Şrift:
"Rədd olsun, bizim istiqlalımız əleyhinə olan murdar əllər"- Rəsulzadənin tarixi iclasdakı çıxışı
16.02.2018 [11:52] - Xəbərlər, DAVAMın yazıları
Moderator.az Azərbaycan Cümhuriyyətinin bir neçə aydan sonra keçiriləcək yüzillik yubileyi ilə bağlı silsilə yazılarına davam edir. Bu il həm də parlamentin yaranmasından bir əsr ötəcək. Bu səbəbdən, Cümhuriyyət parlamenti, iclasları, orada baş verən maraqlı hadisələrlə bağlı oxucuları məlumatlandırmaqda fayda görürük.

1919-cu il 28 May... Cümhuriyyət parlamenti sayca 42-ci iclasını keçirir. İclas başdan-başa dövlətin yaranmasının bir illiyinə həsr olunub. Sədri əvəz edən Əhməd Cövdətin təntənəli çıxışından sonra söz ilk olaraq, Rəsulzadəyə verilir:

"Həzərat! Bu gün hər hansı bir natiq böyük və xariqüladə nitqə malik olsa da xalqın, o küçələri doldurmuş olan cəmaətin ruhunun səmimiyyətindən çıxan "Yaşasın Azərbaycan!", "Yaşasın istiqlaliyyət!"dən daha qüvvətli bir söz söyləməz. Bu gün bilməm xalqın duyduğu hissiyyatı, hansı hissiyyatla ifadə etmək olar. Bu həyatı sizə inikas etdirmək üçün Azərbaycan torpağı altında sənələrdən bəri yerləşmiş atəş, o müqəddəs qüvvət fəvəran edərsə, yalnız o qüvvət bu gün millətin qəhrəman ola bilər. Fəqət, bununla bərabər hər birimizin idrakında, qəlblərində hürrüyyət və istiqlaliyyət uğrunda şəhid düşmüş olanların xatirəsi üçün olan böyük minnətdarlıq hissi, o böyük hümmət bununla həmpa ola bilir, onunla rəqabət göstərə bilir. Bu gün Azərbaycan istiqlalı bilxassə onun üçün əzizdir ki, bu istiqlalımıza xaricdən təhlükə var, təhdid var. Millətin ruhundan çıxan bugünkü səmimiyyətlə söylənəni qüvvətlə söyləriz ki, o hər bir atəşdən, hər bir yərəğandan qüvvətlidir. Rədd olsun bizim istiqlalımız əleyhində olan murdar əllər!!!"

Lakin parlament üzvləri yubiley ab-havasında ilişib qalmır, həmin tarixi gündə dı bir çox problemləri dilə gətirirlər. Həmin deputatlar arasında Əsədulla Əsədullazadə də olub:

"Cənab məbuslar! Müxtəsər edəcəyəm, özüm də öz loru dilimizdə danışacağam. Mən elə bilirəm bu kürsüdən deyilən sözlər havada da vardır. Yeddi yaşında uşaqlar da deyir, küçələrdə deyirlər; mən elə bilirəm millət bundan sonra bunları yaddan çıxarmaz. Cəmi tarixlərdə deyilir ölü dirilməz. Biz də çox müsibətlər çəkdik, o çəkdiyimiz müsibətlər, bu küçələrdə gördüklərimiz arvaduşaqlarımızın da yadından çıxmamışdır. Biz bu vaxtadək heç kəslə dava etmək istəməmişik, ancaq arzumuz bu olubdur bizə dəyməsinlər. Hərgah bizim arı yuvamıza çöp soxan olsa idi biz hiylə yapmışdıq. Bizim üçün xoşbaxtlıqdır ki, bu qissələri gördük; camaət bir daha dala qayıtmayacaqdır (alqış). Natiqlərdən birisi deyir, bədbəxtlik hamısı üçün üz verib, biz gərək onları yadımızdan çıxaraq. Amma qoymurlar, keçən ilki mart hadisələri üstümüzə gəlir, yənə bizim istirahətimizi pozacaq, uşaq ki bir kərə xörəklərin dadını bildi, daha sonra süd yeməz. Cəmaət də istiqlaliyyətin dadını bildi, ona bir daha süd yedirtmək olmaz. Mən deyərdim, o adamlar ki, öz millətlərinin xoşbaxt olmağını istəyirlər, bunu bilməlidirlər ki, nə qədərki sənin yoldaşın səndən aşağıdadır, sənin pencərəni sındıracaq; amma mən elə görürəm ki, dünən, srağagün əsgərlərimiz sərhəddə gedərkən birisi bunlara qoşulub evlərinə xəbər göndərmişdir ki, anam məni halal eyləsin, mən gedirəm, halbuki hələ ona get deyən yoxdur. Buna görə müsəlman tayfası, Azərbaycan milləti paxıl dəyildir. Öz qonşularımızın xoşbaxtlıqla yaşamasını istəyirik. Yaşasın Azərbaycan hökuməti və cəmaatımız! Hökumətimiz, cəmaatımızın yığılmasını görüb bilməlidir ki, hər zaman cəmaat onun dalındadır. Yaşasın Azərbaycan hökumətimiz və parlamanımız".

Elmin Nuri
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed