Şrift:
Bakı və Abşeronun hansı çimərliklərində çirklənmə var?
25.06.2012 [12:09] - Sağlıq
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərdə təkrar yoxlamalar aparıb. Mərkəzin sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib ki, çimərliklərdən götürülən dəniz sularının laborator müayinələri aparılıb. Onun sözlərinə görə, dəniz suyunun fiziki, kimyəvi və toksikoloji analizlərinin nəticələri əvvəlki monitorinqin nəticələrlə eyni olub.

Analizlərin nəticələrinə əsasən Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Qaradağ və Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx” çimərliklərində isə bakterioloji çirklənmə var. Bu ərazilərdə böyük həcmlə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır.

Şöbə müdiri analoji yoxlamaların 15 gündən bir olmaqla oktyabr ayının 1-dək davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, son iki ildə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq Səbail rayonunun “Şıx” və Qaradağ rayonun “Sahil” çimərliklərindən istifadə qadağan edilib.
Bu xəbər oxucular tərəfindən 1690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed