.
Bu xəbər oxucular tərəfindən 4047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed