Şrift:
Praqada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib
16.02.2018 [10:31] - Diaspor
Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş, Azərbaycan və İsrail müəllifləri Günel Anar qızı, Leyla Cəfərova və Yefim Abramovun “Qara qar çiçəkləri və Qarabağ hekayələri” adlı kitabın təqdimatı keçirilib. Mərasimdə gənc musiqiçi Eva Aşumovanın ifasında piano musiqisinin müşayiəti ilə ilk dəfə çex dilinə tərcümə olunan novelladan parçalar səsləndirilib.

Tədbirdə fəxri qonaq qismində Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev və Lev Spivakın rəhbərliyi ilə İsraildən olan nümayəndə heyəti iştirak edib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək qonaqlara Xocalı soyqırımı haqqında məlumat verib, Xocalı qurbanlarının xatirəsinin bu şəkildə yad edilməsinin əhəmiyyətini vurğulayıb.

Anar Rzayev sözügedən kitab sayəsində çex oxucuların Xocalı soyqırımı haqqında daha geniş məlumat əldə etmək imkanı qazandıqlarını bildirib.

Tədbir ölkəmizin Çexiyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Təşkilatı, “Natəvan” cəmiyyəti və Azərbaycan-İsrail təşkilatı tərəfindən təşkil olunub.

Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin, habelə Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Pərvanə Qarayeva
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed